Mahir Rəsuloğlu |
Prezident İlham Əliyev: Biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz
2018-ci ildə küçədən Ermənistan rəhbərliyinə gəlmiş Nikol Paşinyanın uzun illər erməni xalqını qələbə mifi ilə aldadaraq hakimiyyəti zəbt etmiş “Qarabağ klanı”nın uzunmüddətli təcavüzkar siyasətini davam etdirməsi ölkənin onsuz da həssas və bir sıra amillərdən asılı olan iqtisadi potensialını daha da zəiflətdi, sosial və demoqrafik vəziyyət partlayış səviyyəsinə çatdı. Ermənistanda müharibəyə qədər davam edən daxili siyasi böhran postmüharibə dövründə daha da kəskinləşib. Acı məğlubiyyətdən lazımınca dərs çıxarmamaq, Azərbaycanın sülh təkliflərinə, regionda sabitliyə və inkişafa hədəflənmiş çağırışlara vaxtında və müsbət qarşılıq verməmək düşmən ölkəni çətin seçim qarşısında qoyub. Paşinyan hakimiyyəti başa düşməlidir ki, ya indi işğalçılıq siyasətindən, Cənubi Qafqazda pozuculuq fəaliyyətindən, əsassız ərazi iddialarından əl çəkib bölgə üçün yeni dövrün başlamasını qəbul etməli, ya da Ermənistanın dövlət olaraq mövcudluğunu qorumaq kimi ciddi təhlükə ilə üz-üzə qalmalıdırlar. Ancaq görünən odur ki, Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən axıra qədər dərs çıxarmayıb.
Yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edərək hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasının, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, həmçinin kommunikasiyaların açılması prosesinə start verilməsinin, sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Ermənistan tərəfi tərəddüd edir. Bu isə onu göstərir ki, düşmən ölkənin rəsmi dairələri bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən, başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ali Baş Komandan hər hansı şərtlərə baxmayaraq Ermənistan rəhbərliyinin düzgün seçim etməli olduğunu dedi və xəbərdarlıq etdi ki, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq: “Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq.”
Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə meyillərinin olmasının yaratdığı problemlərə toxunan Prezident İlham Əliyev təəssüflə vurğuladı ki, bunun nəticəsi olaraq ermənilər tərəfindən ötən il ərzində bir neçə dəfə və bu il yanvarın 11-də hərbi təxribatlar törədilib, istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində düşmən ölkənin silahlı qüvvələrinin hərbi təxribat cəhdlərinin qarşısı müzəffər ordumuz tərəfindən qətiyyətlə alınır və hər belə cəhd ermənilərin ağır itkiləri ilə nəticələnir. Dövlətimizin başçısı bildirdi ki, ola bilsin, dünənki təxribatın mənşəyi son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və ermənilər hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər: “Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.”