KÖŞƏ

Zahid Rza

Bahalaşma xaosu, humanitar böhran…

10 iyun 2022 01:01
2229

BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”nə əsasən, Ermənistanda 500 minə yaxın insan normadan az qidalanır

Bu gün planetimiz ciddi şəkildə ərzaq böhranı və qida çatışmazlığı ilə üz-üzə qalıb. 2019-cu ildə bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası, iqlim dəyişiklikləri, Ukrayna-Rusiya müharibəsi fonunda bu böhran özünü ərzaq məhsullarının qıtlığı, eləcə də qiymətlərin artmasında daha qabarıq göstərir. Təbii ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi hər bir dövlətin iqtisadi, siyasi və sosial həyatının əsas məsələlərindən biridir. Bu mənada bir çox ölkələr bu məsələ ilə bağlı artıq sistemli tədbirlər görür, kifayət qədər ciddi addımlar atırlar.

Bütün dünyada ərzaq qiymətinin artması nəticəsində başlanmış aclıq, zəif qidalanma və ictimai narazılıqlar artıq Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərliyində ciddi narahatlıq doğurur. Bildirilir ki, ərzaq böhranı iqtisadi inkişafın mənfi təzahürü, həmçinin qlobal inkişaf üçün təhlükədir və kəskin çoxtərəfli tədbirlərin görülməsini tələb edir.

Bəzi beynəlxalq təşkilatlar, mütəxəssislər, nüfuzlu qeyri hökumət təşkilatları hesabat, bəyanat və araşdırmalarında göstərirlər ki, hazırkı ərzaq böhranı ilk növbədə kasıb dövlətlərdə, əhalisi ailə büdcəsinin böyük hissəsini ərzağa xərcləyən ölkələrdə ciddi problemlər yaradacaq.  Məsələn, Yaponiyanın “Şukan Gendai” nəşri qeyd edir ki, Yaxın Şərq və Afrikada real qıtlıq riski var və inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə yardımı ciddi şəkildə müzakirə etməlidir. Bununla belə, ərzaq problemi dövlətlərin milli təhlükəsizliyi ilə sıx bağlıdır və bir gecədə həll edilə bilməz. Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri bildirirlər ki, ərzaq təhlükəsizliyi baxımından Rusiyanın Ukraynaya hücumunun dolayı qurbanları bu dəfə Misir, Hindistan, Tailand, Gürcüstan, Ermənistan, Cənubi Afrika, Livan və hətta Şri-Lanka ola bilər. Hazırda bu ölkələrdə vəziyyət daha ağırdır, çünki onlar Rusiya ilə ticarətdən ciddi dərəcədə asılıdırlar.

BMT-nin Ticarət və ixracın inkişafı üzrə konfransının sədri Rebekka Qrinspen bildirib ki, ərzaq böhranı gələn il qlobal fəlakətə çevriləcək.

O, qeyd edib ki, Rusiya və Ukraynadan ixrac olunan kənd təsərrüfatı məhsulları və gübrələrin dünya bazarlarına qaytarılmayan böhranı 2023-cü ildə qlobal fəlakət təhlükəsi yaradır: “Mövcud ərzaq böhranı 2023-cü ildə sürətlə qlobal ərzaq fəlakətinə çevrilə bilər. Enerji qiymətləri artıb və Qara dəniz regionundan gübrə ixracına qoyulan məhdudiyyətlər gübrənin qiymətlərinin ərzaq qiymətlərindən daha sürətlə artmasına səbəb olub”.

Bütün bunların fonunda bu günlərdə Dünya Bankının prezidenti Devid Malpas bildirib ki, artıq cari ildə bir çox ölkələr tənəzzüllə üzləşə bilər: “Aydındır ki, bəzi ölkələrdə, hətta ola bilsin, bir çoxlarında tənəzzül olacaq”.

Hazırda Ermənistanda mövcud siyasi-ictimai, iqtisadi-sosial vəziyyət onu göstərir ki, bu ölkə sürətlə tənəzzülə doğru gedir. Qırx dörd günlük müharibədəki ağır məğlubiyyət Ermənistanda iqtisadi-sosial vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artıb. Bu gün əhalinin sağlamlığı və rifahı üçün ən vacib göstəricilərdən olan qida təhlükəsizliyi Ermənistanda ciddi dərəcədə aşağı həddədir. Bu ölkədə əhalinin müəyyən hissəsi  gündəlik tələbatı olan qida məhsullarını əldə edə bilməyərək aclığa məruz qalır. BMT-nin məlumatına görə, Ermənistanda yarım milyona yaxın insan qida çatışmazlığından əziyyət çəkir. Bu qurumun Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”nə əsasən, Ermənistanda 500 minə yaxın insan normadan az qidalanır. Təşkilat eyni zamanda, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayının 70 min nəfər artdığını bildirib. Qeyd edilir ki, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qidalanmadan əziyyət çəkir. Dünya Bankının məlumatına görə, Ermənistanda 2021-ci ildə yoxsulluq 7 faiz artıb. 2020-ci ildə bu göstərici 27 faiz olub.

Ermənistan mətbuatının verdiyi məlumata görə, ölkədə ərzaq məhsulları durmadan bahalaşır. Bəzi ekspertlər hətta bunu bahalaşma xaosu adlandırırlar. Çünki bəzi məhsullar üzrə özünü ərzaqla təminetmə səviyyəsi gündən-günə aşağı düşür.

Bütün bunlar deməyə əsas verir ki, əsas qida məhsullarının bahalaşması və ərzaq çatışmazlığı Ermənistanda humanitar böhranı və siyasi riskləri daha da artıracaq.