KÖŞƏ

Mahir Rəsuloğlu

Fürsətcil “sədr” Nikolun növbəti sayıqlaması...

11 yanvar 2022 02:56
1115

Künc zərbəsi

Və ya ermənilərin qoyub qaçdıqları hərbi texnikaların “ikinci baharı”

Ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT)  sədrliyi dönəmində Qazaxıstanda baş verən hadisələr Ermənistanın baş naziri Nikol Paşinyanın da işinə əməlli-başlı yaradı. Ona tapşırılan vəzifəni canla-başla yerinə yetirməyə, özünü “qərar verən” kimi göstərməyə çalışan erməni baş nazir ustalıqla yaranmış fürsətdən düşmən ölkədə əleyhinə yönəlmiş kəskin ittiham və hücumları neytrallaşdırmada istifadə edir, mümkün qədər daxili auditoriyaya “oynayaraq” xal yığmağa çalışır. Ölkəni xüsusilə son vaxtlar bürümüş kəskin siyasi böhran, fasiləsiz etiraz aksiyaları fonunda KTMT xətti ilə fəaliyyəti özünü siyasi fiqur kimi “təsdiqləmək” baxımından Paşinyan üçün göydəndüşmə bir imkandır.

Ermənistanın fürsətcil baş naziri yaranmış vəziyyətdən, eyni zamanda, mümkün qədər Azərbaycanın əleyhinə də yararlanmağa cəhd edir. Ancaq Ermənistan xaric təşkilatən üzvü olan digər dövlətlərin rəhbərlərinin Azərbaycana və onun liderinə olan dost münasibətini bildiyi üçün mümkün qədər ehtiyatlı davranmaq şərtilə. Belə ki, KTMT-nin Təhlükəsizlik Şurasının dünən keçirilən onlayn sammitində çıxış edən Paşinyan Cənubi Qafqazdakı vəziyyəti utanmadan Qazaxıstan hadisələri ilə müqayisə edib. Bildirib ki, təşkilatın məsuliyyət zonasında gərginlik azalmır və iştirakçı dövlətlər yeni təhdid növləri ilə üzləşməkdə davam edir, Ermənistan özü də son vaxtlar xarici terrorçuların təcavüzü ilə üzləşib. Bu uydurmadan sonra erməni baş nazir ardınca, necə deyərlər, sayıqlayıb və təfsilatına varmadan bir cümlə ilə 44 günlük müharibə zamanı guya Türkiyənin Yaxın Şərqdən “radikalları” Qarabağa göndərdiyini iddia edib.

Paşinyan özü də bu dediyinin yalan və böhtan olduğunu, müharibənin gedişi zamanı dəfələrlə ortaya atılsa da heç bir sübut olmadığı üçün ciddi qarşılanmadığını yaxşı bilir. Ancaq bununla həm yuxarıda qeyd etdiyimiz kimi daxili auditoriya qarşısında xal qazanmağa, həm də KTMT-yə üzv dövlətlərin rəhbərləri qarşısında İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətlərini qismən əsaslandırmağa çalışır. Gülünc görünsə belə... Ancaq nə də olsa, bu gün Ermənistan darmadağın edilmiş, əzilmiş ordusundan 70 nəfər tapıb Qazaxıstana “sülhməramlı” kimi göndərib.

... O ordudan ki, müharibənin başa çatmasından bir il iki aya yaxın vaxt keçməsinə baxmayaraq hələ də Azəbaycan əsgəri və polisi Qarabağdan, Şərqi Zəngəzurdan onların qoyub qaçdıqları istifadəyə yararlı silah-sursatları toplamaqla məşğuldurlar. Son olaraq, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilən hərbi mövqelərdən növbəti dəfə müxtəlif silah-sursat aşkar ediblər – 2 “Faqot” və 1 “Kornet” tipli tank əleyhinə idarə olunan raket kompleksi, 2 pulemyot, 4 qumbara, çoxlu sayda güllə və s. Müharibə başa çatandan dərhal sonra açıqlanan rəqəmlər də müzəffər Azərbaycan Ordusunun gücü qarşısında tab gətirməyən ermənilərin qorxaq dovşan kimi qaçarkən bizə nə qədər hərbi qənimət qoyduqlarını sübut edirdi. Bir zamanlar ermənilərin olmuş 5 ədəd “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğuları, 37 ədəd müxtəlif çaplı toplar, 70-ə yaxın minaatan, 93 xüsusi təyinatlı avtomobil, 200-ə yaxın qumbaraatan, 5 ədəd “Şilka” zenit qurğusu, 79 tank və 47 piyadaların döyüş maşını, minlərlə atıcı silahlar, onminlərlə müxtəlif çaplı güllələr və külli miqdarda digər hərbi sursat və ləvazimatlar bu gün artıq Azərbaycan Ordusunun texniki bazasını gücləndirməkdədir. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrinin keçirilən son taktiki-xüsusi təlimlərində hərbi qulluqçularımız 44 günlük Vətən müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələrinin döyüş meydanında atıb qaçdıqları və təmir olunaraq silahlanmaya daxil edilmiş 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğularından istifadə edib, yüksək peşəkarlıq və hərbçi ustalığı göstəriblər. Üstəlik, təlimlərdə istifadə olunan “Zastava”ların quraşdırıldığı MT-LB tırtıllı döyüş texnikaları da ermənilərdən qənimət olaraq ələ keçirilib. Bu və digər sadaladığımız hərbi texnikalar indi peşəkar, cəsur Azərbaycan əsgərinin istifadəsində özünün “ikinci bahar”ını yaşayır.

Bir tərəfdən həm Türkiyə, həm də Azərbaycan ilə münasibətləri normallaşdırmaq, regionda dayanıqlı sülhə nail olmaq meyilləri nümayiş etdirən, yaxud ən azından özünü elə göstərən və bununla da ölkəsini düşdüyü siyasi, iqtisadi və sosial böhrandan çıxarmağa ümid edən erməni baş nazir, digər tərəfdən ənənəvi “məzlum”, “əzilən” erməni, şər və böhtan ustası obrazını da qoruyub saxlayır. Ancaq Nikol Paşinyan heç olmasa həmkarlarının yanında İkinci Qarabağ müharibəsindən danışmağa utanmalıdır, əgər qalıbsa ləyaqətini az da olsa qoruyub-saxlamaq xətrinə...