KÖŞƏ

Cavid Əkbərov

Ayıbına kor olmayanlar

11 fevral 2016 15:39
3390

AXC-Müsavat hakimiyyəti - romantik eyforiya hərəkatı dövründə yaranmış vətəndaş müharibəsi həddi, ölkənin parçalanması və müstəqilliyini itirməsi təhlükəsi, dövlət strukturlarının iflici, kriminal strukturların, diletant siyasətbazların birinci şəxs olmaq iddiaları, sərvətlərimizin talanması, bir mərkəzdən idarə olunan ordu əvəzinə ayrı-ayrı adamlara xidmət edən hərbi qurumlar, milli zəmində ixtilafların törədilməsi cəhdləri, sürətli iqtisadi tənəzzül respublikanı çıxılmaz vəziyyətə salmışdı. Adi əxlaqa sığmayan qışqırıqları ilə xalqın adından danışmaqla onu ümidsizliyə, faciəvi sarsıntılara sürükləyən “bəy”lərin ölkəni ağır vəziyyətdən çıxara biləcəyinə inananların sayı yox dərəcəsinə çatmışdı. Fəlakətin gəlişini xarici amillərlə yanaşı, daxili vəziyyət, xüsusən də lidersizlik sürətləndirmişdi. Anarxiya, qanunsuzluq, ümidsizlik, inamsızlıq xaosa keçidin son həddinə çatmışdı. Belə bir məqamda xalq israrla ulu öndər Heydər Əliyevin lider kimi alternativi olmadığını bəyan edərək, onun ölkə rəhbərliyinə gəlişini Azərbaycanın nicatı, xilası hesab etdi. 1993-cü ilin iyunundan Azərbaycanda yeni era başlandı. Ən başlıcası, dövlət müstəqilliyi qorunub saxlanılaraq möhkəmləndirildi, himayədarlı Ermənistan ordusunun təcavüzkar yürüşü dayandırıldı, qeyri-qanuni yolla hakimiyyəti ələ keçirmək cəhdlərinə son qoyuldu, milli birlik, xalqların həmrəyliyi sağlam əsaslara qaytarıldı. Hazırda ölkənin milli və dövlət siyasəti xalqımızın qarşısında xilaskarlıq missiyasını şərəflə yerinə yetirən ulu öndər Heydər Əliyevin müdrik siyasətinin və istedadının üzərində dayanıb. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi - doğma Azərbaycanın hərtərəfli inkişafına yönəldilmiş yeni məzmunlu dövlətçilik siyasəti bundan sonra da davam etdiriləcək.

Yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı 90-cı illərin əvvəllərində ölkədəki vəziyyətlə bağlı danışarkən, AXC-Müsavat iqtidarının kadr siyasətinə toxunub və hakimiyyətin ən yüksək pillələrində vəzifə qamarlamış dağıdıcı ünsürlərin əməllərini sadalayıb və bu dövrü tariximizin qara səhifəsi, həmin dövrün hakimiyyətini xalqımız üçün böyük bəla, biabırçılıq adlandırıb. Azərbaycan Prezidenti konkret sübutlarla AXC-Müsavat hakimiyyətinin eybəcərliklərini xatırladaraq onların bütün bunlardan nəticə çıxarmalı olduqlarını vurğulayıb. Lakin hər zaman olduğu kimi, yenə də dağıdıcı düşərgənin təmsilçiləri bir illik hakimiyyətləri dövründə törətdikləri əməllərə görə xalqdan üzr istəmək əvəzinə günü bu gün də xalqın gözünə kül üfürməyə, müxtəlif əsassız bəhanələrlə özlərinə haqq qazandırmağa mənasız cəhdlər edirlər.

Həmin dövrdə yaradılan problemlər indi hər birimizin yaddaşında acı xatirəyə çevrilib. Təəssüf ki, fşa olunmaqdan zövq alan, hakimiyyətə təsadüfi gəldikləri kimi getmələri də zərurətə çevrilən AXC-Müsavat cütlüyünün “öndə gedənləri”, xüsusilə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı, “Şuşa işğal olunarsa, başına güllə çaxacağını” deyən sabiq müdafiə naziri Rəhim Qazıyev və başqaları xilas ola bilmədikləri vərdişlərdən bu gün də əl çəkmək istəmirlər. Əməllərinə görə xəcalət hissi keçirmək, ən azı siyasi səhnədən “üzüsulu” çəkilmək əvəzinə, hələ də köhnə vərdişlərindən əl çəkmir, riyakar açıqlamaları ilə xalqı çaşdırmağa çalışırlar.