Cavid Əkbərov |
Keçmiş Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan öz bank hesablarından birindən dövlət xəzinəsinə 30 milyon dollar qaytarmağa hazırdır. Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş sədri, çirkli pulların yuyulmasında ittiham olunan Armen Avetisyan isə Tsaxkadzordakı otelini dövlətə vermək istəyir. Bu haqda Ermənistan baş nazirinin səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan deyib.
Belə ki, A.Sarkisyanın 30 milyon dolları haqqında söhbətlər Ermənistanda bir neçə ay əvvəl başlayıb. Əvvəlcə bu haqda Nikol Paşinyan danışıb: “Serj Sarkisyanın qardaşı A.Sarkisyanın yalnız bir Ermənistan bankında 30 milyon dolları var və bütün bu vəsaitə həbs qoyulub. Mən tələb edirəm ki, A.Sarkisyan ictimaiyyət qarşısında bir həftə ərzində könüllü şəkildə 30 milyon dolları dövlət büdcəsinə qaytarsın”.
Aleksandr Sərkisyan bu bəyanata cavabında baş naziri bank sirrini yaymaqda günahlandırıb və bütün hesabları üzərindən həbsi götürməyə çağırıb. O bildirib ki, vəsaitlər qanuni yolla əldə edilib. A.Sarkisyan qeyd edib ki, 1985-1995-ci illərdə Rusiyada bizneslə məşğul olub və Ermənistana böyük məbləğdə pulla qayıdıb. O, həmçinin xatırladıb ki, vətəndə də bizneslə məşğul olub. Daha sonra məlum olub ki, A.Sarkisyanın bütün hesablarına həbsi Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi qoyub. İlkin istintaqın gedişatı haqqında konkret məlumat yoxdur. Aleksandr Sarkisyana qarşı cinayət işi hələlik qaldırılmayıb.
N.Paşinyan bildirir ki, eks-prezidentin qardaşı könüllü şəkildə dövlət büdcəsinə 30 milyon dollar ödəməyə hazırdır. Bunun nə ilə bağlı olduğu hələlik bəlli deyil. Belə ki, Ermənistanın keçmiş prezidentinin qardaşı A.Sarkisyanı el arasında “Saşik” adlandırırlar. Onun haqqında çox vaxt “Saşikin 50 faizi” ifadəsini deyirlər. Serj Sarkisyanın prezidentliyi dövründə xalq arasında çoxları deyirdilər ki, biznesmenlər onun qardaşı “Saşik”ə öz gəlirinin 50 faizini ödəmək məcburiyyətindədirlər. Ermənistanda hakimiyyət dəyişikliyi baş tutandan sonra bu vəsaitlərin dövlət büdcəsinə qaytarılması tələbi səslənməyə başladı.
Məxməri inqilabdan sonra Aleksandr Sarkisyan bir neçə dəfə saxlanılıb, üzərində axtarış edilib və silah tapılıb. Amma bu silahın icazəli olduğu ortaya çıxıb. Milli Təhlükəsizlik Xidməti də Aleksandr Sarkisyanın evində axtarış aparıb. Bundan sonra onun oğlu Narek Sarkisyan haqqında axtarış elan edilərək həbs qərarı çıxarılıb, lakin sonra isə azadlığa buraxılıb.
Ermənistan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Armen Avetisyan özünə məxsus Tsaxkadzordakı oteli dövlətə bağışlamaq niyyətindədir. Bu haqda da Paşinyan bildirib. A.Avetisyana qarşı daha əvvəl çirkli pulların yuyulması maddəsi ilə cinayət işi qaldırılıb: “Mənə məlumat veriblər ki, Armen Avetisyanın ailəsi bir neçə gün əvvəl Dövlək Əmlak Komitəsinə müraciət edərək deyib ki, Tsaxkadzordakı Golden Palace otelini dövlətə bağışlayır. Cinayət işi qaldırılıb, amma görünən odur ki, onlar cəmiyyətdə əhvalın dəyişəcəyinə ümid edərək... bu addıma qərar veriblər”.
Paşinyan bildirib ki, əgər ötürülmə proseduru həyata keçirilsə, otel ictimai auksiona çıxarılacaq. Baş nazir səlahiyyətlərini icra edən N.Paşinyanın qənaətinə görə, otel 20 milyon dollar dəyərindədir. Xatırladaq ki, Armen Avetisyan Robert Koçaryanın prezidentliyi dövründə Dövlət Gömrük Komitəsinə rəhbərlik edib. Bütün bu proseslər onu göstərir ki, N.Paşinyan oliqarxları həbs yolu ilə təhdid edərək onlardan əldə etdiyi pullar hesabına ölkənin büdcəsini formalaşdırmaq niyyətindədir. Görünən odur ki, bundan sonra da S.Sarkisyanla əlaqəli olan başqa oliqarxları da həbs olunacaqları ilə bağlı təhdidlər etməyə davam edəcək. Beləcə, oliqarxlar öz canlarını N.Paşinyandan xilas etmək üçün böyük məbləğdə pullarından keçməli olacaqlar. N.Paşinyan bu yolla həm Ermənistanın büdcəsini formalaşdırmağa, həm də ölkədə kimin sözünün keçəcəyini göstərməyə çalışır. Həmçinin bu yolla oliqarxların daxili siyasətdə və siyasətçilər üzərindəki təsir formasını azaltmaq məqsədi güdür.