KÖŞƏ

Günel Eyyubova

Kirli düşüncəlilər

18 may 2017 00:08
4481

Təəssüf ki, aramızda torpağını, millətini sevənlərlə yanaşı, xalqa arxa çevirənlər, hər addımda onu aşağılayanlar, xarici day-daylarının yanında yerlərini daha da rahlayaraq ağızlarına gələni, gözlərinə görünəni yalandan-palandan danışanlar da var. Onlar artıq Azərbaycan həqiqətlərini yalana çevirməkdə, xalqa böhtan atmaqda püxtələşiblər. 

Müxalifətin radikal kəsimi ümidini ancaq antiazərbaycan dairələrə sığınmaqla bildirir. Nəinki vətəndaş, hətta vətən daşı belə ola bilməyənlərdən bundan artığını gözləmək də yersiz olardı. Bizim dağıdıcılar heç zaman öz gözlərində tiri görməyiblər, amma yan-yörələrində tük axtarışına çıxıblar. Bunu da təbii ki, maddi maraqları baxımından ediblər. Xarici havadarlarından aldıqları  qrantlar bu miskinləri dağıdıcılığa yönəldib. Bu binəvalar nə qrantlardan keçə bilirlər, nə də Vətənə xəyanətdən usanırlar. Hər il marianetkaların önə çıxanları əməllərinin məqsədi eyni qalmaqla “çevir tatı, vur tatı” deyərək, xarici havadarlarının dirijor çubuğuna uyğun  siyasət yürüdürlər. Bernard Şounun belə bir fikri var: “Axmaq adam pis iş görəndə bu işin onun vəzifəsi olduğunu iddia edir”. İndi onun sözü olmasın radikallar da Nuh deyib, peyğəmbərə iman gətirməyənlər kimi iki ayaqlarını dirəyiblər “inostrannı” day-daylarının tayıcırıq başmaqlarına. Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə kölgə salmaq üçün “beşinci kolon”dan belə xəyanətkar qrupun fəal üzvlərindən olan başabəla jurnalist Xədicə İsmayıl və AXCP sədri Əli Kərimli kimilərdən istifadə həmişə ermənilərin marağına xidmət edir.

Bu gün Azərbaycanda ən mötəbər tədbirlərdən biri keçirilir. Turistlər ölkəmizin inkişafına, Azərbaycanın gözəlliyinə heyran qalırlar. Ölkəmizi daha yaxından tanımaq üçün yaranan fürsətdən istifadə edirlər. Azərbaycan dövlətinin tolerantlığı və iqtisadi gücü bir daha heyrət doğurur. Bu isə ölkəmizə qara pərdə arxasından baxan dağıdıcı müxalifətə sərf etmir, ona görə də “beşinci kolon” üzvləri dövlətimizi ləkələmək və xarici qonaqların təsəvvüründə mənfi təəssüratlar yaratmaq üçün əllərindən gələni etməyə çalışırlar.

Bəllidir ki, Azərbaycanın inkişafını həzm edə bilməyən xarici qərəzli dairələrlə əməkdaşlıq edən dağıdıcı müxalifət onların dediklərini yerinə yetirir, xəyanətlərinin qarşılığında isə dilənçi payı alırlar. Milli maraqlarımızı satanların ictimaiyyət tərəfindən qəbul olunmaması da onların satqınlıqlarını təsdiqləyir. Dağıdıcı müxalifət xəyanətlərini, xarici kəşfiyyat orqanları ilə əlaqələrini davam etdirir. Vətəndaş adına ləkə olan belələri üçün böyük şairimiz Məmməd Araz deyib ki, Vətən daşı olmayandan , olmaz ölkə vətəndaşı...