Zahid Rza |
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş sosial dəstək proqramı icra olunur
“Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək” deyən Prezident İlham Əliyevin bu sahədəki siyasəti birmənalıdır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, bu kateqoriyadan olan insanların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Başqa sözlə, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət dəstəyi əsas prioritetdir.
Ölkə başçısı daim vurğulayır ki, hər bir şəhidin həyatı təkrarolunmazdır: “Hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailələrinin, qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun əyani təsdiqidir. Qırx dörd günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Vətən oğulları ehtiramla yad edilir, onların ailələrinə və sağlamlığını itirmiş müharibə iştirakçılarına mənzillər və avtomobillər təqdim olunur. Yaralanmış və sağlamlığını itirmiş hərbçilərə yüksək səviyyədə qayğı göstərilir, onların reabilitasiya və cəmiyyətə inteqrasiya məsələləri istiqamətində əhəmiyyətli addımlar atılır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu günlərdə bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur. Ölkəmizdə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilib. Bu dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əməkhaqqı 2,3 dəfə, illik əməkhaqqı fondu iki dəfədən çox artıb. Həmçinin 173 sosial xidmətdən 110-u e-platformadan, 48-i proaktiv qaydada təqdim edilib, 388 min nəfərə e-qaydada sosial ödəniş təyin edilib. Ötən il yarımlıq dövrdə 103 min müharibə iştirakçısı, müharibə əlili, şəhid ailəsinə 190 min xidmət göstərilib. Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib. Bu kateqoriyadan olan 6 minə yaxın şəxs özünəməşğulluq proqramına cəlb edilib, 5 min nəfərdən çoxu işlə təmin olunub.
Azərbaycanın tarixi Zəfəri ilə başa çatan qırx dörd günlük Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün ölkə başçısının tapşırığı ilə bütün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür. Bu dövr ərzində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib. 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.
Bundan başqa, 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlar müəyyənləşdirilib. Yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.
Böyük qürur hissi ilə demək lazımdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütovlüyü uğrunda canlarındandan keçən şəhidlərimizin ailə üzvlərini və qazilərimizi daim diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbilər həyata keçirir. Həmçinin “YAŞAT” Fondu da şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə xüsusi dəstək nümayiş etdirməkdədir.
Bütövlükdə respublikamızda bu sahədə qəbul edilən sosial proqramların icrası uğurla davam etdirilir. Bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il yanvarın 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı xüsusi ilə qeyd olunmalıdır. Sərəncama əsasən, 2021-2025-ci illərdə həmin kateqoriyadan olan şəxslərin (ailələrin) mərhələli şəkildə mənzillə təminatı həyata keçiriləcək. Sənəd bir daha onu təsdiq edir ki, bu məsələ ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.