Mahir Rəsuloğlu |
Millət vəkillərimiz Ermənistanda millətimizi ləyaqətlə təmsil etdilər
“İrəvanda xal qalmadı, o xal nə xaldır?..” İllərdir ürəyimizin tellərinə toxunan, yaramızın qaysağını qoparan bu sözlər Ermənistanda səfərdə olan azərbaycanlı millət vəkili tərəfindən mahnının yarandığı məkandan – İrəvandan paylaşıldı. Qədim xanlığımızın paytaxtında səfərdə olan Milli Məclisin deputatı Tahir Mirkişili öz rəsmi “Facebook” səhifəsində hamını Su çərşənbəsi ilə bağlı təbrik edərək yazdı ki, İrəvanda gəzdikcə nədənsə ən çox bu mahnı yada düşür...
Millət vəkillərimiz səfər zamanı Ermənistan paytaxtında Göy məscidi ziyarət ediblər. İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsindən paylaşılan fotolar da, təəssüratlar da təsirlidir: “Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edəcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”
Məlum olduğu kimi, AVRONEST Parlament Assambleyasının komitəsinin İrəvanda keçirilən iclasında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti fevralın 21-də Ermənistana səfər etmişdi. Yeri gəlmişkən, bu səfər dövlət başçılarının neytral ərazilərdəki görüşlərini nəzərə almasaq iki ölkə arasında münaqişənin başa çatmasından sonra İrəvana Azərbaycan rəsmilərinin ilk səfəri oldu və gözlənildiyi kimi, Ermənistanda sözün həqiqi mənasında şok effekti yaratdı.
Əvvəlcə səfərin səbəbi olan tədbir barədə. Qeyd edək ki, 2009-cu ildə təsis edilən Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Ukrayna, Gürcüstan və Moldova 2021-ci il il mayın 17-də Ukraynanın paytaxtı Kiyevdə Aİ-yə üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıblar. Rəsmi Minsk isə iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb. AVRONEST PA-nın komitə iclasları proqrama daxil olan ölkələrdə keçirilir və bu dəfəki ev sahibi Ermənistan idi.
Millət vəkillərimizin səfəri revanşist ermənilərin etirazları ilə başladı və müşayiət edildi. Fevralın 21-də düşmən ölkənin bir qrup müharibə iştirakçısı “Zvartnots” Beynəlxalq Hava Limanına gedən yolu bağlayaraq Azərbaycan nümayəndə heyəti üzvlərinin İrəvana gəlməsinin əleyhinə olduqlarını bildirdilər. Hüquq-mühafizə orqanları ilə qarşıdurmalara gətirən etirazlar Ermənistanın paytaxtında da davam etdirildi, saxlanılanlar, haqlarında cinayət işi açılanlar oldu. Ermənilər ən müxtəlif, hətta ən ucuz yollara əl ataraq (İrəvandakı “Yasəmən” restoranı azərbaycanlı millət vəkillərinə xidmət göstərməkdən imtina etdi, erməni parlamentarilər bizimkilərlə eyni yemək masasında oturmadılar və s.) T.Mirkişili və S.Məmmədovun səfərinə qarşı çıxır, deputatlarımıza psixoloji təzyiq göstərməyə çalışırdılar. Hətta nümayəndə heyətimizin üzvləri İrəvanda tədbirin keçirildiyi İdman-konsert kompleksinə də gücləndirilmiş mühafizənin müşayiəti ilə gəlməli oldular.
Ancaq bütün bunlara baxmayaraq həm nümayəndə heyətimizin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, həm də digər deputatımız Soltan Məmmədov İrəvanda təmkinli, siyasi cəhətdən tam hazırlıqlı və ən başlıcası qalib ölkənin təmsilçiləri kimi ləyaqətlə davranaraq bütün erməniləri elə öz yaşadıqları yerdə yerlərində oturtmağı bacardılar. Məhz onların qətiyyəti sayəsində Ermənistan paytaxtı Azərbaycan həqiqətlərinin, torpaqlarımızın işğalı və Qarabağda ermənilərin törətdikləri vəhşiliklərin səsləndirildiyi beynəlxalq tribunaya çevrildi. Bu dəfə İrəvandan “Əgər ermənilər revanşist fikirlərə düşsələr, güclü Azərbaycan dövləti o qüvvələrə həm bu gün, həm də gələcəkdə lazımi cavab verməyə hazır olacaq!”, – deyə növbəti xəbərdarlıq edildi. İrəvanda Ermənistan parlamenti spikerinin Qarabağda yaşayan ermənilərin taleyi haqqında narahatlığına cavab olaraq T.Mirkişili onun yəqin ki, Xankəndini nəzərdə tutduğunu deyərək, oradakı iqtisadi və sosial vəziyyətin bizdə də narahatlıq doğurduğunu, ən doğru yolun ermənilərin tezliklə Azərbaycan vətəndaşlığını qəbul etməsi və sosial, iqtisadi resurslardan yararlanması olduğunu dedi. Ermənistan paytaxtında 44 günlük müharibə ilə birgə münaqişənin də bitdiyi, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazinin artıq mövcud olmadığı bir daha ermənilərə xatırladıldı. Və nəhayət, yenə də İrəvanda ermənilər üçün sülh çağırışları edildi, bunun onlar üçün yeganə xilas yolu olduğu bildirildi. Üstəlik, Azərbaycan və Ermənistanın gündəliyində sülhün, inkişafın olmasının əhəmiyyətini qeyd edən deputatımız, bu məsələlərdə erməni parlamentinin hökumətə və xalqa daim dəstək göstərməli olmasının vacibliyini də xüsusi vurğuladı.
Səfərin ən yadda qalan və erməniləri “dəli edən” məqamı isə sözsüz, iclasa rəhbərlik edən T.Mirkişilinin erməni deputata söz verməməsi ilə bağlı yazdıqları oldu: “Enerji Komitəsinin iclasına sədrliyi Azərbaycan edirdi, Ermənistan deputatına söz vermədim, yersiz danışırdı. Şikayət edirlər ki, gör nə günə qalmışıq ki, İrəvanda sədr azərbaycanlı, bizə də söz vermir çıxış etməyə. Yadıma düşdükcə özümü də gülmək tutur. Dövlətimiz və Prezidentimiz var olsun!”
Dünən başa çatan səfər gerçəkdən həm təhlükəsizlik, həm də psixoloji məsələlər baxımından çətin və mürəkkəb bir səfər idi. Ancaq millət vəkillərimiz bu işin öhdəsindən layiqincə gəlməyi bacardılar, Zəfər çalmış ölkəmizi, millətimizi İrəvanda layiqincə, qalib formasında təmsil etdilər. Bu, İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən sonra bu dəfə İrəvanın “fəthi” idi. Eşq olsun!