Rəşid Faxralı |
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Ağdamda Əli ilə Bəxtiyara atılan güllələrdən üzü bu yana şairlər, yazıçılar ədəbiyyatı müharibəyə səfərbər edə bilmədilər. Müharibə ədəbiyyatı da müsəlləh əsgər ola bilmədi...
Şahin Musaoğlunun poema (“yaxşı” təyiniylə qoşa işlədilməklə!) biçimli “Mübariz” librettosu Qarabağ müharibəsindən yazılan iri həcmli ilk musiqili əsərdi...
Gizir Mübariz İbrahimovun qəhrəmanlığı mübarizlik ifadəsinə yeni bir çalar gətirdi, yeni bir təyin yaratdı - mübarizləşmə. İnandıq ki, mübarizləşmək mübarizləşməkdi. Dünya gördü və əmin oldu ki, Mübarizlər “qara daşları göyərdə bilir”, həm də şərin qolunu qırmağa, gözünü tökməyə, boynunu vurmağa qadirdi. Bu xarakterinə görə Mübarizlər bəşəriliyin bayraqdarıdı. “İgid əsgər, möhkəm dayan!”, “Cənab leytenant”, “Birinci batalyon”, “Şahinlər”, ... kimi məfkurəvi mahnıların müəllifi (həm şair olaraq, həm də bəstəkar) Şahin Musaoğlunun “Mübariz” əsərini bu düşüncələrin işığında izlədim və poetik duyumuna, poetik təfəkkürünə ruhən bələd və bağlı olduğum Şahin Musaoğlunun bu əsərini min-min illərin o üzündən gələn səs kimi dinlədim (və oxudum!).
El deyimləri publisistikada da, nəsrdə də, poeziyada da düşüncələri tərpədir (Şahin Musaoğlunun “Mübariz” əsərində: Başın üstə acı yellər əsməsin, Mətləbini, murazını min budaq eylə, Nurunu yoluyca şam-çıraq eylə, Ocağımın işığı (istisi), evimin yaraşığı, ata yurdunda binə (bina, ev, mülk) qursun və.s. Bu ifadələr Dədə Qorqud ruhu kimi dinləyənin də, oxuyanın da düşüncələrinə sarılır). Bu tərpəniş Vətən sevgisiylə incəliklə qovuşur. Bu qovuşmanın mahiyyəti dövlətçiliyə sədaqətdi. Son illərin ədalətini (əsərdə: Ədalət deyib gəlirəm) tələb edən Mübarizin ruhu sədaqət deyir: Vətən naminə sədaqət (əsərdə: Sədaqət - Vətən naminə). Bu sədaqət şəhidlikdən də keçir. Şəhidlik sədaqətin əbədiyyətə zəmanətidi; Şahin Musaoğlunun “Mübariz” əsəri qəhrəmanlığın ədəbiyyat vasitəsilə əbədiləşdirilməsinə zəmanət kimi oxunur.
Şahin Musaoğlunun təqdimatında Mübarizin həyat fəlsəfəsini ifadə edən misralar Mübarizlik - mübarizlik amalıdı. Bu amalın bircə yozumu var: Qələbə, Böyük Qələbə. Hər kəlmənin öz məzmunu var, bəzən bu məzmun mahiyyət baxımından fərqlənir. “Mübariz” əsərində “gəlmək” feli “ömürdən qopub Vətənin müdafiəsinə çatmaq” kimi dərk edilməlidir (edilir).
Həqiqət deyib gəlirəm,
Ədalət deyib gəlirəm,
Hürriyyət deyib gəlirəm,
Sədaqət - Vətən naminə.
Sədaqətin başlanğıcı fərdin özünüdərkidi, sonu-son nəfəs. Bu sədaqəti ömrə tən bilənlər üçün son nəfəs Vətən naminə şəhidlikdi:
Bayrağa and içib gəlləm,
Şəhidliyi seçib gəlləm,
Şəhadət - Vətən naminə.
Mahiyyətin, ideyanın açılması baxımından “Mübariz” kimi ədəbi (həm də tarixi!) əsərlərdə obrazlar tarixiliklə səsləşməyə də bilər (Bu fikri bir məqamın inandırıcılığına görə deyirəm):
Əsərdə çağırışçıların hərbi xidmətə yolasalma mərasimində yaddaqalan bir şərtilik var. Bu şərtilik Mübariz obrazının (tarixi şəxsiyyət kimi qəhrəmanın - Mübariz Ağakərim oğlu İbrahimovun) duyğuları haqqında təəssürat yaratma niyyətidi. Bu niyyət təkcə Ağakərim oğlu Mübarizlə məhdudlaşmır, bu niyyət müharibəyə şair etirazıdı. Camaatdan bir qədər aralı (milli mentalitet baxımından dəyərli, qibtəediləsi ədəbi (bədii) detaldı: bura gəlməməyi bacarmamaq sevdadandı, gəlib uzaqda dayanmaq - azərbaycançılıqdan) dayanması yaddaşımı tərpədir; 79 ildi şeir kimi, 76 ildi mahnı kimi düşüncələrdə sultanlıq edən “Gözlə məni” düşür yadıma. Şahin Musaoğlunun “Mübariz”i deyir ki, Ağakərim oğlu Mübariz “Gözlə məni” deməyə macal tapmadı. Çağırışçıları hərbi xidmətə yolasalma mərasimində camaatdan hayalanan qızın “Xoş müjdəli bir sabahdan pay ver mənə” (rica kimi, xeyir-dua kimi oxu:Qələbəylə qayıt!) kəlmələrini Şahinin təqdimatında ictimaiyyətin əsgərdən gözləntisi bilirik...
“Mübariz” əsərinin ruhu vətənsevərlikdi. Səməd Vurğunun “Vaqif” dramında Eldar obrazını xatırlayıram. İstibdada, işğalçılığa üsyan ruhu “Mübariz”də də var. Bu, ruhların doğmalığıdı, eyni kökdən - azərbaycançılıqdan rişələnməsidi; Eldar da ümumiləşmiş obrazdı, tarixi şəxsiyyət olmaq etibarilə Mübariz də. Şahin Musaoğlunun təəbirincə desək, Vətən naminə.
Mübarizlərin, Mübarizləri sevənlərin, “Mübariz”də mübarizliyi sevənlərin Vətən sevgisini Vətən sevgimizə üzərlik bilirik - Vətən naminə. Şahin Musaoğlunun “Mübariz”i deyir ki, Mübarizlər şəhid ola bilər - şəhadət, şəhidlik Vətən üçündü. Vətən yaşayacaq, şəhid-şəhid qorunan Vətən naminə əsərlər də yazılır. “Mübariz” onlardan biridi. Həm də bədii dəyəriylə boyu görünən əsər kimi dəyərlidi. Həm də mahiyyəti mübarizliyin - Mübarizliyin Vətənə nə dərəcədə gərəkliyini xatırlatmasıyla dəyərlidi...