Mahir Rəsuloğlu |
Əgər bu gün qar yağmırsa, çovğun olmursa, şəhidlərinin xatirəsini ziyarət sırasında ürəyimiz qədər də əlimiz-ayağımız 30 il əvvəl Xocalı gecəsində olduğu kimi üşümürsə, donmursa günahsızlarımızın ruhu dinclik tapıb deməkdir. Mən buna o qədər inanclıyam ki! Əvvəllər belə olmurdu fikir vermisinizsə. Fevralın 25-dən başlayaraq hava çönürdü qəfildən, yer-göy qan ağlayırdı, təbiət bizlərə qoşulub yas saxlayırdı. Qisas hissi boğurdu, çarəsizlik əzirdi, nəfəs ala bilmirdik. Göz yaşlarımızı ümidsizcəsinə içimizə axıdıb ədaləti oyunlarının oyuncağına çevirmiş dünyaya göz yumduğu, görmək istəmədiyi faciəmizə görə, susduğuna görə qəzəb dolu nifrin yağdırırdıq. Haqlı idik! İnsan olanlar, canı yananlar, canından can ayrılanlar, soyqırımına uğramış bir şəhərin faciəsini faciəsi bilənlər bilir haqsız olmadığımızı!..
İndi sonsuzluq qədər uzun, qapqara, kos-koca 30 il sonra Qarabağın göylərindən barıt qoxusu, mərmilərin hisi-pası çəkildikcə səması aydınlanır. Və o göylərdə dolaşan körpə ruhları azadlığın verdiyi xoşbəxtliklə gündüzün al günəşini, gecənin parlaq ayını, Yeni il yolkalarını bəzəyən rəngbərəng işıqlar kimi yanıb-sönən ulduzları oyuncağa çevirib 30 əvvəl yarımçıq kəsilmiş oyunlarını oynayırlar. Daha bu dəfə gündüzlər bozarmayacaq, gecələr qaralmayacaq yarımçıq oyun yenə yarıda qalmasın deyə.
...Səmalar aydınlandıqca huşu-başı getmiş nənələr anaları, döşlərindən süd sızan analar qana bələnmiş kuklalara oxşayan yavru qızlarını, belini yaş deyil, dərd bükmüş babalar ataları, qabarlı əlləri gülləsi bitmiş ov silahlı atalar isə məftildən düzəltdikləri oyuncaq arabaları tank tırtılları altında əziklənmiş oğulbalalarını görə biləcəklər. Hamısı bir-birini tanıyacaq 30 il sonra, salamlaşacaq, hal-əhval tutacaq və hamısı bir-birinə “salam, günahsızımın ruhu” deyəcək. Bir də mütləq deyəcək ki, daha rahat ola bilərsən, rahat ölə bilərsən, Allah üz çevirdiklərinə üzünü çevirib!
...Əgər bu gün qar yağmırsa, çovğun olmursa, ziyarət sırasında ürəyimiz qədər də əlimiz-ayağımız 30 il əvvəl Xocalı gecəsində olduğu kimi üşümürsə, donmursa, demək, çıxmağa məcbur qalanda az qala sinəmizə çatan qarla bağlanmış yollarımız açılır, Qarqar suyunu dayandırıb yol verir. Və biz ora qayıdırıq! Yavaş-yavaş, torpağını ovuclayıb üzümüzə sürtərək aclığımızı, havasındakı həsrət nəmini sinəmizə çəkərək susuzluğumuzu söndürə-söndürə... Nə qalıb ki, bax, bu təpənin o üzü Xocalıdır!
...Orada bir kənd var uzaqda! Dərdi duz yükündən ağır, faciəsi çəkilməz oldu illər boyu. Güllərinin rəngi solmuş, çiçəklərinin ətri dəyişmiş, ağacları-daşları mamır bağlamış... İllərdir hayına-harayına yığışdığımız!
...Orada bir kənd var yaxında! Yenidən yaranmaqda, bir daha doğulmaqda olan. Qisası qanla alınmış, uğrunda Zəfər çalınmış, günahkarlarına haqq divanı tutulmuş!
... Orada bir şəhər var Xocalı adında. Unutmadıq! Unutdurmadıq!