Cavid Əkbərov |
Ermənilər həmin istiqamətdə fəaliyyətlərindən bu gün də əl çəkmirlər
XX əsrin əvvəllərində əzəli Azərbaycan ərazisi olan İrəvan quberniyasında “Erməni vilayəti”nin, sonradan ölkəmizə məxsus digər ərazilər hesabına Ermənistan SSR-in təşkili daşnakların daha da azğınlaşması və monoetnik dövlət yaratmaq iddialarını həyata keçirməsi üçün şərait yaratmış oldu. Yaradılan əlverişli şəraitdən istifadə edən erməni işbazları guya tarix boyu erməni ərazilərində yaşadıqlarını, qədim mədəniyyətə malik xalq olduqlarını sübut etmək, bu yalana bütün dünyanı inandırmaq məqsədilə hər cür saxtakarlıqlara, iyrənc üsul və vasitələrə əl atmağa başladılar. Bu siyasət indi də davam etdirilməkdədir. Bunun üçün onlar zaman-zaman öz xislətlərinə xas olan hiylə və fırıldaqlarla həmin ərazilərdə yaşayan azərbaycanlıların mərhələlərlə öz doğma yurd-yuvalarından zorla qovulmasına, Azərbaycanın yaşayış məntəqələrinin “erməniləşdirilməsinə” nail ola biliblər. Sonradan erməni vandalları həmin ərazilərdəki maddi və mədəniyyət abidələrini dağıdıblar, bir hissəsini başqa dövlətlərə satıblar, qalanlarını isə “erməni abidəsi” kimi sənədləşdiriblər.
Sivil dünyada normal insan əxlaqı min illərin tarixinin, mədəniyyətinin əsrlər keçdikdən sonra yazılmasını, “quraşdırılmasını” qəbul etməsə də, ermənilər həmin istiqamətdə fəaliyyətlərini bu gün də davam etdirməkdən əl çəkmirlər. Xalqımızın yağı düşmənləri Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonları işğal etdikdən sonra ulu babalarımızın bu ərazilərdəki izini itirmək məqsədilə insanlığa sığışmayan vəhşiliklərlə bütün qəbristanlıqları, məscidləri, türbələri, qalaları, ev muzeylərini, qəsrləri, sarayları, ziyarətgahları tamamilə məhv ediblər, alban dövrünə aid məbədlərə erməni kilsəsi statusu veriblər. Onlar muzeylərdə saxlanılan qədim misgərlik məmulatlarını, məişət və zərgərlik əşyalarını, gümüşdən hazırlanmış qadın kəmərlərini, xalçaları, kilimləri, tikmələri, musiqi alətlərini, tanınmış şəxsiyyətlərə məxsus şəxsi əşyaları “erməniləşdirərək” müxtəlif jurnallar, kataloqlar və digər KİV vasitəsilə bütün dünyaya erməni məhsulu kimi təqdim ediblər.
Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlar, peyk çəkilişləri, ATƏT-in vaxtilə işğal altında olan ərazilərimizdəki vəziyyəti araşdıran missiyasının hesabatı və digər mənbələrdən toplanan materiallar da bu ərazilərdə yüzlərlə abidələrin dağıdılmasını təsdiq edir. Belə ki, bədnam ermənilər işğal altında olan Azərbaycan ərazilərində xalqımıza məxsus mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması ilə “Silahlı münaqişələr zamanı mədəni irsin qorunması haqqında” Haaqa Konvensiyasının (1954-cü il), eləcə də UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” (1972-ci il), “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris konvensiyalarının (1990-cı il), “Arxeoloji irsin mühafizəsi haqqında” Avropa Konvensiyasının (1992-ci il) tələblərini pozublar.
Azərbaycanda isə tarix və mədəniyyət abidələrinin sənədləşdirilməsi ilk dəfə 1970-80-ci illərdə aparılıb. Təəssüflər olsun ki, bu proses Dağlıq Qarabağ ərazilərində yerləşən abidələri məhdud formada əhatə edib. Nəticədə həmin əraziləri işğal edən ermənilər orada qalan tarix və mədəniyyət abidələrimizi “erməniləşdirmək” üçün çox yaxşı fürsət əldə ediblər.
Ermənilərin 30 il işğal altında saxladıqları ərazilərimizdə qızıl ehtiyatlarından sonra ən çox talan edilən sərvətlərimizdən biri də meşələrdir. Düşmən Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və digər bölgələrdə qiymətli ağac növlərini kütləvi surətdə qıraraq xarici ölkələrə satıb. Laçın rayonu ərazisindəki Picənis və Hacışamlı meşələrində dünya şöhrətli qırmızı palıdlar kütləvi şəkildə qırılaraq şərab çəlləklərinin hazırlanması üçün Fransaya satılıb. Erməni mətbuatından götürülmüş məlumatlara əsasən, bu talançılığa vaxtilə işğalçı Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serjik Sarkisyan rəhbərlik ediblər.
Belə ki, Azərbaycan vətəndaşlarının milli mənsubiyyətinə görə məhv edilməsi və zorakılığa məruz qalması, mülkiyyət hüququnun pozulması, dinc əhaliyə qarşı qeyri-insani davranış, onlara vurulan maddi və mənəvi ziyan, ümumiləşdirsək, insanlıq əleyhinə bütün cinayət faktlarını özündə əks etdirir. Həmçinin Azərbaycan xalqına məxsus maddi-mənəvi və tarixi abidələrin dağıdılması, bu ərazilərin fauna və florasının qeyri-qanuni istismar etməklə məhv edilməsi, ekoloji terror, maddi sərvətlərimizin talan olunması da təbii ki, beynəlxalq cinayət əməlidir və Ermənistan beynəlxalq məhkəmə qarşısında bu əməllərinə görə cavab verəcək. Bunun üçün ilk növbədə Ermənistan tərəfindən dəymiş ziyanın yerli və beynəlxalq ekspertlər tərəfindən müfəssəl dəyərləndirməsi çox vacibdir.