Elçin Zaman |
1993-cü ilin iyunun 4-də Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi hissə ilə hökumət qüvvələri arasında silahlı toqqusma baş verdi. Məlum hadisə zamanı ümumilikdə 35 nəfər həlak oldu və «Gəncə hadisələri» kimi tarixə düşən bu olay AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələndi. Bu hadisələrlə əlaqədar müxtəlif fikirlər səsləndirilsə də, Azərbaycanı uçuruma aparan xaos «müəllifləri» günahlarını bir-birlərinin üzərinə atsalar da tarixi faktlar dəyişmir: ölkəyə vurulan siyasi, iqtisadi, ən əsası isə mənəvi zərbə insanların gələcəyə olan inamını qırmışdı.
AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirən gündən ölkədə özbaşınalıq hökm sürürdü. Siyasi ehtiraslar səngimək bilmirdi. Ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılıqları, üstəgəl torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi insanların səbrini daşırmışdı. Həmin vaxt respublikada vəziyyətin ağırlaşdırıcı faktorlarından biri də iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənirdi. Vəzifəyə təyinetmə zamanı savad, təhsil, dünya görüşü əsas götürülmürdü. Rəhbərlik bir qayda olaraq ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət və səriştə məsələlərinə önəm verən yox idi. Gəncə hadisələri məhz ölkədə son nöqtəyə çatmış böhranın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətlərinin gücləndiyi və xüsusilə AXC-Müsavat iqtidarına qarşı ümumxalq inamının heçə endiyi bir dövrdə baş verirdi. Digər tərəfdən, daxildə baş qaldırmış birincilik davası da vəziyyəti getdikcə gərginləşdirirdi.
Prezident İlham Əliyev çıxışlarının birində həmin dövrü xarakterizə edərək demişdi ki, rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi maraqları haqqında düşünürdülər: «Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də öz xilaskarına – Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi».
İqtidar tərəfindən Gəncəyə göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç mindən artıq idi. Lakin həmin vaxt ölkəyə rəhbərlik edənlərin heç biri hadisə yerinə getməmişdi. Bunu həmin vaxt Milli Məclisdə yaradılmış 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən Deputat-İstintaq Komissiyası da öz rəyində əks etdirmişdi. Komissiyanın hazırladığı arayışda qeyd edilirdi ki, 1993-cü ilin 4 iyununda Gəncə şəhərində qardaş qırğını baş verdiyi halda, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy, Ali Sovetin sədri İsa Qəmbər, baş nazir Pənah Hüseynov, dövlət katibi Əli Kərimov və respublikanın digər rəhbər vəzifəli şəxsləri hadisə yerində olmamış və vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli tədbir həyata keçirməmişlər.
1993-cü il 4 iyun qiyamından sonra respublikadakı mövcud siyasi və hərbi vəziyyət daha da gərginləşərək nəinki vətəndaş müharibəsi həddinə çatmışdı, hətta hərbi hissələrdə fərarilik, nizamsızlıq xeyli artmışdı. Bu şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, sonradan onların işğalı ilə nəticələnmişdi.
Həmin dövrdə Surət Hüseynov da Azərbaycanda qarşıdurma yaradan və ölkəni xaosa sürükləyən digər bir qüvvəyə çevrilmişdi. O da məlum idi ki, qiyamçı Surət Hüseynovun hərbi hissəsindəki komandirlərin bəziləri qatı cinayətlərdə əli olan «türemşiklər» idi. Onlar tankların üzərində Bakıya doğru irəlilədikcə talançılıqla məşğul olur, insanları qətlə yetirirdilər. Yəni, Azərbaycan xalqı bir tərəfdən səriştəsiz, bacarıqsız və qorxaq AXC-Müsavat iqtidarından əziyyət çəkirdisə, digər tərəfdən Surət Hüseynovun bandit hərbi dəstəsinin zorakılıq hallarından cana yığılmışdı. Xüsusilə Surətin dəstəsi bir çox yerlərdə ayrı-ayrı şəxsləri məhkəməsiz həbs edir və öz adamlarını vəzifələrə təyin edirdi.
1993-cü il iyun ayında artıq Azərbaycan xalqı anladı ki, bu ölkəni təhlükəli durumdan xilas edəcək yeganə insan dünya şöhrətli siyasətçi və dövlət xadim, Naxçıvn Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev ola bilər. Məhz ona görə də həm xalq, həm də Elçibəy hakimiyyəti Heydər Əliyevi təkidlə Azərbaycana rəhbərliyə dəvət etdilər. Məhz bu dahi insanın Bakıya gəlməsi ilə qısa müddətdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu.
Ulu öndər Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi: «1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər.»
Bəli, həmin qiyamdan və xaotik dövrdən keçən 29 ildə Azərbaycan çox qüdrətli bir dövlətə çevrildi. Xüsusilə Ulu Öndərin inkişaf strategiyasını dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyev son 19 ildə Azərbaycanı bölgədə söz sahibinə çevirdi. İkinci Qarabağ müharibəsinin isə böyük Zəfərlə bitməsi bu qüdrətin pik nöqtəsi oldu. İndi Azərbaycan xalqı güvənilən liderə və qüdrətli dövlətə malikdir. Bu önməli faktorlar isə ölkəmizin bundan sonra da uğurlu inkişafına yeni imkanlar qazandıracaqdır.