KÖŞƏ

Mahir Rəsuloğlu

Biz və ermənilər...

15 aprel 2023 02:36
6487

Künc zərbəsi

Hərbi qulluqçumuza qarşı törədilmiş vəhşiliyin təsiri altında düşüncələr

Biz bilirdik, illər sonra necə döyüşkən, cəsur xalq olduğumuzu, döyüşdə ölümün gözünə dik baxmağı, Vətən üçün, torpaq üçün, haqqımız olan üçün, mənəvi dəyərlərimiz üçün canımızdan keçməyi bacardığımızı bütün dünyaya da sübut etdik. 44 günlük müharibədən artıq iki il yarım keçir. Rəşadətli ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı, Şuşanın quşqonmaz sıldırım qayalarından dırmaşaraq əliyalın düşmən üstünə yeriyən igidlərimizin şücaəti hələ də eşidən-bilən hər kəsi heyrətə gətirir, hərbi ekspertlər həmin əməliyyatın mahiyyətini anlamağa çalışırlar, mütəxəssislər bu barədə öyrənir, yazır, öyrədirlər...

Biz dostluqda, yoldaşlıqda sədaqətli xalqıq. Dostu darda qoymarıq, yoldaşın əziyyət çəkməsinə qıymarıq. Vətən müharibəsində bir əlində silahı yaralı döyüş yoldaşını çiyninə alıb ölümsaçan güllələr altından çıxarmağa çalışan qəhrəmanımız da dünyanı heyrətləndirmişdi. Bizim fəxrlə, sinəmizi meydan boyda edən sevgiylə izlədiyimiz o görüntülər düşmənləri çaşqına çevirmişdi, dostları sevindirmişdi, qürurlandırmışdı!

Biz qorxmaz xalqıq. Müsahibə verərkən yaxınlığında partlayan mərminin gurultusundan tükü belə tərpənməyən əminin, gecə vaxtı yatdıqları evlərini qadağan olunmuş ballistik raketlərlə yerlə-yeksan edən namərd düşmənin qorxutmaq arzusunu ürəklərində qoyan üzü qanlı, gözləri təbəssümlü gəncəli balamızın, “qorxmuruq, əksinə qızışıyoruz” deyən dayının nümunəsində dünyanı bir daha heyrətə gətirmişik. Elə işğalçı Hayastan üzərindəki şanlı Zəfərimizi də bu qorxmazlığımız şərtləndirdi. Hər kəs gördü ki, bu xalq uşaqlı-böyüklü, qocalı-cavanlı, qadınlı-kişili

Vətənin əsgərinə çevrilməyi nəinki bacarır, buna can atır, bunu şərəf borcu bilir.

Biz mərd, humanist xalqıq. O qədər ki, haqq etdi-etmədi qonşularla mehriban dolanmağa çalışmışıq, imkan daxilində onlara yardım əlimizi uzatmışıq, qonşumuz ac olanda tox yata bilməmişik. O qədər ki, tarix boyu qanımıza yerikləmiş ermənilərə belə qəddar davranmağı, əlində silah olmayanına silah çəkməyi, qadını-uşağa zülm etməyi özümüzə rəva bilməmişik, bilmərik. Bizim üçün qisasın bir ünvanı olub həmişə - döyüş meydanındakı düşmən əsgəri. Hətta onun da yaralısına, əsirinə qəddarlığı özümüzə, kişiliyə, mərdliyə sığışdırmamışıq. Namərdi də, namərdliyi də heç zaman qəbul etməyib bu böyük, ləyaqətli xalq.

Və ən nəhayət, biz çox ürəyiyumşaq, unutqan xalqıq. İki yüz ildən artıqdır ki, Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirən, amansız soyqırımları törədən ermənilərin vəhşiliklərini, insanlığa sığmayan əməllərini zaman-zaman unutmuşuq. Yenə dost olmağa, sülh içində yaşamağa razı olmuşuq. Unutmuşuq ki, düşmən zəif olanda özünü yazıq göstərib aman diləyəcək, əlinə fürsət düşəndə hər cür alçaqlığa əl atacaq qədər hiyləgərdir, xaindir, namərddir. Unutmuşuq ki, nənələrimizin belinə qaynayan samovarları bağlayıb bağırlarını bişiriblər, hamilə gəlinlərimizi süngülərə keçirib işgəncələrlə qətlə yetiriblər, uşağımızı, ağsaqqalımız-ağbirçəyimizi “uf” demədən qətlə yetiriblər, evlərimizi, kəndlərimizi, yurd yerlərimizi yandırıb külə çeviriblər, xaraba qoyublar.

Əlverişsiz hava şəraitində azaraq Ermənistan ərazisinə keçən hərbi qulluqçumuz Hüseyn Axundova işgəncə verilməsi, onun fiziki təzyiqlərə məruz qoyulması, əlləri bağlı vəziyyətdə ermənilər tərəfindən vəhşicəsinə döyülməsi, üstəgəl hadisəyə ölkə rəsmilərinin, hüquq-müdafiə orqanlarının münasibəti bu etnosun mənəvi və əxlaqi göstəricisidir. Təəssüf ki, bu, heç bir humanizm prinsiplərinə və beynəlxalq qanunvericilik aktlarına məhəl qoymayan, cəzasızlıqdan azğınlaşmış ermənilər tərəfindən törədilən ilk hadisə deyil. Onlar həmişə əsir və girov götürdüklərinə işgəncə verib, qeyri-insani davranıblar.

Yəni, doğrudanmı o üç milyonluq soysuz yığınının içində insanlıqdan nəsibini almış bir nəfər yoxdur ki, çıxıb bu vəhşiliyə, bu qansızlığa etiraz etsin? Axı onların azıb-təzəni biz tərəfə keçəndə döymədən, işgəncə vermədən geri qaytarmışıq. Hanı dünyanın başqa vaxt insan haqlarından dəm vuran beynəlxalq təşkilatları? Hanı burnunu bizim daxili işlərimizə soxmağa “demokratiya” donu geyindirməyə çalışan Avropası, Amerikası? Niyə ermənilərdən törətdikləri barbarlığın hesabını sormurlar? Yenədəmi “üç meymun” oynayacaqlar bizim üçün?  

İndi bəlkə bütün bu olanlardan sonra da məni şovinistlikdə, millətçilikdə qınayanlar tapılar. Ancaq nə deyirsiniz, deyin, mən əsgərimizə qarşı o qəddarlığın, şərəfsizliyin kadrlarını izləyəndən sonra torpağımızda bu soysuzlardan tək bir nəfərinin belə qalmasının tərəfdarı deyiləm! Sərhəd boyu da elə hündürlükdə hasar çəkmək lazımdır ki, onların nəfəs aldıqları hava belə bizimkinə qarışmasın, vəssalam!