Elçin Zaman |
Böyük soyqırımların müəllifi olan bu ölkə Azərbaycana hansı haqla irad bildirir?
Bir neçə gün əvvəl Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli sənəd artıq bumeranq effekti verməkdədir. Heç şübhəsiz ki, Fransanın Cənubi Qafqazın hərbi və iqtisadi baxımdan ən güclü ölkəsi olan Azərbaycana qarşı növbəti riyakarlığı ona ağır başa gələcək. Xüsusilə Prezident İlham Əliyevin verdiyi açıqlamalarda açıq şəkildə göstərilir ki, Fransa bundan sonra heç vaxt Cənubi Qafqazda sülh danışıqlarında vasitəçilik, yəni, ümumilikdə geopolitik proseslərdə iştirak edə bilməyəcək.
Bundan başqa, ölkəmizin başçısı Fransanı sülh prosesindən kənarlaşdırmaqla da kifayətlənməyərək bu dövlətin Əlcəzairdə törətdiyi kütləvi soyqırımlarını da rəsmi Parisə xatırladıb. Bununla da Fransaya olduqca ciddi xəbərdarlıq edib. Hətta Fransa Senatının erməni separatçı-terrorçulara «müstəqillik nağılları» danışması da biabrçılıqdır. Fransa Senatı bu «müstəqillik nağılları»nı Korsika adası ilə bağlı danışsa daha yaxşı olar.
Eyni zamanda, Fransa Əlcəzairdə, Mərakeşdə, Ruandada və s. Afrika ölkələrində kütləvi qətliamlar törətməsinə görə də qınanılır. Həmin ölkələrdə Fransanın milyonlarla insana qarşı soyqırım törətməsi fransızları tarix qarşısında üzüqara çıxaran dəhşətli faktlardır. Belə ki, son 100 ildə Fransa dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal, sərvətlərini talan edərək xalqlarını uzun illər əsarətdə saxlamışdır. Hətta törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixindən silinməsi mümkün olmayan qara ləkədir. Belə ki, 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın ödənilməsi məsələsindən də boyun qaçırır.
İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ermənistan himayədarı olan Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırmışdır və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən dövrdə 270-dən çox Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsinin Fransa tərəfindən bir dəfə də olsa pislənilməməsi bu ölkənin humanitar hüquqa necə selektiv yanaşdığını növbəti dəfə nümayiş etdirir.
Əlcəzairin 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirilib. Məhz buna görə də Əlcəzair «1,5 milyon şəhid ölkəsi» adlandırılır.Qarabağda yaşayan 20- 25 min erməniyə müstəqillik tələb edən Fransa ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına vaxtı ilə muxtariyyət belə verməkdən imtina etmişdir. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir parçası, dənizarxası ərazisi – Fransa Əlcəzairi adlandırmışdır.
Həyasızlığa baxın ki, XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərin kəllə sümükləridir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir. Bu cür mağara təfəkkürünə hazırda Fransadan başqa dünyanın az dövlətində rast gəlmək mümkündür.
Eyni zamanda, Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə «Kasablanka döyüşü» kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilmişdir. Tunisdə 1956-cı ildə mübarizə nəticəsində Fransa işğalına rəsmən son qoyulsa da Fransa tərəfi ölkənin suverenliyinə hörmət etməyərək, bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlamağa cəhd göstərmişdir. 1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab vermişlər. Həmin vaxtlarda 5 minə yaxın tunislinin öldürüldüyü bu ölkənin Qırmızı Xaç Cəmiyyəti tərəfindən qeydə alınmışdır; Fransa işğal etdiyi ölkələrdə Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan – zəhərli qazlardan istifadə etmişdir. Həmin qazların təsirinə məruz qalmış insanların nəvə-nəticələri bu gün də onkoloji və digər xəstəliklərdən əziyyət çəkir.
Son bir neçə ildir ki, Fransada müsəlmanlara və yəhudilərə qarşı da kəskin nifrət hissi formalaşıb. Belə ki, 2020-ci ilin yanvar ayında Fransanın daxili işlər naziri Kristof Kastaner 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci il ilə müqayisədə 27 faiz, müsəlmanlara qarşı hərəkətlərin 54 faiz artdığını etiraf etmişdir. Həmçinin o, əsasən təhdid xarakteri daşıyan irqçi və ksenofob hərəkətlərin 2018–2019-cu illər ərzində iki dəfədən çox artaraq 496-dan 1142-yə yüksəldiyini bildirmişdir.
Rəqəmlərdən də göründüyü kimi, Fransa bu gün Avropanın ən şovinst ölkələrindən birincisidir. Məhz elə buna görədir ki, Ermənistanda Azərbaycana qarşı döyüşən muzdlu döyüşçülərin arasında Fransa vətəndaşları çoxluq təşkil edir.