KÖŞƏ

Rəşid Faxralı

Azərbaycanımız bayatı ömrü yaşayacaq

03 mart 2020 20:47
6155

Sözü sözdən seçməyi bacaranlar bilir ki, sözün də işığı var. Söz müqəddəs niyyətlə səsləndiriləndə bu işıq müqəddəsliyə tən olur. Onu görənlər əmin olurlar ki, bəşəriyyətin başlanğıcından gələn sözün nə özünün, nə də işığının sonu yoxdu. Ayrılıqda da, özünə yaraşan sözə söykənəndə də, bu söykənişlə gərəkli mətləb bildirəndə də bu qüdrətə malik olan söz (sözlər) eşidənə könül xoşluğu verir. Ön xətdə, səngərlərdə əsgərlərimiz mənə dəfələrlə belə könül xoşluğu yaşadıb.

Səngərdə hər kəlmələşəndə əsgərlərimizin Vətənə, dövlətə, dövlətçiliyə, Hərbi anda sədaqətiylə bir sırada bu işığa da sədaqətini görmüşəm; onlar bu işığı ruhumuzun işığının zərrəsi bilir.

Bu günlərdə ön xətdə, səngərdə şeirlə, şeiriyyətlə bağlı əsgər sözü qışın sazağını misra-misra yumşaltdı, yumşalda-yumşalda könlümə süzüldü. Dəniz səviyyəsindən xeyli yüksəklikdə şeirli anlar könlümüzü telləndirdi...

Şəhidlikdən, şəhidlərdən danışırdıq. Sözarası “Şəhidlik ölməzliyin, ölümsüzlüyün fəlsəfəsidi...”, - dedim. Araya çökən üzücü sükutu hələ tanımadığım əsgər pozdu, həm də məqamında:

-   Vətəni hamı sevir. Heç kimin Vətən sevgisi başqasının Vətən sevgisinə bənzəmir. Son nəfəsi də Vətənə ad olanların Vətən sevgisi bütün sevgilərin üzərliyidi.

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha artıq sevənlər.

Əbədi bir nəğmətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Dahi Səməd Vurğunun bu misraları dahi Üzeyir bəyə həsr olunsa da onu həmişə şəhidlərimizə də aid edirəm. Əsgər yoldaşlarım da bu fikirdədi, - dedi.

Bu dörd misranın cazibəsində söz-sözü çəkdi, bir söz digər sözün davamı oldu. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu olan əsgər İsmayıl Bayramov onu da dedi ki, düşüncələrə sarıldığı üçün şeirlə aşılanan mətləblər də işıqlı mətləblərdi.

Kapitan Vüsal Həsiyev əsgər haqqında işıqlı fikirlər dedi:

-   Nümunəvi əsgər zabitlərin də, əsgər yoldaşlarının da ehtiramıyla əhatələnir. Qürurlanıram ki, ordumuzun əsgərləri belə əsgərdi. İsmayıl Bayramovu belə tanımışıq. O da nümunəvi əsgərdi, həm də ünsiyyətcildi. Asudə vaxtlarda əsgər yoldaşlarıyla müxtəlif mövzular haqqında, əsasən vətənpərvərlik, torpaqsevərlik haqqında söhbətləşirlər. Ali təhsilli filoloqdu, fikrini şeirlə ifadə etməyi sevir. Bir dəfə əsgər yoldaşlarından biri soruşub ki, Vətəni necə sevməliyik. İsmayıl deyib ki, anamızı sevdiyiniz kimi, anamız kimi. Ana Vətən kimi.

Əsgər İsmayıl Bayramovun baxışlarında işıqlı bir istək sezdim. Az sonra bu fikir misralaşdı:

Düşüncədən düşüncəyə köçürəydik

Tarixlərdən boy göstərən,

Boy göstərib nurtək bitən kəlmələri.

Gözümüzün çırağıdı,

Ömrümüzün bayrağıdı

Ana, Vətən, Ana Vətən kəlmələri...

Maraqla dinləyirdik. İsmayılın əsgərləşən yaddaşı vəzifə borcunu yerinə yetirirdi. İsmayılın xatırlatmasında Abbas Səhhətin “Vətən” şeirinin işığını gördük:

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, Vətənimdir, Vətənim!

Səməd Vurğunun “Azərbaycan” şeirinin işığını gördük:

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan.

İstəyimiz, murazımız, diləyimiz Məmməd Arazın “Vətən mənə oğul desə...” şeirinin işığına sarıldı:

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Sağollaşanda əsgərlərə bir bayatı ömrü arzuladım. Əsgər İsmayıl Bayramov əsgər yoldaşları adından əminliklə dedi ki, Azərbaycanımız bir bayatı ömrü yaşayacaq!