KÖŞƏ

Elçin Zaman

Ermənistanda “lələ köçüb, yurdu qalıb"

05 fevral 2018 14:54
4050

Sarkisyan rejimi ölkədən qaçan ermənilərin yerini Suriya qaçqınları ilə doldurmağa çalışır

Ermənistanda sosial-iqtisadi vəziyyətin ağır olması insanları ölkəni tərk etməyə vadar edir. Kasıb ermənilər iş tapmaq, normal həyat tərzi yaşamaq üçün xaricə qaçırlar. Onların ən çox üz tutduqları ölkə isə Rusiya Federasiyasıdır. Ermənistanın Statistika Komitəsinin rəsmi məlumatına əsasən, ötən 2017-ci ildə bu ölkəni  40 mindən çox erməni vətəndaşı tərk edib. 2016-cı ildə isə Ermənistandan köçənlərin sayı 38 min nəfər olub.

Erməni ekspertlərin fikrincə, Ermənistandan qaçan vətəndaşların sayı rəsmi statistikada göstəriləndən qat-qat çoxdur. Əslində isə Serj Sarkisyan və onun korrupsioner, mafioz rejimi həqiqi rəqəmləri xalqdan gizlətməyə çalışır. Ermənistan prezidenti Serj Sarkisyan Respublika partiyasından növbəti prezidentliyə namizədin  Ermənistanın Böyük Britaniyadakı səfiri, keçmiş baş nazir Armen Sarkisyanın olduğunu bəyan edib.

Bu bir gerçəklikdir ki, erməni gəncləri artıq Sarkisyanın uçuruma yuvarladığı Ermənistanda yaşamaqdan beziblər. Fürsət düşdükcə onlar ölkədən qaçmağa çalışırlar. Serj Sarkisyan isə bu köçün yerini doldurmaq üçün Suriyada yaşayan ermənilərdən isfadə edir. Suriyada davam edən 7 illik müharibədən qaçan erməni kökənli suriyalılar indi Ermənistana köçməyə başlayıblar. Erməni mətbuatında açıqlanan rəqəmlərə görə, Ermənistan hakimiyyəti 2012-2017-ci illər ərzində 19500 Suriya ermənisinə vətəndaşlıq, 2 min nəfərə isə yaşamaq icazəsi verib. Serj Sarkisyan daha da irəli gedərək Suriya ermənilərinin bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində məskunlaşdırıb.

İşğalçılıq siyasəti ilə özünü təcrid vəziyyətinə salmış Ermənistanın mövcud real mənzərəsi isə belədir: iqtisadi tənəzzül, aclıq və səfalət, vətəndaşların öz gələcəklərinə və dövlətlərinə inamsızlığı...Həmişə büdcəsini xarici ianələr,  diaspor təşkilatlarından  diləndiyi maliyyə  hesabına doldurmağa çalışan Serj Sarkisyan hökuməti artıq erməni diasporunun da etimadını itirib. Belə ki, Avropa Erməniləri Assosiasiyaları Forumunun sədri Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə qoymamağa çağırıb. O, diaspor üzvlərinə nə qədər ki, ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyan var, Ermənistandan üz döndərməyə çağırıb.

Ermənistandakı iqtisadi-siyasi uğursuzluqlardan danışan Aşot Qriqoryan deyib ki, hökumət əhaliyə daim yalan danışır. Onların korrupsiya və fırıldaqçılığına görə Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar oradan qaçır. Diaspor ölkəyə kifayət qədər pul xərcləyib, biznes planlar hazırlanıb, lakin bütün səylər boşa çıxıb. Sərf olunan pullar təyinatı üzrə istifadə edilməyib. Belə olmasaydı, Ermənistan iqtisadiyyatı tənəzzülə uğramaz, əhali normal şərtlər altında yaşayardı. Ölkədə isə hazırda böhran, aclıq və səfalət hökm sürür. Bütün bunların kökündə hökumətin yürütdüyü işğalçılıq siyasəti dayanır. Hakimiyyət illərdir ki, Dağlıq Qarabağ kartından öz maraqları üçün istifadə edir. Bu ölkənin ötən əsrin 90-cı illərində Azərbaycana qarşı başlatdığı ərazi iddiaları birinci növbədə sadə vətəndaşlara təsir edib.

Hökumət həmin dövrdə Ermənistana köçən ermənilərdən istifadə edərək xarici təşkilatlardan külli miqdarda pul alır. Bu məsələni araşdıran "Epress.armenia" xəbər portalı ortaya maraqlı faktlar çıxarıb. Məlum olub ki, Ermənistan hökuməti bütün səfirliklərə Azərbaycandan gələn ermənilərin ölkələrinə buraxılmaması tapşırığını verib. Abovyanda məskunlaşan Stella Arutunyan ağır şərtlər altında yaşadıqlarını deyib. Qeyd edib ki, onlar Ermənistanda girov kimi yaşayırlar. Bir vaxtlar Azərbaycanda yaşadıqları həyat tərzindən burada əsər-əlamət yoxdur. Yerli ermənilər onlara düşmən münasibəti bəsləyirlər. Stella Arutunyan hələ aylar əvvəl “Epress.armenia" portalının jurnalistinə belə bir sual verib: "Siz belə şərtlər altında yaşasaydınız Ermənistan vətəndaşı olmaq istərdinizmi? Burada bizə yer yoxdur".  S.Arutunyan Ermənistanda yaşayan əhalinin iflas, işsizlik, pul vəsaitinin çatışmazlığı kimi problemlərə dözə bilmədiyini qeyd edib. Bu səbəbdən ölkəni tərk etmək istəyənlər arasında o da var. Lakin buna onun imkanı yoxdur. Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib ki, qaçqınlara ev tikmək üçün büdcədə pul çatmır, heç bir perspektiv də gözlənilmir.

Ölkədəki iqtisadi və siyasi xaos Ermənistanda cinayət hallarının artmasını da sürətləndirib. Ermənistan DİN-in rəhbərliyi son 3 ildə ölkədə baş verən cinayətlərin artması barədə açıqlama verib. Açıqlamada 2017-ci ildə Ermənistanda xüsusilə ağır və mütəşəkkil cinayətlərin sayının kəskin şəkildə artdığı bildirilir. Həmçinin, qətl hadisələrinin və qətlə cəhdlərin sayında da çoxalmanın müşahidə olunduğu qeyd edilir. Xüsusilə açıqlamada dəqiq bildirilib ki, mərkəzi şəhərlərdə adam, ev, cib oğurluğu, qarət, quldurluq, dələduzluq hadisələri üzrə cinayətlər xeyli artıb.

Təbii ki, sadalanan bu kimi kriminal olaylar və korrupsiyanın tüğyan etməsi xaos içində çabalayan Ermənistanın, onu mövcud hakimiyyətinin  sonunu sürətləndirir. Qeyd edək ki, bu ilin martın 2-də  Ermənistanda keçiriləcək prezident seçkilərində Serj Sarkisyan Respublika partiyasından növbəti prezidentliyə namizədin  Ermənistanın Böyük Britaniyadakı səfiri, keçmiş baş nazir Armen Sarkisyanın olduğunu bəyan edib. A.Sarkisyan Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan, Qazaxıstanda energetika, neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət "Knightsbridge Group" korporasiyasının sahibidir.

Bu arada Ermənistan müxalifəti Serj Sarkisyan hakimiyyətinə və onun namizədinə qarşı birləşmək qərarını gözdən keçirir. Onların qəti fikri belədir ki, Serj Sarkisyanın partiyası və rəhbəri erməni xalqı qarşısında törətdiyi korrupsiya cinayətlərinə və digər  kriminal hadisələrə görə cavab verməlidirlər. Erməni müxalifətinin liderləri iddia edirlər ki, Serj Sarkisyanın yarıtmaz  fəaliyyəti nəticəsində ölkələri son 15 ildə tamamilə beynəlxalq aləmdən təcrid olunub.