Zahid Rza |
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana geniş əks-səda doğuran səfəri bu gün mətbuatın əsas manşetlərindən birinə çevrilib desək, yanılmarıq. Hələ 2010-cu il aprelin 21-də Konqresdəki çıxışında: “We are all Armenians!” (“hamımız erməniyik”) deyən 82 yaşlı ermənipərəst “siyasətçi” xanımın işğalıçı ölkəyə səfəri demək olar ki, sadə vətəndaşdan tutmuş, cəmiyyətimizin ayrı-ayrı zümrələrini, eləcə də siyasi palitrarnın müxtəlif qütbləri tərəfindən müzakirə obyektinə çevrilib. Bu da təsadüfi deyil. Çünki Ermənistana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri “Ermənistanın müstəqilliyinə və suverenliyinə hücum edilib”, “ABŞ Konqresi adından Azərbaycanın Ermənistan ərazisinə hücumlarını qətiyyətlə pisləyirik”, “ABŞ hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini təsdiqləyib və Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb”, “Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi bizim diqqətimizdədir” kimi ölkəmizin ünvanına qeyri-obyektiv və əsassız ittihamlar səsləndirir. Əslində bu qoca nənə özü də yaxşı bilir ki, regionda vəziyyətin gərginləşdirilməsinin və genişmiqyaslı təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Buradaca belə bir sual ortaya çıxır: Görəsən, ədalətdən və demokratiyadan danışan N.Pelosi niyə indiyədək bir dəfə olsun belə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalmasına, Azərbaycan şəhərlərinin, kəndlərinin, məktəblərinin, xəstəxanalarının, məzarlıqların dağıdılmasına, yüz minlərlə azərbaycanlının etnik təmizlənməyə məruz qalmasına və Ermənistanın məsuliyyət daşıdığı digər ağır cinayətlərə münasibət bildirməyib?
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç bildirib ki, “Pelosinin Ermənistana səfəri çoxlu erməni əsilli amerikalı seçicinin yaşadığı Kaliforniya ştatındakı daxili siyasətilə bağlıdır”.
Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, bir çox beynəlxalq təşkilatın Ermənistanı işğalçı elan etdiyi bu 28 illik müddətdə heç bir addım atmayan, tükünü tərpətməyən Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın Nümayəndələr Palatası spikerinin Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Ermənistana səfər etməsi bölgədə sülhə, eləcə də dünyada sülhə faydalı olmayacaq və mən bunu xoş niyyətli bir davranış kimi görmürəm. O qeyd edib ki, bu səfər son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi çərçivəsində “təhrikedici və böhranı dərinləşdirən” potensiala sahibdir.
Erməni analitik Argişti Kiviryan məsələ ilə bağlı öz “Facebook” səhifəsində yazıb: Qərb heç vaxt Azərbaycana qarşı ciddi addımlar atmayacaq: “İndi, Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji mənbələrinə ciddi ehtiyacı olduğu bir vaxtda ABŞ Bakını ciddi şəkildə təhdid etməyə qadirdirmi? Nə edəcəklər və niyə? Ermənilər naminə öz maraqlarına zidd gedəcəklər? İndi ermənilər onun ən qatı düşməni olan ABŞ-a ümid bağlayıblarsa, o, necə fəal ola bilər?”.
Ermənidən artıq erməni olan N.Pelosinin Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə “Ermənistanda demokratiyanın dəstəklənməsi, “erməni soyqırımı” haqqında qətnamənin qəbulu (Nümayəndələr Palatasında qondarma soyqırım qətnaməsinin qəbulu nəzərdə tutulur), Türkiyənin Qarabağ məsələsində fəaliyyətinə qarşı və bütün digər məsələlərdə biz Ermənistanın dostuyuq. Biz sizin hakimiyyətə hörmət əlaməti olaraq burdayıq” deməsi əslində bəzi qaranlıq mətləblərin üzərinə işıq salır.
Deyəsən, bu xanım unudub ki, 2018-ci ilin payızında Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistanda olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton demişdi ki, Ermənistan üçün xarici təzyiqləri zəiflətməyin ən yaxşı yolu Qarabağ münaqişəsinin həllidir. O, həmçinin ermənilərə məsləhət görmüşdü ki, ölkənin inkişafına nail olmaq istəyirsinizsə, tarixi şablonlardan imtina edin, yəni qondarma “erməni soyqırımı” birdəfəlik unudun və qonşularınızla sülh, əmin-amanlıq içində yaşamağı öyrənin.
Yeri gəlmişkən, N.Pelosinin Konqresdəki bəzi demokrat həmkarları artıq onun istefasını tələb edirlər. Belə ki, demokrat konqresmen Eliss Slotkin bəyan edib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdə Demokratlar Partiyasının nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir. “Bizim (Nümayəndələr Palatası – Red) rəhbərliyi dəyişməyin vaxtıdır. Rəhbərlikdə Nyu-Yorkdan və Kaliforniyadan hədsiz çox konqresmen var. Daha çox müxtəliflik görmək istərdim”. Konqresmenlərin fikrinə görə, Pelosi getməli, yerini ölkənin mərkəzi və şimal-şərq hissəsindən 12 ştatın daxil olduğu ABŞ-ın coğrafi bölgəsi olan Orta Qərbin nümayəndələrinə verməlidir.
Hələ “2010-cu ildə ABŞ Konqresdəki çıxışında “We are all Armenians!”, yəni (“biz hamımız erməniyik”) deyən, qondarma “erməni soyqırımı”ndan Türkiyə və Azərbaycan əleyhinə əxlaqsızcasına sui-istifadə edən N. Pelosiya qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2020-ci ilin 25 sentyabrında “Twitter” üzərindən belə bir cavab vermişdi: “Siz türk xalqına hörmət etməyi öyrənəcəksiz. (yəni biz öyrədəcəyik)”
Biz də buradan xanım Nensiyə müraciət edərək deyirik ki, gec-tez sizi Azərbaycana hörmət etməyə öyrədəcəyik…