KÖŞƏ

Cavid Əkbərov

COVID-19: Fəsadları ağır ola bilər

27 noyabr 2020 16:24
2186

Ona görə də xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsi xalqımızın möhtəşəm qələbəsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz döyüş meydanında düşməni ağır məğlubiyyətə uğratdı və tarixi ədalət bərpa olundu. Lakin bu gün bizim daha bir düşmənlə - koronavirus pandemiyası ilə mübarizəmiz hələ də davam edir və təəssüflər olsun ki, bu savaşın statistikası heç də ürəkaçan deyil.

Hazırda bütün dünyanı cənginə almış COVID-19 pandemiyasının ikinci dalğası bəşəriyyəti təhdid etməkdədir. Məlum olduğu kimi, bu ilin əvvəlindən Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin son dərəcə effektivliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmişdi. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan istər iqtisadiyyatı, istərsə də əhalisi pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmış ölkələr sırasında yer alıb. Lakin yoluxma sayında kəskin azalmanın müşahidə olunması ilə əlaqədar ölkədə tətbiq olunmuş sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılması təəssüflər olsun ki, əksər vətəndaşlarımız tərəfindən tamamilə səhv olaraq pandemiyanın bitməsi kimi qəbul edildi. Bu isə öz növbəsində karantin rejiminin sosial məsafə saxlanılması, qoruyucu tibbi maskalardan istifadə və digər bu kimi vacib qaydalara etinasız yanaşma sərgilənməsinə gətirib çıxardı. Əlbəttə ki, bu etinasızlığın acı nəticələri də özünü çox gözlətmədi. Qısa müddət ərzində Azərbaycanda koronavirusa yoluxma hallarının günlük sayı min nəfəri keçdi. Bu gün isə bu statistik göstərici artıq 3000-dən yuxarı ədədlərlə ifadə edilir. Həmçinin koronavirusa yoluxan xəstələr arasında ölüm hallarının da göstəriciləri əvvəlki aylarla müqayisədə xeyli artıb.

Əlbəttə ki, bu, heç də çıxılmaz vəziyyət deyil. Çünki bu gün koronavirusla mübarizədən qalib çıxmaq üçün hər zaman öz xalqının qayğısına qalan Prezidentimiz, onun ətrafında sıx birləşən millətimiz, ən müasir avadanlıq və preparatlarla təchiz olunmuş səhiyyəmiz, fədakar həkimlərimiz var. Bu gün biz sadəcə karantin rejiminin tələblərinə əməl etməklə bu vəziyyəti yenidən öz xeyrimizə dəyişə bilərik. Bizim gücümüz isə yalnız birliyimizdə, həmrəyliyimizdədir!

Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini artırması, bəzi məhdudiyyətləri tətbiq etməsi vaxtında verilmiş qərardır. Bu qərarın tələblərinə uyğun olaraq biz də virusun yayılmasının qarşısını almaq üçün sosial məsuliyyətimizi artırmalı, yoluxma və ölüm sayını maksimum azaltmalıyıq. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır ola bilər. Ona görə də xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. Unutmamalıyıq ki, indiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da arta bilər.

Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmək, məsafə saxlamaq və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir. Hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnəcək. Tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Bu məhdudiyyətlərin tətbiqi yalnız əhalimizi qorumaq üçündür. Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və bu işdə hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur.