Mahir Rəsuloğlu |
Künc zərbəsi
Bir daha Pekresin Qarabağa səfəri haqqında
Fransanın mərkəz sağçı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Valeri Pekres öz təbirincə desək, “sarsılıb”. Nədən? Sən demə, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Pekresin Qarabağa qanunsuz və gizli səfər etməsinə kəskin münasibət bildirməsi ermənipərəst xanımın xətrinə dəyib. Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəllərində Ermənistana gəlmiş xanım prezidentliyə namizəd Azərbaycan qanunvericiliyini və beynəlxalq hüququn normalarını qəsdən kobudcasına pozaraq, Senatın deputatları Bruno Ratteyo və Mişel Barnyenin müşayiəti ilə düşmən ölkədən Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə qanunsuz və gizli səfər etmişdi. Dövlətimizin başçısı bununla bağlı həm Rusiyanın Müdafiə Nazirliyinə, həm də sülhməramlı missiyanın rəhbərinə irad bildirildiyini deyərək qeyd etmişdi ki, müxtəlif bəhanələr gətirsələr də bu, təşkil edilmiş səfər idi. Çünki Pekres istədiyi müşayiətlə deyil, çox məhdud sayda gizli şəkildə Qarabağa gəlib və qayıdıblar: “Yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə.”
Atdığı qanunsuz addıma və hörmətsizliyə görə üzr istəmək əvəzinə xanım Pekres üstəlik “Europe-1” radiostansiyasına açılqlamasında “prezidentliyə namizədi müdafiə etməyən hakimiyyətin ölümcül susqunluğu qalmaqaldır”, - deyə rəsmi Parisi günahlandırıb. BMT-nin, yəni, bütün dünya dövlətlərinin, o cümlədən Fransanın özünün ərazi bütövlüyünü tanıdığı suveren Azərbaycana oğurluq gələn prezidentliyə namizəd indi şivən qopararaq “doğrunun bağrını yarmaq istəyir”. Pekres həyasızcasına ərazi bütövlüyümüzü şübhə altına alan ifadələr işlədərək deyib ki, məndən əvvəl bir çox fransızlar kimi, mən də Dağlıq Qarabağ bölgəsinə getmişəm: “Bu, Ermənistanla Azərbaycan arasında mübahisələrə səbəb olan bölgədir. Oraya baxmaq üçün getmişəm ki, görüm orada nələr baş verirdi.”
İndi təsəvvür edin ki, xisləti qərəz və riyakarlıq olan bu ermənipərəst xanım “qoca Avropa”nın ən böyük dövlətlərindən birinin prezidenti olmaq istəyir və bu baş versə ölkəsini və dünyanı nələr gözləyir. V.Pekres üzrü günahından betər məsəli, üstəlik açıq şəkildə dini ayrı-seçkilik etdiyini də gizlətməyib və Şərq xristianları məsələsinin onun öhdəliklərinin mərkəzində dayandığını, bu mənada Ermənistanın müdafiəsinin çox vacib olduğunu vurğulayıb.
Təbii ki, Pekresin bu addımları, nümayişkaranə şəkildə qanunsuz əməllərinə don geydirməyə çalışması, üstəlik çirkabına Fransanın rəsmi dairələrini də bulaşdırmaq istəməsi haqlı olaraq bütün azərbaycanlıların nifrətinə və qəzəbinə səbəb olur. Bu səbəbdən Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı, müstəqil deputatlar, hüquqşünaslar bu kimi qanunsuz səfərlərin qarşısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün zəruri tədbirlərin görülməsi xahişi ilə Fransa prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar. Müraciətdə V.Pekresin Qarabağ bölgəsinə qanunsuz səfərinin sivil dünyanın qanunlarını kobud şəkildə pozduğu, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zamanda bu qeyri-qanuni səfərin və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdinin bölgədə vəziyyəti qəsdən qızışdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıdığı vurğulanır.
Həmçinin bildirilir ki, xanım Pekres və onun bəzi müşavirləri, eləcə də erməni diasporunun nümayəndələri mətbuatda və sosial şəbəkələrdə münaqişəyə dini don geyindirməyə çalışırlar və insanların dini heysiyyətləri üzərindən Azərbaycan dövlətinə və xalqına qarşı aşağılayıcı fikirlər səsləndirirlər. Bu isə Azərbaycan xalqına qarşı nifrətə açıq çağırışdır. Fransa kimi bəşəri dəyərlər ənənəsinin və dinin siyasətdən ayrılmasının dövlətin təməl daşını təşkil edən bir ölkədə açıq şəkildə bir xalqa qarşı nifrət hissinin aşılanması heç bir mənəvi və universal dəyərlər çərçivəsinə sığmır.
V.Pekres namizəd kimi istədiyi yerə gedə bildiyini deyir. O, əlbəttə, öz ölkəsində və Fransanın üzv olduğu Avropa İttifaqının hərəkət azadlığından bəhrələnib istədiyi yerə getməkdə və öz seçki təbliğatını aparmaqda sərbəstdir. Lakin Azərbaycana gəlmək üçün Azərbaycanın müvafiq qurumlarına müraciət etməli və ölkə ərazisinə giriş icazəsi almalı idi. Onun belə bir icazə olmadan sərhədimizi gizli keçməsi Azərbaycan qanunvericiliyini, eləcə də Fransanın milli qanunvericiliyinin tələblərini, həm beynəlxalq, həm də ikitərəfli öhdəliklərini kobud şəkildə pozur.
Məlumat üçün bildirək ki, Fransanın 1958-ci ildə qəbul edilmiş konstitusiyasına əsasən, xarici siyasət məsələləri dövlətin mərkəzi hakimiyyətinin müstəsna səlahiyyətlərinə daxildir. Ərazi vahidləri – bələdiyyələr, departamentlər, regionlar dövlətin xarici siyasəti ilə məşğul ola bilməz və onun beynəlxalq öhdəliklərinə xələl gətirə bilməzlər (Ərazi vahidləri Ümumi Məcəlləsinin L.1115-1 və sonrakı maddələri). Bununla bağlı Fransanın Daxili işlər və Avropa və Xarici işlər nazirləri tərəfindən 2018-ci il mayın 24-də NOR/INTB1809792C nömrəli sirkulyar imzalanmışdır.
Beləliklə, Perkes təkcə Azərbaycanın deyil, Fransanın da qanunlarını pozub və əgər həmin qanunun aliliyi fransızlar üçün ermənilərdən dəyərlidirsə, o zaman xanım namizəd də mütləq müvafiq cəzasını almalıdır. Əlbəttə, Fransa hələ də qanunlara və demokratik dəyərlərə hörmətlə yanaşırsa...
Hələ ki gec deyil, etdiklərinə “fransızsayağı” yanaşınca, qanunlara hörmət etməyi və səhvlərinə görə üzr istəməyi bacaran əsl fransız kimi üzr istə, madam Pekres! Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir...