KÖŞƏ

Günel Eyyubova

Terrorizm - insanlara bəla gətirən kabus

17 avqust 2017 23:32
3945

Terror günümüzün ən aktual mövzularından biri olmaqla yanaşı, həm də hazırda dünyanın ən ağrılı bəlasıdır. Son bir neçə ildə terrorizm ayrı-ayrı ölkələrin sərhədlərini aşaraq beynəlxalq aləmi ciddi narahat etməyə başlayıb. Bu gün bütün dünya terrorla mübarizə aparır. Məmurdan tutmuş sıravi vətəndaşa qədər hamı dərk edir ki, onların özləri də istənilən an terrorizmin hədəfinə çevrilə bilərlər. Təkcə son illərdə bütün dünyada baş verən terror hadisələrini bir anlıq göz önündə canlandırsaq görərik ki, terror qurbanlarının əksəriyyəti günahsız insanlardır.

Terrorun tarixi əslində çox qədimdir. Belə ki, bizim eradan əvvəl 44-cü ildə Qay Yuli Sezarın Brut tərəfindən öldürülməsi siyasi terrorizmin klassik aktlarına misal kimi göstərilə bilər.  Terror və ya terrorizm siyasi, dini və ya iqtisadi hədəflərə çatmaq məqsədilə özündə hər cür zorakılığı birləşdirən bir anlamı ifadə edir. Əlbəttə, bu, terrorun dəqiq açıqlaması deyil.  "Terror" termininin dəqiq akademik tərifi yoxdur. 1936-1981-ci illər arasında terrorizmə 109 fərqli tərif verilib. "Terrorizm" ifadəsi isə ilk dəfə 1975-ci ildə Fransada 1973-74-cü illərdə hökm sürən ictimai qarışıqlığa qarşı hökumətin tətbiq etdiyi çəkindirmə siyasətini ifadə etmək üçün istifadə edilib. 2001-ci il fevralın 19-da qüvvəyə minən Böyük Britaniyanın yeni antiterror qanunvericiliyi terrorizmə aşağıdakı xarakteristikanı verdi: "Şəxsiyyətə qarşı zorakılıq, əhalinin təhlükəsizliyi və sağlamlığına qarşı risk, əmlaka ciddi ziyan, elektron sistemlərinin işinin pozulması və s. ilə əlaqədar olan, siyasi, dini və ideoloji motivlərlə həyata keçirilən hədə və zorakılıq aksiyası terrorizmdir".

Müasir dövrdə terrorizmin qurbanları hər gün daha da artır. Bu günahsız kütlə arasında müxtəlif ölkələrin nümayəndələri, fərqli dinlərin, başqa-başqa irqlərin nümayəndələri var. Elə bu səbəbdəndir ki, dünya ictimaiyyətinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparması zəruridir. Terrorizmə qarşı ayrı-ayrı ölkələr müxtəlif addımlar atırlar. Məsələn, diplomatik cəbhədə, BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul olunmuş bir qətnaməsi bütün 189 üzv qarşısında vəzifə qoyur ki, terrorçulara qarşı hamı mübarizəyə qalxaraq, terrorçuları ədalət mühakiməsi qarşısına gətirsinlər.

Əgər terrorizmdən, terrordan danışırıqsa erməni terrorizminə toxunmadan mövzuya davam edə bilmərik... Milyonlarla dinc vətəndaşın qətlinə səbəb olan erməni terrorunun 100 ili ötən tarixi var. Erməni terror təşkilatlarının törətdikləri 22 terror aktı nəticəsində 2000 nəfərdən artıq insan həyatını itirib. XX əsrdə "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur. Bu erməni terror təşkilatlarının fəaliyyəti keçən əsrin 70-80-ci illərində  daha da genişlənib. 1975-ci ildə  -  Livanda yaradılan "Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu" (ASALA) adlı  təşkilatın üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədiblər və nəticədə yüzlərlə günahsız insan erməni terrorizminin qurbanı olmuşlar. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən ASALA terror təşkilatının məqsədi Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. Yarandığı vaxtdan təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Xüsusən Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmiş hərbi əməliyyatlara dəstək məqsədilə 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə və infrastruktur obyektlərə qarşı cəbhə bölgəsindən xeyli uzaqlarda çoxsaylı terror aktları törədilib. Adıçəkilən terror qruplaşmaları hərbi əməliyyatların getmədiyi ərazilərdə belə terror aktları təşkil etməklə, minlərlə günahsız insanı qətlə yetiriblər.

AŞPA-nın 2001-ci il payız sessiyasında beynəlxalq terrorizm problemi müzakirə edilərkən Azərbaycan nümayəndə heyətinin başçısı olan cənab İlham Əliyev tutarlı faktlarla çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı vaxtdan bəri 32 terror aktı törətdiyini və bunun nəticəsində 2 min Azərbaycan vətəndaşının həlak olduğunu, 1 milyondan çox vətəndaşımızın ev-eşiyindən didərgin düşdüyünü bildirmiş, həmçinin ASALA erməni terror təşkilatının Ermənistan hökuməti ilə sıx əlaqədə işlədiyini bəyan etmişdi. 2002-ci ilin sentyabr ayında AŞPA-nın növbəti sessiyasının müzakirələrində həm Azərbaycanın, həm də Ermənistanın Avropa Şurası qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi məsələsi ilə bağlı çıxış edən cənab İlham Əliyevin prinsipial mövqeyi və diplomatik səriştəsi nəticəsində qəbul olunan sənəddə Azərbaycan üçün çox əhəmiyyətli düzəlişlər edildi, ən başlıcası isə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı bu mötəbər təşkilatın sənədində əksini tapdı.

Bir zamanlar fəaliyyətini dayandırdığını deyən ASALA nə səbəbdənsə bir müddət sonra yenidən "dirildi". Təşkilatın vaxtilə Parisdə Türkiyə səfirliyinə qarşı terror həyata keçirən iki üzvü mətbuat konfransı keçirdilər.  Həmin mətbuat konfransında terrorçulandan biri Vazgen Sislyan dedi ki, ASALA fəaliyyətini dayandırmayıb və həm Ermənistanda, həm Türkiyədə və digər ölkələrdə fəaliyyətdədir. Lakin onun dediyinə görə, təşkilat silahlı əməliyyatlara fasilə verərək öz mübarizəsində siyasi vasitələrdən istifadə etməyə çalışır. Bununla belə, istənilən vaxt yenidən silahlı mübarizəyə əl ata bilər.

Göründüyü kimi, terror hal-hazırda bəşəri problemə çevrilib. Odur ki, insanlarda terrora qarşı həssas olmağı, bütün vasitələrlə fitnəkarların qurbanına çevrilməmələrini aşılamaq lazımdır.