Mahir Rəsuloğlu |
Və Paşinyanın ikibaşlı müraciəti haqqında
Normal düşüncəyə malik hər bir erməni, əgər beləsi varsa, 34 il əvvəl başlatdıqları hadisələrə görə ən azından peşmanlıq hissi keçirməli, üzr istəməlidir. Çünki 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) şovinizmin baş qaldırmasında, əzəli və əbədi Azərbaycan torpaqlarının işğal edilməsində və bunun nəticəsi olaraq bir milyona yaxın insanın öz doğma ata-baba yurdundan didərgin düşməsində, minlərlə insanın qətlə yetirilməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın son bəyanatında etiraf etdiyi kimi, bütün ermənilər iştirak edib. Məhz düşmən ölkənin özündə və xaricdə yaşayan ermənilərin, lobbi nümayəndələrinin, onlara məxsus terror təşkilatlarının birbaşa dəstəyi və iştirakı ilə suveren ərazimizdə ikinci erməni dövləti yaratmaq planları qurulmuşdu. Ermənipərəst imperiya rəhbərliyinin separatçılığın qarşısını almaq üçün vaxtında lazımi tədbirlər görməməsindən, daha doğrusu görmək istəməməsindən ruhlanan ermənilər 1988-ci il fevralın 20-də keçmiş muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxmasını, daha sonra isə 1991-ci ilin sentyabrında qondarma “Dağlıq Qarabağ respublikası”nın yaradılmasını elan etdilər...
Normalda erməni faşizminin məhvi və torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsindən düşmən ölkədə hər kəs nəticə çıxarmalı, 34 il əvvəl başlatdıqları düşmənçiliyin, xəyallarını qurduqları utopik “dənizdən-dənizə böyük Ermənistan” xülyasının, qondarma ikinci dövlət arzularının onlara vurduğu hərtərəfli zərbələrdən dərs almalı idilər. Çünki qanlı-qadalı bütün bu 34 ildə beyinləri boş və qorxunc “ideyalarla” zəhərlənmiş ermənilərin “qazancları” yalnız düşmənçiliyin yaratdığı səfalət, problemlər və təbii ki, acı məğlubiyyət oldu. Bundan da pisi isə odur ki, hadisələrin başlanğıcının ildönümündə baş verənlərdən nəticə çıxarmaq əvəzinə yenidən revanşist fikirlər səslənir, “ac toyuqlar yenidən darılı yuxular görməkdədir”...
İstər düşmən ölkə hakimiyyətinin və siyasi fiqurlarının, istərsə də Azərbaycan ərazisində, təəssüf ki, hələ də mövcud olan qondarma rejim təmsilçilərinin açıqlamaları onların 44 günlük müharibənin nəticələrindən lazım olan dərsi almadıqlarını, içlərində hələ də xəbis arzular yaşatdıqlarını göstərir.
Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı isə açıq-aşkar revanşizmə rəsmi şəkildə dəstək nümayiş etdirməkdir: “Bu hadisələrdən 34 il keçsə də, ağır sınaqlara, iki qanlı müharibəyə baxmayaraq Ermənistan Respublikası və “Artsax” milli məqsədlərin həyata keçirilməsi, Qarabağ ermənilərinin hüquqları və dövlətçiliyinin beynəlxalq səviyyədə tanınması, suverenlik uğrunda birgə mübarizəni davam etdirirlər.”
Təbii ki, düşmən ölkənin xarici siyasət qurumunun həyasızcasına separatılığı dəstəkləyən bəyanatı cavabsız qalmayıb və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən lazımi səviyyədə cavablandırılıb. Cavab bəyanatında Ermənistan tərəfinin Azərbaycan SSR-in DQMV-nin radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı qətiyyətlə qınanılır. Qeyd edilir ki, sözügedən qondarma qərar o vaxtkı SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ-hüquqi aktlara zidd idi. Ermənistanın aqressiv erməni separatçılarını dəstəkləməsi və Azərbaycana qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir hissəsinin 30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına səbəb olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında, həmçinin o da bildirilir ki, hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir...
Elə Ermənistanın baş naziri Nikol Paşinyanın da “Qarabağın dirçəlişi günü” ilə bağlı xalqa müraciətindəki fikirlər təxminən düşmən ölkənin xarici siyasət qurumunun bəyanatı ilə oxşardır və bu, səsləndirilənlərin “eyni mətbəxin məhsulu” olduğunu göstərir. Atdıqları addımların Qarabağ ermənilərinin hüquqlarını qorumaq və onların beynəlxalq səviyyədə tanınmasına yönəldiyini deyən Paşinyan əmin olduğunu bildirib ki, erməni xalqı tezliklə keçmiş müharibənin yaralarını sağaldacaq, daha da qətiyyətli və möhkəm addımlar atacaq.
Ermənistanın hökumət başçısı müraciətində ikibaşlı ifadələr də işlədib və qeyd edib ki, dinc inkişaf erasının açılışı Birinci və İkinci Qarabağ müharibələrində həlak olan ermənilərin xatirəsinə ən böyük ehtiram olacaq. Bundan əlavə, bu, Ermənistan dövlətinin mövcudluğunun, beynəlxalq səviyyədə tanınmasının və Dağlıq Qarabağ sakinlərinin hüquqlarının həyata keçirilməsinin təminatına çevriləcək.
Maraqlıdır, indi Nikol Paşinyan bu müraciətində separatçılığı və revanşizmi dəstəklədiyinimi bəyan edir, yoxsa “dinc eranın başlamasına”, sülhə tərəfdar olduğunumu? Erməni baş nazirin “bu üzrü günahından betər müraciəti”ndəki “sülh”ə qədərki fikirlər nə qədər ölkəsində ictimai dəstək qazanmağa hesablansa da bir o qədər də özündə təhlükəli meyillər daşıyır. Bəs ermənilərin yenidən alovlandırmaq istədikləri revanşizmin nəticəsi nə ola bilər? Heç ola bilməz ki, bunun Ermənistana yarada biləcəyi problemləri “dəmir yumruğ”un acısı canlarından çıxmamış ermənilərin özləri anlamasın. Əks halda, bəzi reallıqları onlara yenidən xatırlatmaq lazım gələcək...