KÖŞƏ

Mahir Rəsuloğlu

Qareginin qaragünlü və qara niyyətli törəmələri...

01 fevral 2022 00:13
1275

Prezident İlham Əliyev: Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır

Faşizm meyillərinin yaranması, nasist ideologiya daşıyıcılarının fəallaşması müxtəlif vaxtlarda müxtəlif ölkələrin ərazisində müşahidə edilsə də bu təhlükəli tendensiyanın qarşısını almaq üçün həmin dövlətlərin aidiyyəti qurumları və ictimaiyyəti birmənalı şəkildə ciddi mübarizə yolunu seçir. Seçməlidir də. Çünki bəşəriyyət faşizmin insanlığa vurduğu yaraların acısını hələ də unutmayıb və saysız-hesabsız faciələr tarix dərsliklərinin matəm rəngli səhifələrini “bəzəməkdədir”.

Terrorçuluğu, dinc insanlara qarşı qəddarlıqların, vəhşiliklərin törədilməsini dövlət siyasətinin “gizli elementinə” çevirən Ermənistanda isə, eyni zamanda, faşizm meyilləri rəsmi şəkildə açıq-aşkar dəstəklənir. Belə olmasaydı əli günahsız azərbaycanlıların və İkinci Dünya müharibəsi zamanı sovet əsgər və zabitlərinin qanına batmış cəllad Qaregin Njde ermənilərin “milli qəhrəmanına” çevrilməzdi, İrəvanda bu faşistin adı küçələrə, meydanlara, metro stansiyasına verilməzdi, ona abidələr qoyulmazdı, haqqında “müsbət” obrazlı film çəkilməzdi...

Ermənilər nəinki Njde haqqında film çəkib, üstəlik bu filmin faşizmin cinayətlərindən ən çox əziyyət çəkmiş ölkələrdən olan Rusiyada nümayişinə cəhd göstəriblər. Yanvarın 28-də Moskvada Rusiya Erməniləri İttifaqının gənclər mərkəzində bu cəhdin qarşısı alınıb, ictimaiyyətin ciddi etirazından və yerli polisin müdaxiləsindən sonra filmin nümayişi dayandırılıb. Normalda Ermənistan hakimiyyəti məsələyə münasibət bildirərkən ən azından baş verənlərlə birbaşa əlaqələri olmadığını isbatlamağa çalışmalı idi. Ancaq bu ölkənin

Rusiya Federasiyasındakı səfirliyi mövzu ilə bağlı, necə deyərlər, “üzrü günahından betər” bəyanatında Q.Njdenin “ləkələnməsi” cəhdləri ilə bağlı dərin narahatlığını ifadə edib. Səfirlik Rusiya mətbuatının və ictimai fikrinin “spekulyasiyalarını” qəbuledilməz hesab etdiyini bildirib və “açıq şəkildə yalan və həqiqətə uyğun olmayan məlumat yaymaqdan” çəkinməyə çağırıb.

Göründüyü kimi, Ermənistan rəsmi olaraq nümayişkaranə şəkildə  faşizmi dəstəkləməkdə davam edir. Üstəlik əvvəlki hakimiyyət dönəmində yürüdülmüş bu siyasət Nikol Paşinyan hökuməti üçün də dəyişməyib. Yəni, ölkəni kimlərin idarə etməsindən asılı olmayaraq faşizmi, terrorçuluğu təbliğ və müdafiə etmək Qareginin qaragünlü törəmələrinin qara niyyətləri olaraq qalmaqdadır. Ermənistanın istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi insanlığa sığmayan cinayətləri, vəhşilikləri, Xocalıda həyata keçirdikləri qanlı soyqırımı aktı, Gəncədə, Bərdədə, Mingəçevirdə, Naftalanda,Tərtərdə mülki insanların yaşadığı evlərə qadağan olunmuş ballistik raketlərlə zərbələr endirməsi bir daha bu ölkədə faşizmin dövlət siyasətinə çevrilməsini nümayiş etdirdi. Odur ki, Azərbaycan şanlı Qələbə qazanmaqla təkcə torpaqlarımızın işğaldan azad olunmasını təmin etmədi, həm də erməni faşizminin başını əzdi. Azərbaycan əsgəri göstərdi ki, bu bölgədə nə faşizmə, nə də onun “qəhrəmanı” njdelərə yer yoxdur.

Yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verən Prezidenti İlham Əliyev bir daha bu məqamlara toxunaraq bildirdi ki, Qaregin Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Əgər bu, təkcə əvvəlki hakimiyyətlə bağlı olsaydı, dərd yarı idi. Əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti də faşistləri təbliğ edir, onları müdafiə edir. Njde haqqında çəkilmiş filmin Moskvada nümayişinə cəhd edilməsi barədə danışan dövlətimizin başçısı qeyd etdi ki, Rusiya ictimaiyyəti bundan xəbərdar oldu və Rusiya ictimaiyyətinin təkidi nəticəsində bu biabırçı aksiya baş tutmadı: “Ancaq o da həqiqətdir ki, ilk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır.”

Moskvada ermənilərin diaspor təşkilatının xətti ilə bu dözülməz aksiyanın keçirilməsinin heç bir çərçivəyə sığmadığını bildirən Azərbaycan Prezidenti qeyd etdi ki, İkinci Dünya müharibəsinin tarixi ilə bağlı təhrifetmə cəhdlərinə son qoyulmalıdır. Faşizmi qəhrəmanlaşdırmaq olmaz. Amma bir tərəfdən Ermənistan rəsmən bu fikirlərə qoşulsa da, faktiki olaraq Njde kimi faşistin qəhrəmanlaşdırılması ilə bağlı konkret addımlar atır. Bütün bunlar isə onu göstərir ki, erməni faşizmi məğlub edilsə də təzahürləri qalır və Ermənistanda, hətta Rusiyada baş qaldırmağa çalışır. Dövlət başçımızın dediyi kimi, biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib: “Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır.”

Prezident İlham Əliyev müsahibəsində növbəti dəfə Ermənistana xəbərdarlıq edərək bildirdi ki, biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın: “Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir.”