Mahir Rəsuloğlu |
Paşinyanın müxalifətə dedikləri və demək istədikləri
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentindəki növbəti çıxışı əvvəlkilərdən kəskinliyi və sərtliyi ilə fərqləndi. Əməlli-başlı cin atına minən Paşinyan müxalifətdən olan deputatları açıq mətnlə hədələdi, necə deyərlər, “yıxıb-sürüdü”. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra müxalif siyasilərin şiddətli hücumlarına məruz qalan, sosial şəbəkələrdə söyülərək “satqın”, “türk tulası” adlandırılan erməni baş nazir indi özü onları satqınlıqda ittiham edərək “barmaq sirkələdi”. Maraqlıdır ki, Paşinyan Ermənistanın siyasi arenasındakı mövqeyində heç vaxt olmadığı qədər əmin və güclü görünürdü və xüsusilə ölkəsinin Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək istəyinə qarşı çıxanlara qarşı ilk dəfə olaraq qətiyyətlə münasibət bildirdi. O, konkret olaraq parlamentdəki müxalifəti təmsil edən “Ermənistan” və “Şərəfim var” fraksiyası üzvlərindən Qubadlı rayonunun adının Sanasar olduğunu deməmələrini tələb etdi və bunu əsəbi şəkildə belə əsaslandırdı ki, əgər bu rayonun adı Sanasardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Üstəlik, bu proses gizli olmayıb. Onların, yəni Ermənistanın əvvəlki rəhbərlərinin də qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın.
Paşinyan deputatları hədələməkdən də çəkinmədi. Hiss olunurdu ki, erməni baş nazir daha müxalifətin saxta arqumentlərinə dözmək fikrində deyil, onun öz “həqiqətləri” var. Bəlkə də Ermənistan parlamentinin tribunasından Paşinyanın bu qədər əsəbi və hədələyici tonda çıxışı ilk dəfəydi: “Yetər artıq, “timsah göz yaşları tökməyin. Gördünüz Sünik (Zəngəzur) barədə danışanların sonu necə oldu? Başlarını aşağı salıb dövlət büdcəsinə 15 milyard dram ödədilər, ay talançılar!”
Beləliklə də, Paşinyan açıq şəkildə demək istədiklərini dedi, deyə bilmədikləri haqqında isə əleyhinə danışanların aqibətini yada salmaqla eyham vurdu. Təxminən belə ki, özünüzü yığışdırın, yoxsa yaxşı olmayacaq sizin üçün.
Maraqlıdır, bəs Ermənistanın baş nazirini cin atına mindirən, eyni zamanda, cəsarətli edən səbəblər hansılardır? Nikol Paşinyan niyə “yavaş-yavaş alışdırma” taktikasını dəyişərək radikal addımlar atmaq istəyir? Yeri gəlmişkən, sonuncu sualla bağlı xatırladaq ki, erməni baş nazir bir neçə gün öncə Azərbaycanla sülh müqaviləsinin imzalanacığını bildirmişdi.
Birincisi, bu il yanvarın 23-də müəmmalı şəkildə istefa verən prezident Armen Sarkisyanın gedişindən sonra Nikol Paşinyanın əl-qolu daha da açılıb, çevrəsində onun sərbəst siyasi fəaliyyətinə və qərarlar qəbul etməsinə mane ola biləcək real güc qalmayıb: Müxalifət liderləri uzun illər boyu müharibənin yaratdığı problemlərdən yorulmuş ictimaiyyətdən lazımi dəstək almaq imkanlarını itiriblər. Eks-prezidentlər isə dövlət əmlakını talamaq da daxil olmaqla müxtəlif cinayətlərdə ittiham olunduqları üçün siyasi arenanı tərk etməkdədirlər. Ermənistanın A.Sarkisyandan sonra martın 3-də seçilən yeni prezidenti Vaaqn Xaçaturyan da hakim “Vətəndaş müqaviləsi” Partiyasının namizədi, keçmiş yüksək texnologiyalar sənayesi naziri, bir sözlə, Nikol Paşinyanın “öz adamı”dır.
Qeyd edək ki, Milli Məclisdə müxalifət fraksiyalarının boykot etdiyi və iki turda keçirmiş seçkilərdə 65 yetərsaya qarşı 71 deputatın səsini alan V.Xaçaturyan artıq Ermənistanın beşinci prezidentidir. O, 1959-cu il təvəllüdlüdür, 1990-cı illərin əvvəllərində İrəvanın meri işləyib və parlamentin deputatı olub. Ötən ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilmişdi.
N.Paşinyanın yeni prezidentə ünvanladığı təbrik məktubundan görünür ki, V.Xaçaturyanın sələfi kimi hər hansı müstəsna səlahiyyətləri olmayacaq və onun işi daha çox baş nazirin siyasi kursuna dəstək verməkdir: “Sizin zəngin bioqrafiyanız və təcrübəniz, yüksək şəxsi xüsusiyyətləriniz əminlik yaradır ki, prezident vəzifəsini icra edərkən olduğunuz kimi qalacaqsınız və ölkənin qanunverici, icraçı, məhkəmə sahələrinin effektivliyinə töhfə verəcəksiniz.” Bu qədər. Onu da qeyd edək ki, yeni prezident martın 13-də Karen Dəmirçiyan adına idman-konsert kompleksində and içəcək və həmin gün Ermənistan parlamentinin bununla bağlı xüsusi iclası keçiriləcək.
Paşinyanın öz mövqeyini qətiləşdirməsinin və konkret addımlar atmaq istəyinin ikinci səbəbi isə geopolitik amillərlə bağlıdır. Ukrayna ilə müharibə aparan Rusiya indiki məqamda Cənubi Qafqazda maraqlarının tam təmin edilməsində israrlıdır və bu kontekstdə Ermənistandan bütün üçtərəfli görüşlərdə razılaşdırılmış məsələlərin həllini tezləşdirməyi tələb edir. Bura Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin imzalanması, xüsusilə də kommunikasiyaların (Zəngəzur dəhlizi) açılması daxildir. NATO, Avropa İttifaqı üzvü olan dövlətlər tərəfindən ciddi sanksiyalara məruz qalan Rusiya üçün Cənubi Qafqaz yolunun açılması indi daha çox əhəmiyyət daşıyır və bunun üçün Ermənistandan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək tələb edilir. Elə Paşinyan da bu tələbləri yerinə yetirməyi uzatmağın ona və ölkəsinə yaxşı heç nə vəd etmədiyini yaxşı başa düşür, müxalifətə ünvanladığı “yetər artıq!” hədəsi bu gərginlikdən yaranır.
...Zaman isə Azərbaycanın xeyrinə işləməkdədir. Bütün toponimlərimizə bütün ermənilərin hörmətlə yanaşmağa məcbur olacaqları günə çox qalmayıb.