KÖŞƏ

Mahir Rəsuloğlu

Bir olaq, həmrəy olaq... Ucalsın Azərbaycan!

30 dekabr 2021 21:23
3639

Harada yaşamasından asılı olmayaraq gözəl Azərbaycanımızı Vətəni bilib sevənlərin, azərbaycanlı olmağın qürurunu yaşayanların günüdür bu gün. Bu gün doğma yurdumuzun qayğılarından, acılarından kədərlənənlərin, uğurundan, Qələbəsindən sevinənlərin daha da həmrəy olduğu, yumruq kimi birləşdiyi gündür. Zaman-zaman pozmaq istədilər birliyimizi, ayırmaq, parçalamaq istədilər millətimizi, xalqımızı, Azərbaycanımızı. Ancaq bacarmadılar, bacara bilmədilər! Yurdumuza xor baxanların, həmrəyliyimizi pozmaq istəyənlərin mənfur, xəbis niyyətləriürəklərində, arzuları gözlərində qaldı.

Şanlı Qələbəmizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, mövzu Vətəndirsə, müqəddəs torpaqlarımızın azadlığıdırsa, yurdumuzu yağmalamış yağıyla savaşdırsa yaşından və cinsindən, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşməyi bacarır, müsəlləh əsgərə çevrilir. Düşmənlərimizi pərən-pərən salan, onların havadarlarının planlarını alt-üst edən də məhz bu həmrəyliyimiz, azərbaycançılıq məfkurəsinə sevgimiz oldu.

Dövlətimizin başçısının qətiyyəti, müdrik siyasi kursu, cəsarəti, şanlı ordumuzun rəşadəti, cəbhədə düşmən üstünə cəngavər kimi yürüyən qəhrəman əsgərlərimizin şücaəti ilə yanaşı, həm də dünyanın harasında yaşamasından olmayaraq soydaşlarımızın verdiyi töhfələr şanlı Zəfərimizi təmin edən əsas amillər oldu.

Bəli, dünya azərbaycanlılarının həmrəyliyi Qələbəmizi daha inamlı etdi. Bu müqəddəs savaş zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri danılmazdır.

Azərbaycan xalqının birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsi baxımından 1991-ci ilin 31 dekabrı tariximizin ən əlamətdar və şərəfli səhifələrindəndir. Məhz həmin il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi və dekabrın 25-də qanunverici orqan müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. Həmin vaxtdan bu gün bütün dünya azərbaycanlıları üçün ən gözəl rəsmi bayramdır.

Sevindiricidir ki, həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlının bayramıdır.

Bu gün birlik, həmrəylik bizə həmişəkindən daha çox lazımdır – İşğaldan azad edilmiş Qarabağımızı və Qərbi Zəngəzurumuzu yenidən qurub-yaratmaq, o yerləri cənnətə çevirmək üçün. Düşmənlərin qarşısına daha güclü çıxa bilmək üçün! Bir olaq, həmrəy olaq ki, müqəddəs üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın, Azərbaycanımız daha da inkişaf etsin, daha da ucalsın!

Bir olaq, həmrəy olaq ki, həmişə və hər yerdə həmişə olduğu kimi, milli kimliyimizlə qürurlanaq, Azərbaycanın adı ilə, azərbaycanlı olmağımızla fəxr edək!

Bayramımız mübarək!