Zahid Rza |
XX yüzilliyin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyinə yenidən qovuşdu. Çox təəssüf ki, yenicə müstəqillik əldə etmiş respublikamıza rəhbərlik edənlərin səriştəsizliyi və naşılığı üzündən ölkəmiz növbəti dəfə parçalanma təhlükəsi, həmçinin xaos və anarxiya ilə üz-üzə qaldı. 1992-93-cü illərdə Azərbaycanın müstəqilliyyini istəməyən bəzi xarici məkrli dairələr ölkəmizi zor gücünə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün əli ilə məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürükləyirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan cızılmışdı. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi həmin dönəmdə ölkə daxilində vəzifə kürsüsü uğrunda mübarizə kəskin xarakter almışdı.
1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti daha da gərginləşdirərək vətəndaş müharibəsi həddinə çatdırmışdı. Bütün bunlar ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edir, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş veridi. AXC-Müsavat iqtidarının göstərişi ilə keçmiş korpus komandiri Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuzluqla nəticələnmişdi. Məlum hadisə nəticəsində hökumətə tabe olmayan hərbçilərlə hökumət qüvvələri arasındakı toqquşmada, ümumilikdə, 35 nəfər həlak olmuşdu. İyunun 8-də Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşdi. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başladılar.
Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyan AXC-Müsavat hakimiyyətinin nümayəndələri o zaman kömək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciətlər etdilər. Onlar dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər. Məhz xalqın belə bir ağır məqamında dünya şöhrətli siyasətçi Heydər Əliyevin öz müqəddəs xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanda illərlə davam edən anarxiyaya, siyasi hakimiyyətsizliyə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və özbaşınalıqlarına son qoymuş oldu. Ulu öndər Heydər Əliyev bu məsələ ilə bağlı çıxışlarının birində belə deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
O ağır günlərdə xalqın səsinə səs verən ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi insanların qəlbində böyük inam yaratdı, dövlətçilik və müstəqillik arzularını yenidən alovlandırdı. Bütün baş verənlər bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək onu əldə etməkdən daha çətindir. 1993-cü ilin 4 iyunundan bir neçə gün sonra iyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi respublikamızın həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcını qoydu.