KÖŞƏ

Zahid Rza

Şəhid ailələri və qazilərimiz daim diqqət mərkəzindədir

14 iyun 2022 02:17
2249

Şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub

Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və bu istiqamətdə ardıcıl olaraq həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.

Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə daim diqqət və qayğı göstərilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak edərkən ölkə başçısı bir daha bildirib ki, hər bir şəhidin xatirəsi, əlbəttə, onların yaxınlarının və bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq: “Keçən il sentyabrın 27-də-Anım Günündə biz o Anım yürüşünü sanki şəhidlərlə birlikdə etdik, onların şəkilləri ilə. Sonra o şəkillər onların ailələrinə təqdim edilmişdir. Yeganə təsəlli o ola bilər, başqa təsəlli ola bilməz. Əlbəttə, biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Bu, yenə də bizim borcumuzdur”. 

Bu gün qırx dörd günlük Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün ölkə başçısının tapşırığı ilə bütün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür. Bu dövr ərzində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.

Hazırda hərbçilərin  əlilliyinin qiymətləndirilməsi və reabilitasiyası işlərinə, əlillik sahəsində yeni meyarlar tətbiq olunur.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bildirib ki, müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib. Yekun  mərhələ kimi agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub.

Bütövlükdə son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin olunub. 2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib. Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.

Qırx dörd günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub.

Ümumiyyətlə, postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub. 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlar müəyyənləşdirilib. Yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.

Bütün bunlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu sosial siyasətin, Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə iştirakçılarına göstərilən diqqət və qayğının bariz nümunəsidir.