Cavid Əkbərov |
Rusiyada siyasi ekspertlər və ictimaiyyət nümayəndələri faşist əlaltısı olan Qaregin Njdenin Xocavənd şəhərinin mərkəzindəki abidəsinin götürülməsi ilə bağlı çağırışlar edirlər. Onlar tələb edirlər ki, faşist Njdenin heykəli Xankəndidə keçiriləcək parada qədər sökülüb atılmalıdır. Hətta Moskva vilayətindən olan Müharibə və Əmək Veteranları Şurası Qarabağda nasist Njdeyə ucadılmış abidənin götürülməsi ilə bağlı Rusiya rəhbərliyinə müraciət ünvanlayıb.
İkinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan baş leytenant Toğrul Əhmədov mövzu ilə bağlı qəzetimizə açıqlamasında qeyd etdi ki, Njdenin abidəsinin yalnız Qarabağdan deyil, Yerevandan da götürülməsi vacibdir: “Son günlər Rusiya sülhməramlılarının ermənilərin Azərbaycan ərazilərinə basdırdıqları minaya düşərək ağır yaralanması Rusiya ictimaiyyətində ciddi narazılıq doğurub və antierməni çağırışlarını daha da gücləndirib. Njdenin qondarma abidəsinin tez bir zamanda məhv edilməsi zərurətə çevrilib. Baxmayaraq ki, ermənilər yalandan bir neçə dəfə faşist Njdenin Xocavənddəki utancverici abidəsinin demontaj edildiyini iddia etsələr də, sözügedən abidə yerində qalmaqdadır. Rusiyalı ekspertlər də qeyd edirlər ki, Njdenin heykəli qanunsuz olaraq Azərbaycan ərazisində qoyulub. Rusiya ictimaiyyətinin bu çağırışları hətta sülhməramlıların özlərinə bir mesajdır ki, mayın 9-na planlaşdırılan parad gününə qədər Njdenin abidəsinin sökülməsini həyata keçirsinlər, yaxud ermənilərdən bunu tələb etsinlər. Təbii ki, faşizm üzərində qələbənin ildönümü ərəfəsində faşist əlaltısı olan Njdenin heykəlinin qalması faşizmə qarşı mübarizə aparan yüz minlərlə insanın ruhuna təhqirdir.”
T.Əhmədov qeyd etdi ki, Rusiyada antierməni ovqatının formalaşması və hətta güclənməsi tam olaraq təbii bir haldır: “Çünki ermənilərin, bütövlükdə, fəaliyyəti rus xalqının özünün də əleyhinə yönəlib. Faşizm üzərində qələbənin qazanılmasında heç bir rolu olmayan, Hitlerin tərəfdarı olan, faşizmə xidmət etmiş Njdenin abidəsinin Xocavənddə qalması, bütün mənalarda, faşizm üzərində qazanılan qələbəyə kölgə salır və o abidə götürülməlidir. Bu abidə faşizm üzərində qələbədə payı olan xalqların və respublikaların, o cümlədən də rusların, Rusiyanın qalibiyyət ruhuna ziddir. Ümumiyyətlə, Njdenin abidəsi Ermənistanın və ermənilərin faşist ruhunun göstərəcisidir. Rusiya ictimaiyyəti Ermənistanı və erməniləri birmənalı olaraq dəstəkləmir. Çünki bu ölkədə obyektiv ictimai-siyasi xadimlər, elita təmsilçiləri çoxdur. Onlar ermənilərin və Ermənistanın nə cür məkrli planlara, düşüncələrə malik olduğunu yaxşı bilirlər. Njdenin heykəli faşizm üzərində qələbəyə bir təhqirdir. Abidənin sökülməsi və birdəfəlik Njde mövzusunun gündəmdən çıxarılması vacibdir.”