Mahir Rəsuloğlu |
Paşinyan hökuməti üçün son şans
2022-ci ilə bütün göstəricilər üzrə bədbin proqnozlarla girən Ermənistanın siyasi arenasında qarşıdurmaların yaratdığı böhran özünü çox gözlətmədi və növbəti “raund” yanvarın 23-də prezident Armen Sarkisyanın qəfil istefası ilə nəticələndi. Mövcud konstitusiyanın onun potensialından sistemli daxili və xarici siyasət problemlərini həll etmək üçün istifadə etməyə imkan vermədiyini deyən Sarkisyanın getməsinin ardından nə baş verdiyini anlamağa çalışan ictimaiyyət, KİV, ekspertlər və erməni müxaliflər daha bir sürprizlə qarşılaşdılar – baş nazir Nikol Paşinyan koronavirus səbəbindən müvəqqəti özünü təcrid etdiyini açıqladı və “kölgəyə çəkildi”. Bununla da Ermənistan hökumətinin rəhbəri onun fəaliyyətinə mane olmağa çalışan daha bir ciddi rəqibini zərərsizləşdirdikdən sonra gözlənilən təzyiqlərdən yayınmağın sadə, amma effektli yolunu seçməklə bəzilərinin düşündüyü qədər zəif və sadəlövh olmadığını göstərmiş oldu. Məsələ burasındadır ki, hətta İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətə baxmayaraq ermənilərin növbəti dəfə etimad göstərdikləri Paşinyan revanşistlərdən fərqli olaraq ölkənin sosial partlayış səviyyəsində olan ağır iqtisadi vəziyyətinin fərqindədir və uzun illərin işğalçılıq siyasətinin səbəb olduğu böhranın nə ilə nəticələnə biləcəyini yaxşı anlayır. Problemlər isə yalnız iqtisadi amillərlə bağlı deyil, baxmayaraq ki, artan qiymətlərlə müqayisədə Ermənistanın büdcəsi də, insanların gəlirləri də əhali sayı kimi azalmaqdadır...
Statistika sosial çətinliklər məngənəsində əzilən düşmən ölkə əhalisi arasında son çıxış yolu kimi Ermənistanı həmişəlik tərk etməyə üstünlük verənlərin sürətlə artdığını göstərir. Təkcə 2021-ci ildə və yalnız Zvartnots və Şirak beynəlxalq hava limanları vasitəsilə ölkəni tərk edən vətəndaşların sayı gələnlərdən 47 323 nəfər çox olub ki, bu rəqəm azsaylı əhalisi olan Ermənistan üçün həm rekord göstərici, həm də ciddi itkidir. Ümumiyyətlə, düşmən ölkədə demoqrafik problem yeni deyil və getdikcə dərinləşməkdədir. Belə ki, əhalinin sayının azalması prosesi 1993-cü ildən başlayıb və əgər həmin il Ermənistanda 3 milyon 463 min 700 nəfər yaşayırdısa, hazırda bu rəqəm 2 milyon 980 min 226 nəfər, hətta böyük ehtimalla daha az təşkil edir. Yəni, əhali sayı 28 il ərzində təxminən yarım milyon nəfər azalıb və maraqlıdır ki, bu 28 ildə demoqrafik vəziyyətə heç vaxt stabilləşmə və ya artım müşahidə olunmayıb. Heç Ermənistan əhalisinin yaxın və uzaq gələcəkdəki sayı ilə bağlı BMT-nin 2019-cu ildə yaydığı proqnozları da düşmən ölkə üçün ürəkaçan deyil – 2050-ci il üçün pessimist proqnoz 2 milyon 573 min, optimist proqnoz 3 milyon 65 min nəfər, 2100-cü il üçün isə pessimist proqnoz 1 milyon 207 min, optimist proqnoz 3 milyon 175 min nəfər. Yəni, düşmən ölkə əhalisinin 79 il sonra artmaq əvəzinə yarıbayarı azalması, ən yaxşı halda isə olduğu kimi qalması gözlənilir. Ancaq gedişat göstərir ki, demoqrafik böhran daha tez dəhşətli fəsadlarla nəticələnə bilər. Milli Statistika Komitəsinin məlumatına görə, Ermənistanda 2021-ci ildə mülki əhali arasında ölənlərin sayında 10 faiz artım müşahidə edilib. Səbəb kimi isə həm İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət, həm də koronavirus pandemiyası göstərilir.
Ermənistanın iqtisadi vəziyyətinə gəlincə, bu sahədə inkişaf haqqında danışmaq yaxın gələcək üçün imkansız kimi görünür. Müstəqillik əldə etdiyi vaxtdan indiyə qədər ona havadarlıq edən dövlətlərin, o cümlədən xaricdə yaşayan erməni lobbisinin yardım və ianələrinə möhtac qalmış düşmən ölkə işğalçılıq, qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları siyasəti aparmaqla özü-özünü təcrid vəziyyətinə salıb və bu amil Ermənistanın onsuz da həssas iqtisadiyyatının tənəzzülünü şərtləndirib. Paralel olaraq, ordu quruculuğu və silahlı qüvvələrin təminatı, silah-sursat bazasının gücləndirilməsi sahəsində də vəziyyət kifayət qədər problemlidir. Müharibədən sonra tamamilə dağılmış ordunun bərpasına onillər lazım olacaq və bu gün Azərbaycanın günü-gündən güclənən ordusu ilə Ermənistan silahlı qüvvələrini müqayisə etmək, sadəcə gülünc görünə bilər.
Bütün qeyd edilənlər fonunda baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağın, sülh təkliflərini müsbət dəyərləndirməklə ölkəni ən azından nəqliyyat və infrastruktur blokadasından çıxarmağın son şans olduğunu anlamaması mümkün deyil. Erməni mediasında birincinin qələbəsi ilə başa çatan baş nazir-prezident “müharibəsinin” də məhz bu səbəbdən, yəni, Sarkisyanın sülh razılaşmalarında iştirakdan imtina etdiyi və buna mane olmaq istədiyi üçün baş verdiyi barədə fikirlər səslənir.
Hər iki ölkənin dövlət başçılarından sonra Türkiyənin müdafiə naziri Hulusi Akarın da fevralın 1-də azərbaycanlı həmkarı Zakir Həsənovla birgə keçirdiyi mətbuat konfransında Ermənistana sülh təklifi ünvanlamasının çox ciddi anlamı var və bu, dolayısı ilə düşmən ölkəyə həm də xəbərdarlıq etməkdir. H.Akar bildirib ki, Ankara və Bakı Ermənistana sülh əlini uzadıb: “Mühüm məsələlərdən biri odur ki, prezidentimizlə cənab Əliyev arasında danışıqlardan sonra sülh əli Ermənistana uzadılıb. Biz gözləyirik və arzu edirik ki, bu sülh əlinə qiymət verilsin. Bu yolla biz sülhün təmin olunmasına çalışırıq.”
Göründüyü kimi, sülh təklifləri Ermənistandakı böhranlı vəziyyətlə müqayisədə daha konkret, aydın və anlaşılandır. Qalır baş nazir Nikol Paşinyanın təzyiq və təsirlər qarşısında siyasi iradə göstərərək “uzadılan sülh əlini tutması”. Çünki sülh bütün regiona, ən çox da elə Ermənistanın özünə lazımdır. Əks halda nələr ola biləcəyini Paşinyan da yaxşı bilir. Onu da yaxşı bilir ki, son sülh təklifləri sonuncu təkliflər də ola bilər...