KÖŞƏ

Zahid Rza

Qars müqaviləsindən 100 il sonra…

17 iyun 2022 01:15
2855

2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi müasir reallıqları əks etdirməklə yanaşı, iki qardaş ölkə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir

Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Ortaq soy-kök, oxşar mədəniyyət, dil, din, ortaq adətlər və milli dəyərlər Azərbaycan-Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. İki qardaş ölkə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan Çanaqqala döyüşlərində türklərlə yanaşı, azərbaycanlılar da işğalçı güclərə qarşı döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olublar. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə Çümhuriyyəti oldu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı iki qardaş ölkə arasındakı münasibətlər daha yüksək səviyyəyə çatdı. Bu qardaşlıq əlaqələri müharibənin Azərbaycanın tarixi Zəfəri ilə başa çatmasında mühüm rol oynadı. Qardaş Türkiyənin Azərbaycana göstərdiyi hərbi-siyasi dəstək, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu savaşda üçüncü qüvvə olarsa, Türkiyə də tərəf olacaq” deməsi Azərbaycanın qələbəsini şərtləndirən amillərdən oldu.

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkə arasında dostluğun, qardaşlığın rəmzi olan son dərəcə qiymətli sənəddir. Müttəfiqliyimizi rəsmiləşdirən bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Ekspertlərin qeyd etdikləri kimi, Şuşa Bəyannaməsi qırx dörd günlük müharibədən sonra bölgədə yeni geosiyasi reallıqlar çərçivəsində Azərbaycanın formalaşdırdığı regional təhlükəsizlik sisteminin ən önəmli hissəsidir:

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində Türkiyənin rolundan bəhs edərkən demişdir: “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər- Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”.

Şübhəsiz, Şuşa Bəyənnaməsi tarixə əsaslanır və möhkəm təmələ malikdir. 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi müasir reallıqları əks etdirməklə yanaşı, iki qardaş ölkə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bu Bəyannamə Azərbaycanın və Türkiyənin milli güclərinin artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir.

Prezident İlham Əliyev iyunun 15-də Şuşada keçirilən “Azərbaycan -Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda bildirib ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir: “Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun - Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi türk dünyasının parlaq şəxsiyyətləri-“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” söyləyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir”.

Əminliklə demək olar ki, Prezidentimizin məktubunda vurğulandığı kimi, Yeni Azərbaycan Partiyasının və Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans iki qardaş, dost ölkə arasında müttəfiqliyin daha da gücləndirilməsinə, həmçinin türk dünyasında həmrəyliyin, dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi işinə öz layiqli töhfəsini verəcəkdir.