Mahir Rəsuloğlu |
Künc zərbəsi
Əsas missiyası sülhü təmin etmək və beləliklə, şanlı Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra sabitliyin təminatına töhfə vermək olan Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının maşınlarımızı yoxlayarkən yanlarında qondarma rejimin “polisini” gəzdirmələri açıq şəkildə xalqımıza və qanunlarımıza hörmətsizlik, bunun görüntülərini nümayişkaranə şəkildə yaymaq isə yumşaq desək, məsuliyyətsizlik, həyasızlıq və siyasi tərbiyəsizlikdir!
Fevralın 2-də sülhməramlı qüvvələrin əsgərləri tərəfindən Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən, Azərbaycana məxsus avtomobil karvanının xüsusi canfəşanlıqla ciddi surətdə yoxlanılması, hətta yük maşınının kabinəsinə qalxaraq içəriyə diqqətlə baxılması ciddi suallar yaradır.
Birincisi və ən vacibi: Həmin sülhməramlıların əsas funksiyası Ermənistan ordusunun tör-töküntülərinin, yəni, erməni silahlı birləşmələrinin təxribat-terror əməllərinə qarşı tədbirlər görmək, onların torpaqlarımızdan çıxarılmasını və ya tərksilah edilməsini təmin etməkdir. Çünki Azərbaycana məxsus torpaqlarda sabitliyin pozulmasına yeganə təhlükə həmin qeyri-qanuni silahlı terrorçulardır, Azərbaycana məxsus yük maşınları deyil. Axı Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatda bu məqamlar açıq şəkildə qeyd olunub. Biz öz torpaqlarımızda istənilən, o cümlədən hərbi yükü istənilən yerə daşıya bilərik və daşıyırıq da. Buna Azərbaycanın hüquq-mühafizə orqanlarından başqa heç kimin müdaxilə etmək haqqı yoxdur.
Üstəlik, maşın karvanı sülhməramlıların təhlükəsizliyə cavabdeh olmadıqları bölgə üzrə hərəkət edib, həmin ərazidə sülhməramlılara məxsus olan postlar da yoxdur. Bu fakt Rusiyanın Müdafiə Nazirliyi tərəfindən bölgə üzrə xidməti ərazilərə dair təqdim olunmuş xəritədə də öz əksini tapmamışdır. O zaman sülhməramlı qüvvələr daşıdığı yükün təmayülündən asılı olmayaraq öz ərazimizdə hərəkət edən və bizə məxsus avtomobil karvanına hansı hüquqla baxış keçirirlər?
İkincisi: Rusiya sülhməramlılarının daha bir missiyası Laçın dəhlizi vasitəsilə Qarabağa, yəni, Azərbaycana gələn və oradan gedən ermənilərin, o cümlədən digər əcnəbilərin hərəkətlərini nəzarətdə saxlamaq, onların maşınlarını yoxlamaq, hər hansı qanunsuzluğun baş verməməsinə çalışmaqdır. Sülməramlılar suveren sərhədlərimiz daxilində yerləşdirildiyindən təbii ki, komandanlığından, yüksək rütbəli zabitlərindən tutmuş sıravisinə qədər hər biri yaxşı bilməlidir ki, söhbət Azərbaycan Respublikasının qanunvericiliyininin tələblərinə əməl olunmasından gedir və burada məhz bizim qanunlar işləməlidir. Qanunlarımızın belə tələb etdiyi halda Laçın dəhlizində bu qanunların pozulmasına qəsdən və ya qəsdsiz şərait yaradan sülhməramlının mövcudluğu və lazımlılığı sual doğurmurmu?
Üçüncü: Rusiya sülhməramlıları Azərbaycana məxsus avtomobili yoxlayarkən onların yanında olan silahlı erməni “polis”i ölkə qanunvericiliyini pozan cinayətkardır. Normalda həmin cinayətkar yaxalanaraq tərksilah edilib Azərbaycanın aidiyyəti orqanlarına təhvil verilməlidir. Və Qarabağ iqtisadi rayonu ərazisində hər hansı polis müdaxiləsi tələb olunan hansısa hal olarsa, yəni, sülhməramlıların polisin köməyinə ehtiyacları yaranarsa bunun üçün qanunlarımızın keşiyində dayanan, işinin öhdəsindən peşəkarlıqla gəlməyi bacaran Azərbaycan polisi var. Bəs elə isə niyə sülhməramlılar öz missiyalarını düzgün yerinə yetirmir və ya yetirmək istəmirlər? Onların yanlarında tula kimi cinayətkar erməni “polis”i gəzdirməkdə məqsədləri nədir?
Axı belə qanunazidd addımlarına görə dəfələrlə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilib. Axı sülhməramlılara yaxşı məlumdur ki, dəfələrlə öz missiyalarına aid olmayan fəaliyyətləri, yerli ermənilərlə bəzən ciddi suallar doğuran “isti” münasibətləri, Laçın dəhlizi vasitəsilə Qarabağa qanunsuz səfərlərə şərait yaratmaları haqlı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, Azərbaycan tərəfində qıcıq yaradır. Axı sülhməramlılar onu da yaxşı bilirlər ki, atdıqları bütün addımlar Azərbaycanın nəzarətindədir. Belədə haqlı suallar yaranır: Bu məsuliyyətsizlik kimə gərəkdir? Vazgenin sənin yanında nə iti azıb, İvan?