Mahir Rəsuloğlu |
Rusiya Federasiyası ilə imzalanmış Bəyannamə böyük siyasi gücün və uğurlu diplomatik səylərin nəticəsidir
Vətən müharibəsində qazandığımız böyük Zəfər iqtisadi və hərbi potensialı sürətlə inkişaf edən Azərbaycanın Cənubi Qafqazın şəriksiz lideri, eyni zamanda, Türkiyə və Rusiya ilə birlikdə regionda formalaşmaqda olan yeni geosiyasi konfiqurasiyanın əsas oyunçularından olduğunu bir daha sübut etdi. Faktdır ki, İran və Gürcüstanla da yüksələn xətt üzrə inkişaf edən mehriban qonşuluq münasibətlərimiz dünyanın güc balansında xüsusi çəkiyə malik digər iki böyük və güclü qonşumuz – Türkiyə və Rusiya ilə artıq dostluq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəlib. Bu mənada 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ndən sonra 2022-ci il fevralın 22-də Şimal qonşumuz ilə də oxşar məzmunlu sənədin imzalanması dünyanın siyasi arenasında baş verən ciddi təlatümlər fonunda ölkəmizin strateji maraqları baxımından müstəsna əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə Moskvada imzaladıqları “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” 43 bənddən ibarət Bəyannamə hər şeydən öncə dövlətimizin suverenliyinin və ərazi bütövlyünün növbəti qarantıdır. Tarixi sənədin ilk bəndi özündə məhz Rusiya və Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurulmasını ehtiva edir. Qeyd olunur ki, həm Rusiya, həm də Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.
İkinci Qarabağ müharibəsi dövründə rəsmi Moskvanın, konkret olaraq Rusiya Prezidentinin hadisələrə obyektiv və təmkinli yanaşmasının, Ermənistanın çoxsaylı müraciətlərinə baxmayaraq ən yüksək səviyyədə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisini işğaldan azad etməsinin vurğulanmasının məntiqi davamı kimi Bəyannamədə bununla bağlı müddəalar yer alıb. Belə ki, sənədin 9 və 10-cu bəndlərində hər iki ölkənin regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəkləri qeyd olunub. Bundan başqa, qeyd olunan üçtərəfli bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərilməsi və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edilməsi nəzərdə tutulur. Bütün bunlar isə Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycana hüquqi baxımdan əlavə imkanlar verəcək.
Ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də sənəddə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsinin qeyd olunmasıdır. Bəyannamədə konkret olaraq göstərilir ki, Rusiya və Azərbaycan beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu və yuxarıda qeyd olunmuş digər müddəalar Azərbaycana separatistlər və revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir. Azərbaycan bu bəndləri əsas götürərək, 10 noyabr Bəyanatının 4-cü bəndinə uyğun olaraq, erməni qoşunların Qarabağdan çıxarılmasında, 7-ci bənddə nəzərdə tutulduğu kimi, azərbaycanlıların hazırda ermənilərin yaşadığı öz tarixi vətə
nlərinə qayıtmasına nail olmaqda və 18-ci bəndə əsasən kommunikasiyanın açılmasında, Ermənistanla sərhədin delimitasiya-demarkasiyasında və yekun olaraq sülh sazişinin imzalanmasında Rusiyadan dəstək ala bilər.
Bəyannamənin imzalanmasından sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti bu məqamlara da toxunaraq bildirdi ki, biz gözləyirik ki, Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli Bəyanatın bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir.
Beləliklə, iki qüdrətli qonşusu – Türkiyə və Rusiya ilə strateji müttəfiqliyini rəsmiləşdirən, Avropa İttifaqı ilə sazişə hazırlaşan Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, regionda və dünyada gedən proseslər fonunda bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu isə böyük siyasi güc və iradə, məharətli diplomatiya tələb edir.