Mahir Rəsuloğlu |
Azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir! Arzularımızın çin olduğu, xəyallarımızın gerçəkləşdiyi günlərə şahidlik etmək necə də möhtəşəmdir!
Elə bil kabus dolu uzun, 30 il sürən bir yuxudan ayılırsan və yuxu ilə reallıq arasındakı sərhədi aşmaq ruhunda təlatümlər yaradır. Nələr baş verib axı? İçi acılarla dolu avtobuslar, üstündə ev-eşiyi kimi ümidlərini də itirmiş insanların dərdləri yüklənmiş iri yük maşınları, minik avtomobilləri çarəsiz-çarəsiz, könülsüz-könülsüz kiçik Vətəndən böyük Vətənin böyük şəhərinə - Bakıya üz tutmuşdu. Bir də dönə biləcəyikmi sualıyla, ümidsizliyi ilə...
Cəmi bir il dörd ay öncəyə qədər içində mütləq qayıdacağıq ümidini qoruyub-saxlaya, yaşada bilən çox az Vətən sevdalısı qalmışdı desəm, görəsən, çoxmu haqsızlıq etmiş, çoxmu yaranın qaysağını qoparmış olaram? Ağlamaqdan gözünün nuru Xocalı gecəsi kimi qaralanlar, barı ruhum gedib gəzə bilsin deyə əcəlinə vaxtsız qucaq açanlar bitib-tükənmişdilər doğma yurd həsrətindən. Vaxt keçdikcə, kabus yuxu uzandıqca ömürlər kimi ümidlər də gödəlirdi, sozalırdı...
Cəmi bir il dörd ay əvvələ kimi ilahini ədalətsizlikdə günahlandıra-günahlandıra, haqsızlığa yana-yana yaradana üsyan edirdi yüzminlər, milyonlar. Sənə güvəndik, sənə sığındıq, bəs niyə kafirin zülmünə göz yumursan, deyə! Ancaq uca Tanrı görürdü hər şeyi! Haqqın nazilsə də üzülməsinə, günahsız körpələrin, məsum qız-gəlinlərin, üzü nurlu ağsaqqal-ağbirçəklərin ahlarının yerdə qalmasına yol verməzdi. İşıqlı bir yol açdı bizim olanı geri almağımız, haqqımıza sahib çıxmağımız üçün.
Müzəffər Ali Baş Komandan daha yetər, gün qisas günüdür dedi, xalq ayaqlandı Vətənin əsgəri olmaq üçün. Yağı üstünə yerişindən-yürüşündən yer titrədi mərd oğulların, düşmən pərən-pərən düşdü, xarabaya çevirdiyi kəndlərimizi, şəhərlərimizi qoyub qaçdı, canını qurtarmağa çalışdı. İşğalı illər sürən torpaqlarımızın azad olunması üçün cəmi 44 gün kifayət etdi. Və artıq bir il iki aydan artıqdır ki, həyat qayıdır o yerlərə, müqəddəsliyi özünə qayıdır, arınır, təmizlənir torpaq!
..İlkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq. Milli Məclisin deputatı Vüqar Bayramov “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, işğaldan azad olunmuş ərazilərin infrastrukturunun formalaşdırılması, nəqliyyat şəbəkəsinin yenidən qurulması və inkişaf etdirilməsi həmin ərazilərə müntəzəm avtobus marşrutlarının təşkil edilməsinə imkan yaradır. Nəzərdə tutulan marşrut xətləri isə Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.
Xatırladaq ki, azad olunmuş torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.
Xəbərin gözəlliyinə bax! Bu dəfə içi sevinc, qürur və həyəcan dolu avtobuslar 30 ildən sonra geri dönəcək. Üzərinə Bakı-Şuşa yazılmış rahat avtobusa minib “Zəfər yolu”u ilə Azərbaycanın incisi, Qarabağın gözəli, mədəniyyət beşiyi Şuşaya gedə biləcəyik! 30 ildir ayrılıq acısıyla qovrulanlar torpağa sarılacaq, daşı-divarı ilə dərdləşəcək, İsa bulağının buz suyu ilə həsrət yanğısını, yurd təşnəsini döndürəcəklər.
Sonuncu dayanacaq Şuşadır? Xeyr, Şuşa çin olan arzumuz, gerçəkləşən xəyalımızdır, ancaq son dayanacaq deyil. Çünki yolumuz uzundur, hədəfimizə və mənzil başına çatmamışıq hələ. Çox da uzaq olmayan bir gün də bax beləcə Qərbi Zəngəzurdan keçməklə Naxçıvana müntəzəm avtobus marşrutlarının açılması xəbərinə sevinəcəyik! Rahat avtobuslara minib Qərbi Zəngəzurumuza, oradan Naxçıvanımıza gedə biləcəyik! Az qaldı...
Bu günləri göstərən Tanrıya həmd olsun! Şükürlər olsun!