KÖŞƏ

Mahir Rəsuloğlu

Vaxt yetişməyibmi?..

23 fevral 2022 02:38
1166

Qarabağda qanunsuz erməni silahlılarının varlığına son qoyulmalıdır!

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə atəşkəs növbəti dəfə pozuldu. Fevralın 20-si axşam saatlarında ordumuzun Xocalı rayonunun Şuşakənd kəndi, fevralın 21-i gecə isə Xocavəndin Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutuldu. Təbii ki, Müdafiə Nazirliyinin məlumatında da bildirildiyi kimi, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub və təxribat cəhdlərinin qarşısı alınıb. Ancaq Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də mövcud olan Ermənistan ordusunun tör-töküntüləri tərəfindən atəşkəsin xüsusilə ötən ilin sonlarından başlayaraq müəyyən aralıqlarla pozulması, həmçinin Qarabağdakı qondarma rejimin cinayətkar “prezidenti”nin yenidən aktivləşməsi ciddi narahatlıq doğurmaya bilməz.

Xatırladaq ki, 2021-ci ilin oktyabr və noyabr aylarında qanunsuz erməni silahlı birləşmələri bir neçə dəfə atəşkəsi pozaraq təkcə ordumuzun mövqeləri istiqamətində deyil, eləcə də mülki insanlara atəş açmışdılar, nəticədə həyatını itirən və yaralananlar olmuşdu. Bir neçə faktı yada salaq: Oktyabrın 13-də mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanına qarşı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında təxribat törədilmiş, xoşbəxtlikdən ölən və yaralanan olmasa da atılan atəş nəticəsində Azərbaycan Hərbi Polisinin “NİVA” markalı avtomobilinə ziyan dəymişdi. Bundan bir gün sonra Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilmişdi. Elə həmin gün növbəti terror aktı törədilmişdi və ermənilər tərəfindən açılan snayper atəşi nəticəsində ordumuzun əsgəri Həmzəyev Əfqan Bəhram oğlu şəhid olmuşdu.

Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi baş verdi. Yalnız hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alındı, maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur edildilər.

Noyabrın 8-də ölkəmizdə Zəfər Günü qeyd edilən zaman və bundan beş gün sonra, ayın 13-də Şuşa şəhəri yaxınlığında növbəti təxribatlar törədildi. Xüsusilə Xankəndi-Laçın avtomobil yolundakı ikinci hadisə Rusiya sülhməramlılarının gözləri qarşısında nümayişkaranə şəkildə baş vermişdi. Belə ki, taksi ilə Azərbaycan hərbçilərinin blok-postuna yaxınlaşan erməni terrorçu burada xidmət aparan əsgərlərimizə əl qumbarası atmışdı və terror aktı nəticəsində bir azərbaycanlı hərbçi yaralanmışdı. Həmin vaxt Rusiya sülhməramlıları tərəfindən saxlanılan erməni terrorçu sonradan Ermənistana təhvil verildi.

Ötən il dekabr ayının sonlarında Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən “Bakcell” MMC-nin əməkdaşları erməni silahlıları tərəfindən atəşə tutuldu, hadisə nəticəsində mülki şəxs – Anar Rəhimli güllə yarası aldı...

Təəssüf ki, bu faktlar Qarabağda olan qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri cinayət əməllərinin, təxribat-terror cəhdlərinin tam siyahısı deyil. Bura erməni quldurların mövqelərində möhkəmlənmək üçün qondarma rejimin himayəsi altında hərbi məqsədlərlə mühəndis-istehkam işləri aparmasını, “DQR” “prezidenti” Araik Arutyunyanın Qarabağda yaşayan mülki erməniləri silahlandırmaq və digər təxribatçı-təhrikçi fəaliyyətlərini də əlavə etmək olar.

Görünən odur ki, regionun gələcək inkişafı naminə iki ölkə arasındakı ədavətə son qoyulması, sərhədlərin delimitasiyasının həyata keçirilməsi, sülh müqaviləsinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması istiqamətində intensiv çoxtərəfli danışıqların getdiyi indiki vaxtda həllini gözləyən ən mühüm məsələ hələ də suveren ərazilərimizdə qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğudur. Təkrar-təkrar xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələri geri çəkilməli və paralel olaraq həmin ərazilərdə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşməli idi. Sülhməramlılar yerləşdi, ancaq qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizin ərazisindən çıxarılması və ya tərksilah edilməsi hələ də həyata keçirilməyib. Bu, sabitliyə, nəzərdə tutulan regional layihələrin reallaşdırılması məqsədilə aparılan danışıqlara əngəl və təhlükə törətməklə yanaşı, eyni zamanda, bir daha sülhməramlıların öz missiyalarına və üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq gec də olsa Qarabağdakı silahlı erməniləri tərksilah edərək ölkəmizin ərazisindən çıxarmalarının zərurətə çevrildiyini yenidən gündəmə gətirir: Azərbaycan ərazisində - Qarabağda qanunsuz erməni silahlılarının varlığına son qoyulmalıdır! Qeyd-şərtsiz, ləngitmədən. Siz necə hesab edirsiniz, bunun üçün vaxt çoxdan yetişməyibmi?