KÖŞƏ

Yaqut Ağaşahqızı

Bu dünyada xoşbəxt yaşa, ay qızım...

21 iyun 2019 19:34
5364

Ayna qarşısında saçını darayarkən darağını kənara qoyub əlləri ilə qara  telinə astaca sığal çəkməyə başladı. Bu vaxt özündən asılı olmadan ani olaraq nazlandı. Saçı qısa olduğundan nazı da, tumarı da tez sonlandı. Anasının pambıq kimi yumşaq əlləri ilə uşaq olanda uzun saçlarına çəkdiyi tumarlar yadına düşdü. Əslində, bu cür əzizləmələr tez-tez olmurdu. Olanda da qızcığaz hər saniyəsini hafizəsinin bir kənarında möhürləyirdi.

Zaman kimi bir çox məqamlar da dəyişir. İndi onun anası olmasa da, xatirələr bazası onun imdadına çatdı. Hər dəfə xatırlamaq istəyəndə gözlərini yumub illər öncə “kodlaşdırdığı” xatirələri açıb tökürdü. Çünki onlardan başqa heç nəyi yox idi. Çünki başını dizləri üstünə qoyacağı anası yox idi...Bu cür təsəlli olmağa məcbur idi. Xatirələrinin ssenarisi, rolları eyni idi. Sadəcə bəzən əlavə fraqmentlər edirdi. Dəyişilməz səhnə isə bu idi: Balaca evlərinin bir küncündə ana və bütün duyğuları ümidi, sevgisi, arzuları, acıları , sevincləri ilə ona sığınan, başını dizləri üzərinə qoyan balaca qızcığaz. İllərdir ki, böyüməyən ya da, böyümək istəməyən qızcığaz... Dərsdən, işdən gələrkən gün ərzində yaşananları, gərginlikləri bir sözlə acılarını unutmaq üçün yatmazdan öncə həmin anı yadına salırdı. Xəyallarının sonunda isə bağlı gözləri gözyaşı ilə dolaraq qeyri -ixtiyari açılmağa başlayır. Özünü sıxıb gözlərini açmaq istəmirdi. Amma, mümkün deyildi. Bütün vücuduna dolan qəhər bir şəkildə daşmalı idi, çünki artıq dolmuşdu.

Nə qəribəridir...? Elə bilirsən ki, sevdiklərin hər zaman sənlə olacaq hər zaman o sığal çəkiləcək təsəlli, dəstək görəcəksən. Amma, yox...  Özü belə fani olan bu həyatın insanlarından başlayaraq detallarına qədər heç nəyi əbədi deyil... İnsanlar həyatın faniliyini unutmamalıdır. “Bu həyatdan doydum”, - deyən olmalıdı.

Anasının cismən yoxluğunun üstündən illər keçib. Anasını içində, beynində, ruhunda, qəlbində xatırlamadağı bir an belə olmur, olmayacaq da. Onun üçün anasızlıq yaraya bənzəyirdi. Yaralar müxtəlifdir: bəziləri var ki, həm içdən, həm də çölündən sağalır. Bir qisimdə isə zaman keçdikcə yaranın üstü bağlansa da, içdən tam sağala bilmir. Dərmanı olmur. İzi qalır. Hər hansı bir yerə dəydikdə, zərbə aldıqda isə ən dərində qəribə bir sızıltısı, ən dərində özülü ağrayır. Anasızlıq da eyni ilə belədir. Həyatdan aldığın zərbələrdə, ağrılı-acılı günlərdə anasızlıq səni həmin zərbənin yaranı incitdiyi kimi ağrıdır. Anasızlıq həmin o yara kimi “dadır”.

Yaşadığın hər çətinliyində onsuzluğu günahlandırırsan. Özün-özünə fikirləşirsən ki, anam yaşasaydı bunların heç biri belə olmazdı. O icazə verməzdi. Sanki, bütün dünya bir sən isə təksən. Onsuz özünü haradasa aciz, sahibsiz və yetim hiss edirsən. O acizlik ki , gözünün qarşısında can verərkən sən onun üçün heç nə edə bilmirsən. Gözyaşları içində sonluğu izləyirsən.

Tək varlığı özündə bütün mənaları ifadə edir. “Yaşadığını, nəfəs aldığını bilim yetər” - deyirsən. Amma acılı, ağrılı günləri, gözünün önündə əzab çəkməsi yadına düşür. Ona görə də qalırsan belə bilmirsən nəyi və necə arzulayasan, Allaha hansı duanı deyib əl açasan.

Arıq, titrək, halsız-heysiz əllərini öz saçlarının üstünə qoyursan və başlayırsan özün onun əvəzindən sığal çəkirsən. Çünki bilirsən ki, hətta bir sığal çəkəcək qədər belə taqəti yoxdur. Ananın yerinə təkcə sığalı çəkmirsən . Artıq onun ailədəki gördüyü işləri öhdənə götürürsən. Bundan sonra onun etməli olduğu hər işi sən yerinə yetirirsən. Ən birinci isə illərdir uzanmayan saçlarına özün sığal çəkirsən. Bu sığal ananın sığalına bənzərmi? Əsla!

Ən xoş günlərini qeyd etmək istəmirsən. Daha dəqiq desəm qeyd etməkdən utanırsan. Naz-nemətlər, nübarlardan dadırsan. Onun bu zövqü yaşaya bilməməsi səni incidir. Yediklərin boğazında düyünlənib qalır. Heç kəsə paxıllıq etmirsən. Sadəcə öz taleyinə baxırsan və peşmançılıq və təəssüf hissi keçirirsən. Bəzən ətrafındakı insanların səndən ehtiyat edər kimi davranışı, ya da sənə yazığı gəlmələri, səni “ağırlıq” kimi görmələri, sui-istifadə etmələri, saf niyyət və duyğuların altında yatan məkrlər bütün bunlar səni daha da incidir.

Yadlardan ana olmaz. Ana və övladı arasındakı bağın, bağlılığın əvəzi, bənzəri yoxdur. Ana kimi heç kəs övladının uğuruna sevinə bilməz. Onun yolunda keçirdiyi narahatlığın, təlaşın, qayğının tayı-bərabəri yoxdur: gecələr üstünü örtməsi, xəstələnəndə qulluğunda durması, arzuladığı yeməyi bişirməsi, yuxusuz gecələrdə başı üzərində övladının qayğısına qalması. Hər dəfə qapıdan çıxanda xeyir-dua söyləməsi, imtahana hazırlaşdığım gecələrdə mənimlə bir oyaq qalması, dəstək olması, məni yola salıb eyvandan narahat cizgilərlə arxanca boylanması, qapını üzünə açması, sənə sarılması, varlığı ilə evimizə verdiyi istilik, hənirti, yeməkləri ilə bəzənən süfrəmiz.

İndi mən evdən çıxanda arxamca baxmıram, qapını döyəndə ümidlə açılmasını gözləmirəm. Nə qədər yeməklər bişirsək də, süfrəmiz sən hazırladığın kimi gözəl və bərəkətli olmur. Yeməkləri də qızdırmadan yeyirəm. Bəzən isə heç yemirəm. Evimiz gözəlliyin aydınlatdığı kimi işıqlı olmur. Gecələr bəzən üstüm açıq qalır, fərqində olmuram. Xəstələnəndə qulluq edənim olmur. İstədiyim yeməklər də yoxdur. Telefonuma heç zaman “Anam” başlığı ilə zəng gəlmir.

Yuxulara ümid edirsən. Bəlkə yuxularıma gələr, sarılar, “varlığını” hiss edərəm. Ayılanda da görürsən ki, hər şey yuxu imiş. Yuxundan ayılmaq istəmirsən, ya da kaş yuxu olmayaydı deyirsən. Həqiqəti dərk edəndə isə qəribə bir xəyal qırıqlığı keçirirsən.

Son nəfəsini verdikdə qulaqları batıracaq səslə sanki nalə çəkərək ana deyərək qışqırmağı.Həmin gündən sonra heç bir halda heç bir kəsə ana demək istəmirsən və demirsən də . Çünki o kəlmənin deyilişi elə o gün oradaca sənin üçün bitir.

İllər keçir. Özün ana kəlməsini deməyə həsrət qalsan da, artıq ana olursan. Sənə ana deyərək müraciət edirlər. Yaşadıqlarımı yaşamasın deyə hər bir zaman övladımın yanında olmağa çalışacağam. Övladım da mənim kimi ana kəlməsini eşidəndə gözləri dolmasın deyə yaşamalıyam. Hər bir insanın öz alın yazısı var. Qismətimin yetdiyi qədər qızımın yanında olacağam. Ana həsrəti, yoxluğu dözülməsi ağır olan dərddir. Arzum budur ki, mənim yaşadıqlarımı heç bir övlad yaşamasın. Vaxtından əvvəl isə heç yaşamasın.

Ananı balasız, balanı da anasız təsəvvür etmək olmur. Bir-birinə bağlı şəkildə yaradılmış bu dəyərlər hər ikisi varkən gözəldir, tamdır. Bir tərəfin yoxluğu istər-istəməz yarımçıqlıq, natamamlıq yaradır. Gedən öz yoxluğu ilə qalanı boynunu bükük, qəlbini sınıq, yanağını yaşlı, gözlərini isə həsrətli yollara boylanan kimi edir.

Saçına tumarlayaraq, gözlərini yumdu. Anasının hər zaman başına sığal çəkərkən onun üçün oxuduğu həmin mahnı xatırladı:

Qızım, gözlərinə kədər kölgə salmasın

Qızım, incə qəlbin qəm məskəni olmasın

Qızım, arzuların yarı yolda qalmasın

Qızım, bu dünyada xoşbəxt yaşa, ay qızım

Bir azdan saatına baxaraq işə gec qaldığını anladı və hazırlaşaraq, arxasına da baxmadan evi tərk elədi...