KÖŞƏ

Cavid Əkbərov

Sosial xərclərlə bağlı rekord göstərici

13 avqust 2020 18:13
4098

Hazırda dünya koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Hətta ən inkişaf etmiş ölkələr belə bu çətinliklər qarşısında aciz qalıblar. Belə bir gərgin vaxtda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusilə genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər.

Bu il ölkəmizdə sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb. Belə ki, ötən dövr ərzində dövlət başçısı İlham Əliyevin tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirilib. Hazırda 84 min ailənin 350 min üzvü bu yardımla əhatə olunub.

Həmçinin bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1500 mənzil və fərdi ev, 400 avtomobilin verilməsi nəzərdə tutulub. 65 yaşdan yuxarı ahıl şəxslərə sosial xidmətlərin göstərilməsi proqramı 15 min nəfəri əhatə edir. Xüsusi karantin rejimi dövründə 100 mindən çox ailəyə 200 min ərzaq payı təqdim edilib. Ümumilikdə, sosial təminat proqramları 500 mindən çox insanı əhatə edib və bunun üçün 200 milyon manat vəsait yönəldilib. Bununla yanaşı, sosial müdafiə üzrə 2 milyon, əmək münasibətlərinin qorunması üzrə 1 milyon 660 min, işsizlik və karantin dövründə gəlirini itirən aztəminatlılar üzrə 700 mindən artıq vətəndaşa dəstək göstərilib. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri isə təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir.

Bütün bunlar bir daha dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını göstərir. Məsələ ondadır ki, bu istiqamətdə ölkədə sistemli tədbirlər görülüb. Dünyada çox az ölkə pandemiya dövründə belə rekord göstəricilərə imza atıb. Əhalinin say nisbətinə görə regionda və postsovet məkanında bu göstəricilərə sahib ikinci ölkə yoxdur.

Bütün bunlar Azərbaycan dövlətinin əhalinin sosial təminatına verdiyi önəmin göstəricisidir. Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və sosial həyatına mənfi təsirini azaltmaq məqsədilə hökumət tərəfindən sistemli tədbirlər həyata keçirilir. Tədbirlər Planına uyğun olaraq, sosial paketin tam icra edilməsi karantin və pandemiya dövründə vətəndaşların yaşayışına çox ciddi köməkdir. Azərbaycan nadir ölkələrdəndir ki, pandemiyaya rəğmən sosial proqramlar ixtisar olunmayıb. Bunun nəticəsidir ki, Azərbaycan koronavirusla mübarizədə dünyada az sayda nümunəvi ölkələrdən biridir.

Epidemiyanın yaratdığı fəsadlara və çətinliklərə baxmayaraq, ölkədə heç bir sosial layihə ixtisar olunmadı. Sosial təminat istiqamətində tədbirlərin sayı daha da artırıldı. Dövlətin dəstək proqramına uyğun olaraq məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılır. Hökumət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini sabit saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin, işçilərin əməkhaqqının qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirib və hazırda bu iş davam etdirilməkdədir.