KÖŞƏ

Cavid Əkbərov

Möhtəşəm hərbi parad dünya KİV-ində

28 iyun 2018 22:16
4797

Azərbaycan Respublikası ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu tədbirlər Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması baxımından zamanın tələbindən, obyektiv zərurətlərdən irəli gəlir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi parad da ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin birlikdə 4000 nəfərədək şəxsi heyəti iştirak edirdi.

Bu hərbi parad hələ yaddaşlardan uzun müddət çıxmayacaq bir hadisə oldu. Parad ölkəmizdə böyük coşqu ilə qarşılandı və bütün regionda böyük rezonans doğurdu. Bir daha aydın oldu ki, Azərbaycanın təhlükəsizliyi çox qüdrətli bir hərbi gücə çevrilən ordumuz tərəfindən etibarlı şəkildə qorunur. Eyni zamanda müasir silahlara sahib Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü silahlı qüvvələrinə çevrildiyi bir daha öz təsdiqini tapmış oldu. Bu ordu ölkəmizə qarşı istənilən təcavüz hərəkətlərini bir andaca yox etmək və vaxtilə itirilmiş torpaqlarımızı çox qısa bir zamanda geri qaytarmaq gücünə malikdir.

Bu parad onu canlı və yaxud ekranlardan izləyən soydaşlarımız, dostlarımız üçün fərəh və iftixar, canlarına vəlvələ düşən xain qonşularımız üçün isə gözdağı oldu. Azərbaycan mətbuatı hərbi parad haqqında məlumatlara öz səhifələrində geniş yer verdi. Xarici mətbuat da adıçəkilən hərbi paradla bağlı müxtəlif informasiyalar yaydı. Sosial şəbəkə istifadəçisi olan xarici ölkə vətəndaşları da çoxsaylı paylaşımlar etdi. Şimal qonşumuz Rusiyaya məxsus saytlarda bu hadisə geniş işıqlandırılıb.

Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad qardaş Türkiyənin kütləvi informasiya vasitələrində də geniş işıqlandırılıb. İnformasiyalarda günbəgün qüdrətlənən Azərbaycan Silahlı Qüvvələrinin hərtərəfli inkişaf edərək qüdrətli orduya çevrilməsi dəfələrlə qeyd olunub. Qardaş ölkənin geniş tərkibli heyətlə paradda iştirakı, o cümlədən Türkiyə istehsalı olan hərbi texnika və məhsulların ordumuzun təchizatına daxil edilməsi və s. maraqlı məqamlar informasiyalarda xüsusi vurğulanıb.

Qardaş ölkənin “TRTHaber” kanalı “Azerbaycan ordusunun 100-cü kuruluş yıldönümü kutlanıyor” və “Türk Yıldızları ve SOLOTÜRK Bakü semalarında” başlıqlı xəbərlər hazırlayıb. Qeyd olunub ki, 26 iyun tarixində dünya Bakıda möhtəşəm bir paradın şahidi oldu.

“CNNTürk” televiziya kanalı da oxuculara paradı “Azerbaycan ordusunun 100 yılı kutlanıyor” başlıqlı xəbərlə çatdırıb. Bildirilib ki, təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub. Eyni zamanda qeyd edilib ki, Azərbaycan müasir ordusu ilə qürur duymalıdır.

Türkiyə hərbçilərinin Azərbaycan Ordusunun yaradılmasının 100 illiyinə həsr olunmuş paradda iştirakını diqqətə çatdıran kanalda iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində bundan sonra da uğurla inkişaf edəcəyi vurğulanıb.

Türkiyənin “TGRTHaber” kanalı “Solo Türk” ve “Türk Yıldızları” Azerbaycan’da” başlıqlı xəbəri tamaşaçılara çatdırıb. Vurğulanıb ki, Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak edib. Möhtəşəm hərbi paraddan sonra “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələr Bakı buxtası üzərində nümunəvi uçuşlar keçiriblər.

Qardaş ölkənin ən çox oxunan qəzetlərindən olan “Hürriyet” isə “Tarihte bir ilk! Milli füze SOM-B1 Azerbaycan Ordusu’nun geçit töreninde” başlıqlı xəbəri oxucularına çatdırıb. Vurğulanıb ki, nümayiş etdirilən silah sistemləri və hərbi texnikalarla Azərbaycanın hava məkanı düşmənin istifadəsində olan istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunub.

“Akşam” qəzeti isə “Azerbaycan SOM aldı, Rus uçağında kullanacak” başlıqlı xəbəri manşetdən verib. Qeyd olunub ki, Azadlıq meydanında təntənəli hərbi parad Azərbaycan Ordusunun döyüş imkanlarının əhəmiyyətli dərəcədə yüksəldiyini ortaya qoydu. Xaricdən alınan müasir silah növlərinin nümayişi ilə yanaşı, bu parad həm də Azərbaycanın müdafiə sənayesinin son illərdə böyük inkişaf yolu keçdiyini göstərdi.

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Bakıda hərbi paradda Türkiyə istehsalı olan Som-B1 raketi nümayiş etdirilib” sərlövhəli məqalə yerləşdirilib. Yazıda Bakıda hərbi paradda Som-B1 raketinin nümayişinin tarixdə unikal bir hadisə olduğu qeyd edilir. Bildirilir ki, Türkiyənin müdafiə şirkəti “Roketsan” tərəfindən istehsal edilən quru və dənizdəki hədəfləri məhv etmək üçün hazırlanan Som-B1 raketi 230 kiloqram döyüş mərmisinə sahibdir. Raket 250 kilometrdəki hədəfi məhv etmək bacarığına malikdir.

Ölkəmizin inkişafı, onun möhtəşəm ordusunun gücü göz qabağındadır. Xarici mətbuat və informasiya saytlarında verilən məlumatlardan da göründüyü kimi, Azərbaycan hərbi qüdrətini ən müasir silahlarla silahlanmış mütəşəkkil orduya malik olması ilə beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu hərbi parad dünyaya bir daha bəyan etdi ki, hər zaman sülh və danışıqlar yoluna üstünlük verən Azərbaycan işğal olunmuş torpaqlarını müharibə yolu ilə də azad etmək qüdrətinə malikdir.