KÖŞƏ

Cavid Əkbərov

Radikal müxalifətin xroniki xəstəliyi...

31 oktyabr 2019 19:41
3330

Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Hərəkatın siyasi-iqtisadi gücünün, gələcək əməkdaşlıq üçün ciddi perspektivlərinin olması, dünyanın 120 dövlətinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinə baxmayaraq, radikal müxalifət düşərgəsi yenə də öz ampulasındadır.

Son illər müxtəlif internet kanalları açaraq hakimiyyəti, ölkəmizdə həyata keçirilən uğurlu islahatları tənqid edən, qarayaxma kampaniyası ilə məşğul olan bu insanlarda “inkarçılıq hissi” hamıdan yüksəkdir. Onların məqsədləri nəyin bahasına olursa-olsun Azərbaycan hakimiyyətini gözdən salmaq, aparılan siyasi, sosial-iqtisadi islahatlara mənfi don geyindirməkdir.

İqtidarın atdığı hər bir uğurlu addım radikal müxalifət tərəfindən birmənalı şəkildə səhv hərəkət kimi qiymətləndilir. “Bəs radikal müxalifətin özü nə edə bilər” sualı isə hər zaman cavabsız qalır. Özlərinin konsepsiyaları barədə bir kəlimə belə olsun danışmırlar. Onlar nə öz platformalarını açıqlayır, nə də ki, iqtidarın siyasətinə alternativ təkliflər irəli sürə bilirlər. Bu isə onların gələcəklə bağlı heç bir siyasi, iqtisadi, sosial konsepsiyalarının olmamasından xəbər verir. Sadəcə olaraq hakimiyyəti boş-boşuna tənqid etməklə məşğuldurlar. Hər bir uğura düşmən mövqeyindən baxmaq radikal müxalifət üçün artıq xroniki xəstəlik halını alıb. Əslində, bunun səbəbi çox sadədir. İnternetdə edilən çoxsaylı canlı yayımlarda bu məsələlərə toxunulmaması həm də onların əhatəsində ciddi, peşəkar kadr potensialının yoxluğundan xəbər verir. Elə buna görə də onların təbliğat proseslərində əsasən 3-4 adam iştirak edir.

Radikal müxalifətin bacardığı yeganə iş insanları itaətsizliyə çağırmaq, vətəndaşları qarşıdurmaya təhrik etməkdir. Dünya təcrübəsindən də məlumdur ki, vətəndaş itaətsizliyi vətəndaş müharibəsinə aparıb çıxaran amildir. Dünyanın sivil cəmiyyətlərində belə yanaşmalar heç vaxt qəbul olunmur. Əslində, radikal müxalifətin bu ənənəni davam etdirəcəyi gözlənilən idi. Bu mənzərə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları və digər mühüm beynəlxalq tədbirlər ərəfəsində də müşahidə olunub. Bu dəfə radikal müxalif qruplar Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə Görüşünü hədəfə alıblar. Bir neçə gündür ki, onlar dövlətin strateji maraqlarına xidmət edən bu mühüm beynəlxalq siyasi hadisəni gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar.

Dağıdıcılar məqsədlərinə çatmaq üçün hətta tədbirdə iştirak edən dövlət və hökumət başçılarını məsxərəyə qoymaq kimi qeyri-etik, mənəviyyatsız addımlardan belə çəkinmirlər. Bu, radikal müxalifətin beynəlxalq hüquq və beynəlxalq münasibətlər sistemindən xəbərsiz, müasir siyasi düşüncədən uzaq, bəlkə də ibtidai icma təfəkkürünə malik olmasının əyani göstəricisidir.

Təhlillər göstərir ki, Azərbaycan əleyhinə oxşar təbliğat Ermənistan mətbuatında da həyata keçirilir. Təbii ki, bu sıraya Ermənistanla və erməni diasporu ilə sıx əlaqədə olan xarici medianı də əlavə etsək, daha doğru olar. İndiki halda radikal qrupların həyata keçirdiyi insanlıqdan uzaq, çirkin qarayaxma kampaniyasının tezisləri işğalçı ölkənin anti-Azərbaycan kampaniyasının ideoloji istiqamətləri ilə tam üst-üstə düşür. Sanki hər iki tərəf vahid mərkəzdən idarə olunur, yaxud ortaq və razılaşdırılmış maraqlara uyğun hərəkət edirlər.

Yekunda bircə söz demək qalır: radikal müxalifət Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan ibrət götürməli, müasir Azərbaycana düşmən gözü ilə deyil, vətəndaş gözü ilə baxmağa alışmalıdır.