KÖŞƏ

Rəşid Faxralı

Bir anam - sən, biri - Vətən!..

16 avqust 2019 19:41
6455

Böyük Vətən müharibəsində tarixi qələbədən 74 il keçir. O illərdə söz, bu anlamda şeir də müsəlləh əsgər idi. Səməd Vurğunun “Ananın öyüdü” kimi şeirlər döyüşən ordunun qələbə ruhunu kükrədirdi. Şairin təqdimatında azərbaycanlı anaların əsgər oğullarına dedikləri - öyüd-nəsihətləri də bu kükrəyişə qarışırdı. “Oğul, bir anan mənəm, bir anan Vətəndi. Vətənini ananı qoruduğun kimi qoru...” - kəlmələri əsgərin gözlərinin nurunu, dizlərinin taqətini, ürəyinin təpərini artırırdı. Aradan illər keçsə də bu öyüd-nəsihət yaşayır, yaşadılır.

“Bir anan - mən, biri - Vətən” deyimini əsgərlərimiz atalara xitabən “Bir anam - sən, biri - Vətən” deyir.

Ön xətdə ezamiyyətdəydim. Zabitlərlə, gizirlə, müddətdən artıq həqiqi xidmət hərbi qulluqçularıyla, zabitin təqdimatıyla nümunəvi xidmət edən əsgərlərlə söhbətləşmişdik. Söhbətlərimiz bir məramla yekunlaşmışdı - Ali Baş Komandanın verəcəyi əmr, döyüşlər, qələbə, Böyük Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi...

Öyrənmişdik ki, əsgər Vaqif Əsədovun atası mühəndis, anası tibb işçisidi, qardaşı VII sinif şagirdidi. Vaqifdən soruşdum ki, bu anlarda anana nə deyərdin? Həvəslə, tərəddüd etmədən, çəkinmədən dedi. Vaqifin dediklərini yazmağı özümə mənəvi borc bildim:

“Salam, ay ana! Necəsən?

Yəqin ki, yenə qonşulara gileylənirsən ki, Vaqifdən bir həftədi xəbər-ətər yoxdu. Bir həftə böyük müddət deyil ki. Vaxtım olsa, səni intizarda qoymaram, tez-tez məktub yazaram. Narahat olmayın, mən çox yaxşıyam, heç nədən narahatlığım yoxdu. “Açıq qapı” günündə özünüz də gördünüz ki, hərbi hissəmizdə hər şey yüksək səviyyədə təşkil olunub. Onda valideynlər adından çıxış edəndə atam demişdi ki, bu şəraiti bizim vaxtımızla müqayisə etmək mümkün deyil, 25 ildə hər şey yaxşılığa doğru çox dəyişib.

Həmin gün əsgərlərlə nahar da etdiniz. Yeməklərin keyfiyyəti sizi də razı saldı. Sən əsgər dostum İlkinin anasına dedin ki, qadın səliqəsi öz yerində, burda əsgərlərə bişirilən yeməklər ana qayğısıyla hazırlanır, ana nəvazişiylə təqdim olunur. Ona görə belə dadlıdı. Çıxanda hamısına təşəkkür edərik...”...

Vaqifi dinlədikcə Azərbaycan əsgərinin işıqlı düşüncələri ürəyimi dağa döndərirdi. Onun dediklərini Azərbaycan Ordusunun inkişafının, təchizatının, mənəvi-psixoloji hazılrığının səviyyəsinin etirafı bilirdim. Mənə də məlum olan həqiqətlərin əsl vətəndaş heysiyyətiylə təqdim olunmasından qürurlanırdım

“Atam necədi? - hərdən təzyiqdən gileylənirdi. Dərmanlarını vaxtlı-vaxtında içməyinə nəzarət et. Yəqin ki, yenə işdən yorğun qayıdır. Özü də fəxr edir ki, əmək kitabçasında bircə qeyd var: Gəmi təmiri zavodu. Mənim xatırlatmağım yersizdi, onsuz da atamın istirahətinə məsuliyyətlə yanaşırsınız.

Samir necədi? Əsgər qardaşı olmasıyla yenə qürurlanırmı? Qürurlanmaq öz yerində, dərslərini necə oxuyur? Əlaçı olacağına söz vermişdi.

“Açıq qapı” günündə sıra meydanını, təntənəni, təntənəli keçidi, kazarmaları, əsgərlərin zabitlərə ehtiramını görəndən sonra komandirimizə dediklərini unutmayıb ki? - “Mən də sənin kimi zabit olacam”. Ona de ki, zabit olmaq asan deyil. Zabit olmaq istəyən əziyyətlərə qatlaşmalıdı, yəni həm dərslərini yaxşı oxumalıdı, həm də idmanla ciddi məşğul olmalıdı. Mən zabit olmaq istəyiylə yaşayan məktəbli qardaşımla fəxr edirəm. “Açıq qapı” günündən sonra hərbi hissəmizdə dostlarımın çoxusu zarafatla, ərklə, bir qədər də Samirə rəğbətə görə məni Samirin qardaşı, zabitin qardaşı çağırır. Bu müraciətdən qətiyyən incimirəm, əksinə, qürurlanıram...”...

Əsgərin hərbçi peşəsinə rəğbəti onun dünyaduyumunun səviyyəsinin göstəricisi bildim. Azərbaycan ordusunun əsgərləri belə əsgərlərdi, yeniyetmələri Samir kimi qətiyyətlidi, hərbçi peşəsinin nə dərəcədə gərəkli olduğunu dərk edirlər...

“Dünən asudə vaxtda bölüyümüzdə disput təşkil edilmişdi: “Vətəni sevməyən insan olmaz”. Hamımıza tanış fikirdi, Abbas Səhhətin “Vətən” şeirindən bir misradı. Orta məktəbdə bu şeiri hamımız əzbərləmişdik. Aradan illər keçəndən sonra həmin misranın aşıladığı mətləblər haqqında fikirlər deyilirdi. Əsgərlərimizin çıxışlarını maraqla dinləyirdik. Tahirin dedikləri çox xoşuma gəldi: “Xalq şairi Fikrət Qocanın bir beytini xatırlayıram: Vətən-gözdü, biz kirpik, gözümüzün keşiyini çəkirik”. İlqar dedi ki, biz Vətənimizi anamızın arzuladığı səviyyədə sevirik. Uşaqlığımda əzbərlədiyim bir şeir düşdü yadıma. O şeiri dedim. “Bir anam - mən, biri - Vətən”, - deyəndə hamı məni alqışladı...

Disputun sonunda komandir digər əsgər yoldaşlarım kimi mənə də təşəkkür elan etdi...

Ay ana! Sizin öyüd-nəsihətinizi unutmamışam. Hərbi anda sədaqətlə xidmət edirəm. Xalq şairi Səməd Vurğunun “Ananın öyüdü” şeirinin bir misrasını disputda dediyim kimi sənə deyirəm: Bir anam - sən, biri - Vətən, Vətəni də səni  sevdiyim qədər sevirəm. Bu sevgi həm sənin, həm də mənim sevgim qədərdi...

“Açıq qapı” günündə dostlarımın bir neçəsiylə tanış oldunuz. İndi sıralarımız xeyli genişlənib. Mənim əsgər dostlarım Hərbi Nizamnamələrin tələblərinə uyğun xidmət edirlər. Bizim üçün asudə vaxt da hərbi xidmətdir. Müəyyən müddətə asudə olanda da düşüncələrimiz hərbi xidmətdən üzülmür. Vətəndən danışırıq, dövlətdən, dövlətçilikdən, təlimlərdən, şəhidlərimizdən, qəhrəmanlarımızdan, qələbədən, Böyük Qələbədən danışırıq. 2016-cı ilin aprel döyüşlərini, qazanılan qələbələri qürurla xatırlayırıq. Mənim əsgər dostlarım da analarına xitabən “Bir anam - sən, biri - Vətən” deyir, onlar da Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcək döyüşlərin iştirakçısı olmaq istəyir...

Sağlıqla qalın. Evimizə qalib əsgər kimi qayıtmağı arzulayıram. Onda Samir deyəcək ki, mənim qardaşım da torpaqlarımızı işğaldan azad edənlərin sırasında olub...”...

Azərbaycan əsgərinin düşüncələrinin işığı düşüncələrimizi arzuladığımız səviyyədə işıqlandırır. Bunda qüruru duyuruq...

Belə əsgərləri olan Azərbaycan Ordusu güclüdür, torpaqlarımızı işğaldan azad etməyə qadirdir...