KÖŞƏ

Günel Eyyubova

Nadan ruhlular və ya zəifləmiş vücudlar...

24 yanvar 2017 00:06
2965

Höte: Əxlaq elə bir güzgüdür ki, burada hər kəs öz simasını göstərir...

Həqiqəti qəbul etmək, həqiqəti dəyişməkdən çətindir. Görürlər, amma gördüklərini inkar edirlər. Söhbət bizim 24 ildir kor tutduğunu buraxmayan kimi tutduqlarını buraxmayan müxalifətdən gedir. Özləri “bal tutub barmaq yalayıblar” deyə, xələflərini də “addımladıqları” cığırla aparırlar.

Onun dediyi bunun boğazından, bunun dediyi o birinin boğazından keçmir. Bir sözlə, bizim üzdəniraq müxalifət nümayəndələri öz aralarında belə yola gedə bilmirlər. Dünən can deyib, can eşidənlər bu gün artıq qrant davasına çıxıblar. Fransadakı qardaş iddiaya görə Bakıdakı qardaşının 175 min avrosunu yeyib, üstündən də su içib. İndi o qrant Qənimət Zahidin halalıdı, ya Əli Kərimlinin haqqıdı onu dəqiq deyə bilmərik. Çox güman ki, duz-çörək yesələr də, düz çörək yeməyiblər. Nə isə...

Özləri danışıb, şər-böhtan yağdırıb yorulanda da əllərinin altında  oyuncaq kimi istifadə etdikləri gəncləri  ortaya atırlar. O gənc dediyimiz  adamların da bəziləri tamamilə əxlaq normalarından bixəbər, tərbiyə nədi bilməyən şəxslərdir. Sosial şəbəkələrdə, bloqlarında, xarici havadarlarının maliyyə dəstəyi ilə “işlətdikləri” internet TV-lərində  öz  “tərbiyələrini” göstərirlər. Yeri gəlmişkən, haşiyə çıxıb bir məqamı qeyd edək ki, hər kəs tənqid oluna bilər və yerində söylənilən tənqid normal qarşılanır. Amma kimsə kimisə təhqir edirsə, əlbəttə, polisə də çağrılacaq, hələ üstəlik cəzasını da çəkəcək.

Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi bilikli, vətənpərvər, fəal, öz dövlətinin gələcəyinə sahib çıxmağı bacaran gənc nəslin formalaşdırılmasıdır. “Milli Şura” və orada təmsil olunmuş partiyalar isə gəncliyi öz hakimiyyət planlarının reallaşmasında vasitə kimi istifadə etməyə çalışırlar. Müxalifət üçün ermənilərdən pul alıb öz ölkəsinə qarşı işləmək, küçələrə, meydanlara çıxaraq sabitliyi pozmaq, xarici antiazərbaycan dairələrin “beşinci kolon”u qismində Azərbaycan xalqının milli maraqlarına təhlükə yaratmaq fəal gənclik nümunəsidirsə, böyük əksəriyyət təşkil edən sağlam gənc nəsil heç vaxt onun yanında ola bilməz. Hər bir ölkənin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual səviyyəsinin artırılmasından, cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən birbaşa asılıdır. Gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir.

Fin yazıçısı, filosof, diplomat İohan Vilhelm Snelmanın fikridir: “ Gəncliyin ruhunu istifadə edilməyən bir tarla kimi özbaşına qoysanız, orada gicitkən və tikandan başqa bir şey tapa bilməzsiniz”. Müxalif düşərgənin qulağı eşitməyən, gözü anadangəlmə görməyən, əli xarici dairələrin ətəyində gəzən funksiyanerləri ölkədəki inkişafı da, gənclərə olan diqqət və qayğını da duyub, hiss etmirlər. Kor tutduğunu buraxmayan kimi bunlar da 24 ildir ölkə və vətən “təəssübü” çəkirik, ay dünya deyibən, car çəkirlər. Bar-bar bağırırlar ki, bizim azadlığımız məhdudlaşdırılır, daha nələr, nələr...

Nikolay Qoqol deyirdi ki, gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var. Amma gənclər də gərək elə yaşasınlar, elə addım atsınlar və ən nəhayət o insanların açdıqları cığırla irəliləsinlər ki, onlar da xoşbəxt gələcəklərini təmin etsinlər.