Yaqut Ağaşahqızı |
İşə tələsdiyim növbəti günlərdən biri idi. Bakı metrosundakı sıxlığa baxmayaraq vaqona daxil oldum. İnsan izdihamının içində bir uşağa gözüm sataşdı. Əllərini yuxarı qaldırıb, aşağı salırdı. Başı üzərindəki yaşlı qadın isə deyəsən nənəsi idi. Uşağın üzünü tərsinə çevirmişdi. Öz-özümdə bir qəribəlik olduğunu hiss etdim. Bir azdan isə gülüş səsləri qulaqcığımdakı mahnını üstələdi. Artıq uşağın qəhqəhəsi yüksəkdən eşidilirdi. Dodaqlarını yummağa çalışan nənəsi isə həm uşağın özündən, həm də ətrafdakılardan daha təlaşlı və narahat idi. İnsanlar məqamı onun kimi qeyri-adi deyil, normal qəbul edirdilər. Nənənin utandığı isə həm yanağının qızarmasından, həm də hərəkətlərinin nizamsızlığından yaxşıca duyulurdu. Nənənin narahatlığı qədər, uşaq rahat idi. Onun üçün dünya bir yana, onun öz aləmi bir yana idi. Uşağın əqli qüsuru olduğunu nənəsi daha çox hiss etdirə bilmişdi.
Telefonda izlədiyim filmi dayandırdım. Diqqətimi həmin uşağa yönəltdim. Hamı mövcud vəziyyəti anlayırdı, bir özündən başqa. Amma artıq taleyi ilə barışmışdı. Simasında bir cizgi belə narazılıqdan çəkilməmişdi. Həyat ona gülməmişdi, o isə həyata gülərək cavab verirdi. “Niyə mən” sualı və özlüyündə müəyyənləşdirdiyi “haqsızlığı” ilə gülə-gülə mübarizə aparırdı. Və çox da peşəkarcasına bacarırdı... Sanki içindəki öc hissini qəhqəhə ilə yatırırdı. Beləcə qisasını alırdı. Həyatın ona verdiklərinə qane olur, vermədiklərinə isə sadəcə gülürdü.
Uşaq ilə ətrafdakı insanların simasına nəzər saldım. Necə böyük fərq var idi... Düşündüm... Allah sizə hər şeydən öncə ağıl nəsib edib. Buna da şükür düşür. Amma o uşaq neyləsin? Axı, onun üzünə hər dərdindən bir cizgi çəkilsə, bir narazılıq çökərsə, necə olar ? O saf və ürəkaçan indiki üzündən əsər-əlamət qalarmı? Çoxumuzun içindəki həsrət zamanla vüsal tapacaq. O uşaq neyləsin? Bütün bunlara nəzər salıb özüm-özümə sual verdim: “Axı, bu qədər əsəb, gərginlik, narazılıq, ahu-zar nəyə lazımdır?”
Baxan kimi əqli qüsurlu diaqnozu qoyduğunuz uşağın ürəyinə baxın, özünüzə baxın. Kimin ürəyi daha böyükdür? Əlbəttə ki, həmin uşağın. O balaca ürəyinə nələr sığdırmışdı. Öz qüsurunu, həyatında olan və olmayan hər şeyi qəbul etmişdi. Özü də kədərlə deyil, gülüşlə. Gülüşləri ilə cavab verirdi. Gülüşü o qədər məsum, saf və içdən idi ki, qüsursuz gülüş ifadəsi məhz ona aid idi. O təbəssümlərin içində isə sadəcə sevgi və xoşbəxtlik var idi. Bəlkə də, içində və üzündə yaratdığı bu təbəssümlər onun dərdlərinə dəva olacaq, ya da hər şey olduğu kimi də qalacaq. Halından məmnunluğu onun xoşbəxtliyinə vəsilə olur.
Hər birimiz bu sualı özümüzə verək ki, balaca və qüsurlu hesab etdiyiniz uşaq adi məqamlarda belə xoşbəxtlik tapmağa çalışırsa və tapırsa, biz, “qüsursuz” və böyük insanlar niyə xoşbəxt olmağı bacarmayaq? Böyük ürək olmur. Sadəcə ürəyi geniş tutursan. Əbəs yerə deyilməyib ki, çox gülən insanların bəlkə də hər kəsdən çox dərdi var. Onlar hər kəslə gülüb, təklikdə ağlayırlar. Bütün bədbinliklərə, nikbinliklə cavab verirlər. Necə də böyük ürək, hünər tələb edir... Ağlamağı gülməklə əvəz etmək.
Bəxtiyar Vahabzadənin məşhur bir misrasını xatırladım: “Həyat səni güldürəndə gülürsən, hünərin var ağladanda gül görüm...” Bu misralara nə qədər böyük məna və həqiqət sığınıb. Həyatımız boyu ağ, qara, rəngli günlər yaşayırıq. Bulud kimi, günəş də var. Soyuq kimi, isti də olur. Rəngli günlərə gülürüksə, qaraya da gülək. Əsas olan odur ki, yaşanılan hər anı özününküləşdirə biləsən, qəbul edəsən. Anlayışla qarşılayasan. Həyatda hər şey insanlar üçündür : acı da, kədər də, şənlik və firavanlıq da. Mühüm olan odur ki, təbəssümü və ümidini itirməyən o uşaqdan örnək götürməyi bacaraq. Həmin gücü, iradəni, ən əsası da hünəri özümüzdə tapmağa çalışaq.