Cavid Əkbərov |
Məlum olduğu kimi, pandemiya səbəbindən bir sıra ölkələrdə mərkəzi bankların ehtiyatları azalır. Belə ki, iqtisadi fəallığın aşağı düşməsi səbəbindən mərkəzi banklarda toplanan vəsaitlər zəruri məqsədlərə xərclənir. Çünki mövcud vəziyyət onları bu addımları atmağa məcbur edir. Maraqlıdır ki, son aylar karantin rejimi nisbətən yumşalsa da, iqtisadi fəallıq bir qədər artsa da, bu, dünya ölkələrində mərkəzi bankların valyuta ehtiyatlarının azalmasını dayandıra bilməyib. Ehtiyatlar azalmaqda davam edir.
Ancaq həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda bunun əksi müşahidə edilir. Yəni pandemiyanın istər kəskin olduğu, istərsə də nisbətən yumşaldığı dövrdə ehtiyatlar azalmayıb, artıb və bu proses davam edir. Belə ki, avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 483 milyon 900 min dollar təşkil edib. İyul ayı ilə müqayisədə təkcə avqust ayında ehtiyatlar 15 milyon 200 min dollar artıb. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 225,9 milyon dollar və yaxud 3,6 faiz çox, son 1 ildə isə 479,6 milyon dollar və yaxud da 8 faiz artıb.
Bəs, Azərbaycan pandemiya şəraitində Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına necə nail olub?
Təbii ki, bu, bir sıra amillərlə əlaqədardır. Bunun başlıca səbəbi ondan ibarətdir ki, pandemiya digər ölkələrlə müqayisədə Azərbaycana güclü mənfi təsir göstərə bilməyib. Dövlət səviyyəsində həyata keçirilən qabaqlayıcı tədbirlər, qəbul olunan sosial paketlər ehtiyatlarımızı qorumağa kömək edib. Bununla yanaşı, düzgün idarəçilik, maliyyə rezervlərini qorumaq üçün düşünülmüş siyasətin aparılması buna gətirib çıxarıb. Çünki bu məsələdə hökumətin son dərəcə ehtiyatlı siyasət apardığı müşahidə edilir. Yəni, ehtiyatlardan maksimum qənaətlə istifadə edilir.
Gəlirlərin azaldığı bir vaxtda maliyyə ehtiyatlarının qorunması hər ölkənin hünəri deyil. Görünən odur ki, Azərbaycan düşünülmüş maliyyə idarəçiliyi, ehtiyatlardan səmərəli və qənaətlə istifadə etmək hesabına bunu bacardı. Digər tərəfdən, risklər artdığına görə investorların maliyyə vəsaitlərinə tələbi azalıb. Bu amilin də maliyyə vəsaitlərinin qorunmasında özünəməxsus rolu var. Ehtiyatların artması həm də bununla bağlıdır. Heç şübhəsiz ki, kompleks tədbirlər nəticəsində Mərkəzi Bankın valyuta ehtiyatlarının artması postpandemiya dövründə Azərbaycanın xeyrinə işləyəcək.