Zahid Rza |
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəsi Cənubi Qafqazda yeni siyasi reallıqlar yaratdı. Regionda sülh üçün tarixi şans qazandı. Müharibədən sonra qalib Azərbaycan bölgədə uzunmüddətli sülhün əldə edilməsinə yönəlmiş mühüm diplomatik təşəbbüslər irəli sürüb. Ölkəmizin sülh danışıqlarına başlamaq üçün beynəlxalq hüquq normalarının baza prinsiplərinə əsaslanan 5 bəndlik sülh təklifini Ermənistana təqdim etməsi bunun əyani təsdiqidir.
Azərbaycanın iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi Ermənistana göndərdiyini xarici işlər naziri Ceyhun Bayramov bugünlərdə Antalya Diplomatiya Forumunda çıxışı zamanı bəyan edib: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edilib. Məlumat verildiyi kimi, növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipləri əks olunub”.
Bu prinsiplər dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir.
Azərbaycanın XİN rəhbəri, həmçinin qeyd edib ki,iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.
Təbii ki, Azərbaycanın 5 bəndlik təklifi bəlkə də Ermənistan üçün çox böyük fürsət və növbəti şansdır. Dövlətimizin başçısı məsələ ilə bağlı dəfələrlə bildirib ki, Ermənistan bu fürsəti əldən verməməlidir. Prezident İlham Əliyev 2021-ci il iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşdəki çıxışında bu məsələ ilə bağlı deyib. “Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib”.
Dövlət başçısı, həmçinin bildirib ki, əgər bu məsələ ilə bağlı Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Azərbaycan bundan sonra da öz yolu ilə irəli gedəcək, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcək. Buradan zərərli çıxan və peşman olan isə yenə ermənilər olacaq.
Gerçəkdən də bu gün Erməniatanın baş naziri Nikol Paşinyan öz ölkəsini dərin böhran bataqlığından çıxarmaq istəyirsə yeni reallıqlarla barışaraq öz xəstə məntiqindən əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanıyaraq qalib Azərbaycanın xoş niyyətlə uzatdığı barışıq əlini sıxmalı və sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə, Ermənistan son şansını da itirə bilər…