KÖŞƏ

Zahid Rza

Biz Qərbi Azərbaycana da qayıdacağıq…

28 noyabr 2022 23:45
3383

Təcavüzkar Ermənistan ötən əsrin 90-cı illərində milli-mədəni və tarixi irsimizin dağıdılması, bu torpaqlardan Azərbaycan izinin silinməsi üçün ən çirkin üsullardan istifadə edib

XIX yüzilliyin əvvəllərində Rusiya, Türkiyə və İran dövlətləri arasında bağlanan Kürəkçay, Gülüstan, Ədirnə və Türkmənçay müqavilələrindən sonra ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsi nəticəsində Cənubi Qafqaz sanki qan çanağına döndü. Digər yandan, 1800-cü illərdə Osmanlı dövlətinin zəifləməsi də Qafqazın türk-müsəlman xalqlarının taleyində faciəli rol oynadı. 

1828-ci ildə Türkmənçay sülh müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırıldılar. O dövrdən başlayaraq İran və Türkiyədən onminlərlə erməninin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bölgədə əhalinin etnik tərkibi dəyişdirildi. Vandal ermənilərin bölgəyə gəlməsi ilə tarixi torpaqlarımız iğtişaş və münaqişə mərkəzinə çevrildi. Həmin dövrdən başlayaraq insanlığın üz qarası olan ermənilər öz havadarlarının köməyi ilə xalqımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər.

1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində və tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunublar. Azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki türk-müsəlman abidələri, tarixi-memarlıq inciləri erməni vandalizminin qurbanına çevrilib.

1988-1989-cu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyuldu. Məhz bundan sonra Ermənistan parlamentinin qərarları ilə azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirildi, tarixi, maddi-mədəni irs tamamilə silindi və erməniləşdirildi. Vaxtilə azərbaycanlıların yaşadıqları bölgələrdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi, 7 memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən dağıdıldı.

Prezident İlham Əliyev daim vurğulayır ki, bütün   Azərbaycan ərazisində, eləcə də İrəvanda, Zəngəzurda xalqımıza məxsus olan və min illər boyu əcdadlarımızın yaratdıqları mədəni irsə sahib çıxmalıyıq. Ölkə başçısı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı nitqində bildirib ki, Azərbaycanın tarixi və mədəni irsimiz işğal dövründə ermənilər tərəfindən məhv edilib. İşğaldan azad olunmuş ərazilərə səfər edənlər bu vəhşiliyin miqyasını öz gözləri ilə görürlər: “Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib”.

Bəli, zaman-zaman xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirən təcavüzkar Ermənistan ötən əsrin 90-cı illərində milli-mədəni və tarixi irsimizin dağıdılması, bu torpaqlardan Azərbaycan izinin silinməsi üçün ən çirkin vasitələrə əl atıb.

Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edildikdən sonra həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər, tarixi-mədəni abidələrimiz də bərpa olunaraq əvvəlki simasına qaytarılır. İşğaldan azad edilmiş ərazilərdə Heydər Əliyev Fondu da tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə kimi öz dəstəyini göstərir. Azərbaycanın  Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb ediliblər.

Bundan başqa, qonşu dövlətlərdəki olan arxiv sənədlərinin araşdırılması, əzəli torpaqlarımız olan İrəvanda və Zəngəzurda və digər ərazilərdə Azərbaycana aid tarix-mədəniyyət abidələrlə bağlı tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliği istiqmətində vacib addımlar atılır.

Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan dövləti tarixi torpaqlarımızda xalqımızın tarixi-mədəni irsinə qarşı törədilən cinayətlərin Ermənistanın məqsədyönlü dövlət siyasəti olduğunu dünya ictimaiyyətinə hərtərəfli şəkildə çatdırmaq üçün həyata keçirdiyi sistemli tədbirləri bundan sonra da davam etdirəcək.

Bəli, biz Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq. Qərbi Azərbaycan icmasının sədri Əziz Ələkbərlinin mətbuata açıqlamasında deyildiyi kimi, biz 30 il işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur torpaqlarımıza 44 gündə qayıtdıq. Qərbi Azərbaycandakı dədə-baba yurdlarımıza da mütləq qayıdacağıq: “Sonuncu deportasiyadan 34 il keçir. İnsanlarımız yurdlarını bir an belə unutmayıblar, müxtəlif vasitələrlə kəndlərinin, evlərinin videogörüntülərini əldə edirlər. Bu, bir daha sübut edir ki, həmin insanlar onlara qarşı törədilmiş haqsızlığı qətiyyən qəbul etmirlər, etməyəcəklər də. Biz o torpaqlara mütləq qayıdacağıq və dədə-babalarımızın mirası olan o yurd yerlərimizə yenidən sahib çıxacağıq”.