Mahir Rəsuloğlu |
Künc zərbəsi
Fransa prezidentliyinə namizəd nə haqla icazəsiz Qarabağa gəlib?
Əgər hələ XIX əsrdə iranlı cadukuni-məşhur, yəni məşhur cadugər dərviş Məstəli Şah işləri korlayaraq “Pariji dağıdıb, altını üstünə çevirməsəydi”, “Qarabağdan yoxdur dünyada!” deyən nəbatat alimi müsyo Jordan gözəl məmləkətimdə Hətəmxan ağanın evində gördüyü qonaqpərvərliyin qarşılığını vermək üçün Şahbaz bəyi özü ilə Fransaya aparacaqdı. Bax onda bəlkə də sonrakı hadisələr tamam başqa cür inkişaf edərdi...
Görəsən, fransızların bitib-tükənməyən erməni sevgisi haradan qaynaqlanır? Niyə zatı-kökü bəlli bu qoca avropalılar özlərini Cənubi Qafqazın üz qarası, yetənə yetib, yetməyənə daş atan, cığal, nankor, xəyanətkar, zatı-kökü bilinməyən tayfasına borclu aparırlar? Niyə Fransanın prezidenti olmaq istəyən hər namizəd mütləq Ermənistana səfər etməli, seçiləcəyi təqdirdə onu “yıxıldığı yerdən ayağa qaldırmağa çalışacağını” deyərək yaltaqlanmalı və niyə özünü ermənilərin dostu kimi aparmağa çalışmalıdır? 67 milyonluq Fransa əhalisinin altmış yeddidə birini də təşkil etməyən, yəni bir ovuc erməni seçicinin səsi üçünmü? Sualların cavabı təəssüf ki, açıqdır.
Teleaparıcı, Fransa prezidentliyinə namizəd Erik Zemmurun ardınca daha bir namizəd Parisin İl-de-Frans regionunun rəhbəri Valeri Pekrezin də Ermənistana səfər etməsi, burada ermənilərə yağlı vədlər verməsi yuxarıdakı cavabsız suallar fonunda normal qarşılana bilər. Daha doğrusu, bilərdi. Ancaq V.Pekrez ölkəmizin qanunvericiliyini və beynəlxalq hüququn normalarını bilərəkdən kobudcasına pozaraq senatın deputatları Bruno Riteyro və Mişel Barnyenin müşayiəti ilə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsinə qanunsuz və gizli səfər edib. Bu barədə məlumat verən “France Televisions”un siyasi şərhçisi Julyen Neni “Tvitter” hesabında yazıb ki, təhlükəsizlik səbəbindən səfər Ermənistanda olan Fransa KİV-ləri tərəfindən işıqlandırılmayıb. V.Pekrez və yanındakılar Qarabağdakı kriminal erməni qruplaşmasının rəhbərləri və xuntanın “dini rəhbəri”, “erməni Qriqorian kilsəsinin Qarabağ üzrə arxiyepiskopu” Parqev Martirosyan ilə görüşüblər, ölmüş erməni əsgərlərinin, həmçinin üzərində faşizmin emblemi çəkilmiş qəbirlərin üzərinə gül qoyublar.
Dünyaya demokratiyadan dərs keçməyə çalışan bir ölkənin siyasətçiləri, parlamentariləri və xüsusilə prezidentliyə namizədi bilməmiş deyillər ki, hansısa müstəqil dövlətin (indiki halda Azərbaycanın) suveren ərazisinə daxil olmaq üçün mütləq yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun icazə prosedurlarından keçmək lazımdır. Əks halda, bu addım qanunsuzdur və əməl cinayət tərkiblidir. Belə ki, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 20-ci maddəsinin 1-ci və 2-ci hissəsində göstərilir ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda hər hansı vasitə ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərmiş, ya da sərhədkeçmə qaydalarını pozmaqla, o cümlədən gizli şəkildə, saxta və ya özgənin sənədləri ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədi keçmiş və ya keçməyə cəhd göstərmiş, həmçinin Azərbaycan Respublikasından qanunsuz getmək məqsədilə xarici nəqliyyat vasitələrinə və ya Azərbaycan Respublikasının xaricə gedən nəqliyyat vasitələrinə minmiş və ya minməyə cəhd göstərmiş şəxslər müstəqil dövlətimizin suveren sərhədini pozmuş şəxslər hesab olunur.
Maraqlıdır, məqsədli şəkildə qanunlara hörmətsizlik edən Valeri Pekrez hansı haqla demokratik bir dövlətin prezidenti olmağa iddia edəcək? Fransanın əyalətlərində gəzib öz dövlətinin və onun əhalisinin problemləri ilə maraqlanmalı olan birinin bizim torpaqlarımızda nə işi var və fransız namizəd nə haqla icazəsiz Qarabağa gəlib?
Faktın daha bir narahatlıq doğuran məqamı isə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlılarının bu qanunsuz səfərə şərait yaratmaları və ya göz yummalarıdır. Axı Laçın dəhlizi belə qanunsuz səfərlər üçün açıq saxlanılmayıb.
İstər fransız prezidentliyə namizəd və yanındakı deputatlar, istər səfərə razılıq verən Ermənistan rəhbərliyi, istərsə də bu qanunsuzluğa göz yumanlar unutmamalıdırlar ki, torpağımıza xoş niyyətlə gələn “müsyo jordanlara” qapımız hər zaman açıq olduğu kimi, belə təxribatları törədənlərə də veriləcək cavabımız var...
P.S. Prezidentliyə namizəd Valeri Pekrezin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfəri ilə bağlı dünən Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Bildirilib ki, seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır.
Xarici İşlər Nazirliyi qanunsuz səfər ilə bağlı Fransa səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb.
Bununla yanaşı, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.