Zahid Rza |
Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı dayanır. Son illər ərzində respublikamızda əhalinin rifahının yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilib.
Sevindirici haldır ki, ölkəmizdə son 4 ildə sosial ödənişlərdə baş verən ciddi artımların mühüm bir istiqaməti əməkhaqları ilə bağlıdır. Hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım bu dövrdə 2,3 dəfə təşkil edib. Habelə orta aylıq əməkhaqqında 37 faiz, median əməkhaqqında 74 faiz artım olub. Həmçinin əmək müqavilələrinin sayı da son 4 ildə 30 faiz artıb. Bütün bu müsbət proseslər nəticədə son 4 ildə əməkhaqqı fondunda da 92 faiz artıma imkan verib və bu göstərici gələn il daha da artacaq.
Məlumdur ki, 2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır. Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi, ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə genişmiqyaslı peyvəndləmə kampaniyasının keçirilməsi, həmçinin 2020-ci ildə əhalinin sosial baxımdan həssas qruplarına maliyyə və sosial dəstək göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi sayəsində mümkün olmuşdur. Bununla yanaşı, qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir. Beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə ölkəmizdə mühüm işlər həyata keçirilir. Bu mənada Prezident İlham Əliyevin 2021-ci il tarixli 16 oktyabr “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir. Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır.
Təbii ki, dünyada və ölkəmizdə davam etməkdə olan bahalaşma, xüsusən də ərzaqın qiymətlərinin yüksəlməsi prosesi əhalinin sosial müdafiəsini gücləndirməyi və gəlirləri artırmağı vacib edir. Düzdür, bu məsələ hökumətin həmişə diqqət mərkəzində olub, əsas prioritetlərindən sayılıb və sayılır. Xüsusən də, son illər ərzində əməkhaqları, pensiya və sosial müavinətlər dəfələrlə artırılıb. Belə ki, ölkədə əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq baxımdan son illər sırasında 2019-cu il xüsusən seçildi və yadda qaldı. Həmin ilin mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paket icra edildi ki, nəticədə minimum əməkhaqqı 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata qalxdı. Birinci göstərici ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi.
Dövlətimizin başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamı ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanmasına təminat yaradıb. İslahatların yeni mərhələsi 2,1 milyondan çox şəxsi əhatə edəcək və bu islahat mərhələsi üçün illik əlavə 1,5 milyard manat vəsait də nəzərdə tutulub. Yeni sərəncamlarla minimum əməkhaqqı 2022-ci ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır.