KÖŞƏ

Cavid Əkbərov

Karantin rejimi ilə bağlı atılan addımlar reallığa adekvatdır

07 iyul 2020 18:38
8390

İyulun 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.

Prezident cənab İlham Əliyev sözügedən müsahibəsində ölkəmizdə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı geniş danışıb, bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə edib.

Dövlət başçısı koronavirusla mübarizə sahəsində görülən işlərdən danışarkən bildirib ki, biz məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlarımızı vəziyyətə uyğun şəkildə atırıq: “May ayının əvvəlində biz birinci yumşalma addımları atanda mən demişdim ki, xəstəliyin yayılma sürətinin artdığını görsək, yenidən sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərə qayıtmalı olacağıq, belə də oldu. Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır. Bildirməliyəm ki, bir çox ölkələr yenə də karantin rejiminin daha da sərt formasına qayıdırlar.”

Bəli, hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə xəstəliyin yayılmasının qarşısını almaq, bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır. Müşahidələr göstərir ki, karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb. Ümumilikdə, qaydaların sərtləşdirilməsi ilkin dövrlərdə də aparılıb və həmin vaxt müsbət nəticələr əldə edilib. Lakin bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da qaydaların yumşaldılması koronavirusla bağlı statistikanın təhlükəli qrafik üzrə artımına səbəb olub. Yoluxma və ölüm hallarının artımı isə karantin rejiminin yenidən bərpası ilə nəticələnib. Təcrübələrdən də göründüyü kimi, yeni yoluxmaların qarşısını almaq üçün yeganə sınaqdan çıxmış vasitə karantin və məhdudiyyətlərin tətbiq olunmasıdır. Bu mənada, təbii ki, cəmiyyətin xəstəliyə qarşı effektiv mübarizəsi üçün karantin və məhdudiyyətlərə, onun müddətinin davam etməsinə hazır olması lazımdır.

Ölkə başçısı İlham Əliyev müsahibəsində qeyd edib ki, biz pandemiya dövründə adətən karantin rejimini bir, ya iki həftə ərzində elan edirdik: “Vəziyyəti təhlil edərkən, nəzarət mexanizmlərini gücləndirərkən baxırdıq ki, bu sərtləşdirilmiş tədbirlər nəyə gətirib çıxarır. Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik.”

Göründüyü kimi, dövlətimiz? tərəfindən pandemiyaya qarşı mübarizədə mühüm addımlar atılıb və? atılmaqdadır. ?Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən ilk aylardan zəruri qabaqlayıcı tədbirlər görülüb. İlk dövrlərdə aparılan tədbirlər öz müsbət nəticəsini göstərdi. Yoluxma halları kəskin azaldı. Lakin sonrakı dövrlərdə yumşaldılmalardan sui-istifadə edən bəzi adamların məsuliyyətsizliyi vəziyyətin pisləşməsinə səbəb oldu.? Bu səbəbdən də hökumət karantin rejiminin yenidən sərtləşdirilməsi barədə qərar qəbul etdi. Təbii ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün sərt qərarın qəbulu vacib idi.

Hələ də xəstəxanalarımızda yüzlərlə virusa yoluxan vətəndaşlarımız müalicə alırlar. Əgər qəbul olunan qaydalara riayət etsək, tibbi göstərişləri düzgün olaraq həyata keçirsək, özümüzün və ətrafımızdakıların?sağlamlığını düşünsək, yalnız ehtiyac olduğu təqdirdə icazələrdən istifadə etsək pandemiya ilə mübarizədə qalib gələ bilərik. Dövlət başçısı İlham Əliyev də çıxışlarında bildirir ki, karantin rejiminin qaydalarına riayət etmək hamımızın vətəndaşlıq borcudur. Belə ki, sosial məsafəyə və şəxsi gigiyena qaydalarına lazımınca əməl edilməli, maskadan mütəmadi istifadə gündəlik həyat tərzimizə çevrilməlidir. Ona görə də hər bir vətəndaş sosial məsuliyyətindən irəli gələrək, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmalı, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.