KÖŞƏ

Elçin Zaman

Sərhədsiz erməni vandalizmi

07 iyul 2022 00:26
5392

İrəvandakı məşhur Təpəbaşı məhəlləsinin məhvi ilə bağlı UNESCO-ya müraciət edilib

Ermənistan işğalçı olmaqla bərabər, həm də vandalizmi və barbarlığı dövlət siyasəti səviyyəsinə yüksəldən ölkədir. Biz bunu ötən illər ərzində dəfələrlə görmüş və müşahidə etmişik. Xüsusilə, Azərbaycanın işğal altında olan torpaqları azad edildikcə həmin yerlərdə Ermənistanın həyata keçirdiyi vandalizm və barbarlıq hərəkətlərini isbatlayan dəhşətli mənzərələr ortaya çıxıb. Onlar İslam dəyərlərini, tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan ediblər. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur.

İşğala qədər Qarabağda və Şərqi Zəngəzurda təqribən 403 tarixi-dini abidə var idi. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgah idi. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan məhz İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. İşğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Həmin abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün olmadığına görə vandallar çıxış yolunu onları yerlə-yeksan etməkdə görmüşlər.

Məhz bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq qalmışdı. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək Ağdamda, Zəngilanda, Qubadlıda məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Erməni vandalizminin və barbarlığının daha bir nümunəsi isə İrəvan şəhərinin ürəyi sayılan və dədə-babalarımızın min illərlə yaşadıqları Təpəbaşı məhəlləsinin dağıdılaraq tamamilə erməniləşdirilməsidir. Qədim Təpəbaşı məhəlləsi İrəvan şəhərinin şərq yüksəkliyində yerləşirdi. Bu ərazi İrəvanın tarixi məskənlərindən biri olub.

 «Elmi araşdırmalar» İctimai Birliyinin sədri, İrəvanın keçmiş sakini Telman Qasımov apardığı elmi araşdırmalar nəticəsində belə qənaətə gəlib ki, ermənilər burada azərbaycanlılara aid olan ən son işarəni də məhv ediblər. Onun sözlərinə görə, keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər Təpəbaşının özünəməxsus obrazını yaratmışdılar: «Bu məhəllədə sadə insanlarla yanaşı, şəhərin adlı-sanlı şəxsləri, sənətkarları və tacirləri yaşayıblar. Onların təkcə torpaqları yox, həm də mülkləri də olub. Xatirimdədir ki, sakinlər məscidlərdə toplanıb çay içib söhbət edirdilər. Bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə, ermənilər tərəfindən xarabalığa çevrilib. Dünya buna səssiz qalmamalıdır. Biz ictimai birlik olaraq İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət etmişik. Tələbimiz budur ki, burada qədim türk abidələrinə qarşı həyata keçirilən vandalizm və barbarlıq aktlarına son qoyulmalıdır. Beynəlxalq təşkilatlar məsələni xüsusi diqqətdə saxlamalıdırlar.»

Göründüyü kimi, ermənilər harada tariximizə və mədəniyyətimizə aid nümunə görüblərsə onun məhvinə çalışıblar. Təəssüflər olsun ki, mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və mədəni sərvətlərimizin qanunsuz olaraq ölkə ərazisindən çıxarılması da daxil olmaqla, müharibə cinayətlərini araşdırmaq üçün müvafiq beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər 30 illik işğal boyunca nəzərə alınmamışdır.