KÖŞƏ

Şəmsiyyə Əliqızı

Hoqqabazlıq sizdən, gülmək bizdən

08 fevral 2018 00:11
6623

Bu gün ölkəmizdə qərəzli xarici dairələrlə əməkdaşlıq edən, hər zaman şəxsi maraqlarını üstün tutan, dövlət, xalq, milli maraqlar kimi ali dəyərləri  ayaqlar altına atan “siyasətçilər” var. Ən böyük dəstəyin xalq olduğunu unudan bu riyakarlar seçkidən-seçkiyə xarici dövlətlərdə dayaq axtarırlar. Bu dağıdıcı ünsürlər rəhbərlik etdikləri partiyalardan, tabeliklərində olan mətbu orqanlardan yalnız biznes kimi yararlanırlar. Artıq bu mətbu orqanları da əllərində saxlamaq iqtidarında olmadıqları üçün ancaq sosial şəbəkələrdə saxta profillərlə trolluq edirlər. Onların əsas gəlir mənbəyi isə ermənipərəst dairələrin ayırdığı sədəqəyə hesablanır. Xaricdən alınan qrantlar, onların təyinatı üzrə xərclənməməsi isə həmin qüvvələrin fəaliyyətinin əsasını təşkil edir.

 Uzun illərdir ki, ermənipərəst dairələrdən qəpik-quruş alaraq ölkəmiz əleyhinə fəaliyyət göstərmək dağıdıcı  müxalifətin sağalmaz mərəzinə çevrilib. Bu da dağıdıcıların şəxsi maraqlarını dövlətçilik maraqlarından üstün tutmalarından irəli gəlir. Əslində Ə.Kərimlinin nə üçün sabahdan axşamacan saxta qadın profilləri ilə uğraşaraq sosial şəbəkələrdə vaxt keçirməsinin bir anlamı var. Bu insan (demək mümkündürsə) çirkin xislətinin müqabilində neçə sent alacağını yaxşı bilir. İllərdir ki, təmsil etdiyi partiyadan ancaq  alver məqsədi ilə yararlanan, xarici antiazərbaycan dairələrdən ianələr alan Ə.Kərimli artıq onun yedəyinə çevrilmiş “Milli Şura”” adlanan qondarma qurumun da işə yaramadığının fərqindədir. Ona görə də mütamadi olaraq üzdəniraq dəstəsi ilə “siyasi məhbus” adı altında maxinasiyalara baş vurmaqdan çəkinmirlər.

Əli Kərimli hər hansı bir tərəfdarının qanunları pozmasının, nəticədə həbs olunmasının tərəfdarıdır. Çünki “Siyasi məhbus” adı altında qazandıqları ilə özünə bütün lazım olan şəraiti yaradıb. Ailəsini lüks şəraitlə təmin edib. Adlarından istifadə etdiyi adamların ailəsinə isə bir qəpik belə verməyib. Son günlər növbədənkənar prezident seçkilərinin keçirilməsi xəbəri dırnaqarası müxalifətçiləri lap təşvişə salıb. Görəsən bu partiyaların seçkilərə hazırlıqdan savayı hansı mühüm işləri var imiş ki, belə həyacan keçirirlər. Bildiyimizə görə, bütün siyasi partiyalar bütün situasiyalarda hər zaman seçkilərə hazır olmalıdırlar. Daha 4 ildən bir yaxud beş ildən bir əl-ayağa düşməməlidirlər. Yazıqlar prezident olmağa güclərinin olmadıqlarını zatən əla başa düşürlər. Sadəcə vaxt çox olanda daha çox sifariş yerinə yetirirlər ki,  bunun müsabilində də aldıqları sədəqə bir az fərqli olur. Bu kimi cılız partiyalara seçkilər ancaq beş-üç qərik qazanmaq üçün lazımdır,  nəinki hakimiyyətə gəlmək üçün.  Hakimiyyətə gəlmək istəyən partiyanın məramı, məqsədi, nizamnaməsi, komandası, hətta şəxsi büdcəsi olmalıdır. Qonşudan düşən işıqla keçinmək olmaz. Bunu da gözəl anlayan yazıq dağıdıcı müxalifətçilərimiz prezident olmaq uğrunda deyil, yalnız öz aralarında bir balaca üstün olmaq, reytinqə görə xarici himayədarlarından daha çox pul qoparmaq üçün axmaq bir oyuna girişib mübarizə aparırlar. Son günlər sosial şəbəkədə AXCP sədri Əli Kərimlinin REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla kəskin qarşıdurması müşahidə olunmaqdadır. Qeyd edim ki, bu insanlar  ancaq sosial şəbəkələrdə mübarizə aparırlar.  Əslində, bu qarşıdurmaların əsas səbəbi keçirilən sosial sorğularla bağlıdır. Daha dəqiq desək, virtual seçkilərdə cəbhəçi-realçı üzvlər və onların saxta profilləri trolluq edərək, öz sədrlərinin digərindən üstün olduğunu müxtəlif vasitələrlə göstərməyə cəhd edirlər. Bu kimi sorğulara tərəflərin cinahında olan partiya sədrləri və birlik rəhbərləri də çıxarılır. Nəticədə isə bu ünsürlər arasında təhqirlərlə müşayiət edilən qarşıdurmalar yaşanır. Onu da xatırladım ki, Müsavatın sabiq başqanı İsa Qəmbər də həmin bu gülməli reytinq  siyahısında yer alsa da AXCP ilə REAL hərəkatının beş-üç nəfərlik trolları tərəfindən çıxdaş edilib. Hətta Arif Hacılı müsavatçıları sözügedən sorğuda zəif iştirak etməkdə günahlandırıb. Sonra növbə AXCP sədri Ə.Kərimliyə çatıb. Belə ki, AXCP üzvləri və saxta profillərə sahib olan trollar İ.Məmmədovun “like””ları  qarşısında uduzublar. Yəni virtual sorğuda İ.Məmmədov Ə.Kərimlini üstələyib. Viirtual sorğudan sonra virtual savaşa qalxan cəbhəçilər öz qaragüruhçuluqlarına sadiq qalaraq, REAL-çılara qarşı aqressiv kampaniyaya start veriblər. Nəticədə iddia olunub ki, İ.Məmmədova daha çox saxta profillərdən səs verilib, onlayn səsvermənin nəticəsi də uydurmadır və s.

Təbii ki, hadisələr əsnasında REAL-ın səlahiyyətlisi Natiq Cəfərli status yazaraq AXCP üzvlərini özünəməxsus şəkildə susduraraq bildirib: “...Sosial şəbəkələrdəki mənasız və elmi olmayan sorğularda belə uduzmağı həzm edə bilməyənlərə isə sözüm odur ki, bu yanaşmanız təhlükəli və yanlışdır. Əks fikir səsləndirənlər sizin üçün həmən “satqın””, sosial şəbəkələrdə sizə səs verməyənlər isə həmən “trol”” olur. Dəhşətli, məmləkət üçün faciəvi düşüncə tərzidir və sizləri daha çox marginalaşdırır, dar bir qrupa çevirir”.”

Bütün bunlar bugünkü müxalifətin iç üzüdür. Bu xislətli insanlar hansı böyük məqsədlərlə hakimiyyətə can atırlar bunu özləri də bilmirlər. Fakt isə budur ki, müxalifətin bütün cinahlarında vəziyyət bundan artıq deyil. Onlar atdıqları hər addımda öz zəifliklərini  üzə çıxarırlar. Görünən isə odur ki, prezident seçkiləri uzaqda deyil və vaxt azaldıqca bu kimi ünsürlərin iç üzü ilə daha yaxından tanış olacağıq. Hoqqabazlıq sizdən, gülmək də bizdən....