KÖŞƏ

Mahir Rəsuloğlu

Utanmasan oynamağa nə var ki?..

18 dekabr 2021 01:37
1508

Künc zərbəsi

Ermənistanın yenidən alovlanan rus sevgisi haqqında

İrəvanın Rusiya meydanında Rusiya-Ermənistan dostluğuna abidə ucaldılacaq. Necə də qeyri-səmimi səslənir. Bu ermənilər ki var, çox nankor, yalotu kimi külək hansı səmtdən əssə onun əksinə əyilməyi, işinin xətrinə kimə gəldi yaltaqlanmağı sevən tayfadır. Dostluq, sədaqət, etibar kimi anlayışların yalnız onlara xas fərqli qavrama və yozumu var – dostluq işinə yarayırsa, sədaqət işini aşırana qədər, etibar isə ümumiyyətlə, sıfır. Fakt?

Xatırlayırsınızsa, hələ ötən ay Ermənistan paytaxtında Rusiya ilə münasibətlərin pozulması tələbi ilə çoxminlik mitinq keçirilmişdi. Mitinqin təşkilatçısı olan Ermənistan Milli Demokrat Partiyası şurasının üzvü Vaqe Qasparyan Rusiyanın bu ölkədəki səfirliyi qarşısında əzəli hamilərinin əleyhinə radikal çıxışlar edərək rus xalqına qarşı təhqiramiz fikirlər səsləndirmişdi: “Ermənistan hər zaman Rusiya üçün xırda pul kimi olub. Bu gün anlayırıq ki, Rusiya-Ermənistan dostluğu haqqında əfsanə birdəfəlik gözdən düşüb. Bundan sonra bu, bizim üçün aksiomadır. Biz, erməni xalqı sizə Mixail Yuryeviç Lermontovun “Əlvida, kir-paslı, çirkli Rusiya!” sözləri ilə cavab veririk.”

Bu aksiya noyabrın ayının 9-da keçirilmişdi. Tarix ona görə diqqət çəkir ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin məhz həmin gün görüşəcəkləri gözlənilirdi. Ancaq Rusiyadan üz döndərməklə Qərbdəki havadarlarına, “Soros”a sığınmağa çalışan Paşinyanın qatılmaması səbəbindən görüş baş tutmamışdı. Hər halda, Soçi görüşü ərəfəsində yenidən minlərlə erməninin İrəvanda bu dəfə ABŞ-ın bu ölkədəki səfirliyi önündə Rusiya əleyhinə aksiya keçirərək Amerika Prezidentindən dəstək istəmələri, “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar!”, “Ruslar burnundan uzağı görə bilmirlər, Amerika isə 100 il sonranı proqramlaşdırır!”, “Amerika kömək etmək istəyir, amma ona imkan vermirlər!”, “Bolşeviklər gəldi, ölkəmizi tutdular, dövlətçiliyimizdən məhrum etdilər!” kimi şüarlar səsləndirmələri, Moskva və onun yerli “kuklalarından” şikayətlənmələri də təsadüfi deyildi. Çünki hər iki mitinq müdaxiləsiz baş tutmuşdu və öz əleyhinə keçirilən istənilən, hətta dinc aksiyanı polis gücünə qəddarlıqla dağıdan Paşinyan rusofobiya şüarlarını səsləndirənlərin xətrinə dəymirdi. Hər şey Rusiya əleyhinə proseslərin sadəcə ictimai fikir olaraq formalaşmadığını, hakimiyyətdən “qidalandığını” açıq şəkildə göstərirdi. Ancaq bu dəfə erməni baş nazir, necə deyərlər, “qaça” bilmədi – Soçi görüşü baş tutdu, üstəlik, Paşinyan həm sərhədlərin delimitasiyası və demarkasiyası, həm də kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin reallaşması məslələrində Azərbaycanın Rusiya ilə üst-üstə düşən haqlı mövqeyini qəbul etməli oldu.

Belçikanın paytaxtı Brüssel şəhərində NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilən görüşlər isə Ermənistanın hökumət başçısı üçün tam bir fiasko oldu. Hər iki görüşdə Paşinyana başa saldılar ki, 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il bəyanatlarında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Hətta ermənilərin böyük dostu Makronla görüşdə də cığallıq üçün heç nə əldə edə bilməyən erməni baş nazir İrəvana qayıdan kimi yenidən “rus sevgisi” sərgiləməyə başlayıb və səmt yellərinə müvafiq Rusiyaya doğru “əyilib”. Paşinyan hamisi qarşısında günahını yumaq, onun könlünü almaq üçün hərəkətə keçib – iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın onlayn rejimdə keçirilən 33-cü iclasında İrəvanın Rusiya meydanında Rusiya-Ermənistan dostluğuna abidə qoyulması haqqında qərar qəbul edilib. İclasda, həmçinin Ermənistanda rus dilinin dəstəklənməsinə və Rusiyada erməni dilinin yayılmasına da toxunulub. Ermənistan spikerinin müavini Hakob Arşakyan erməni hərbçilərin geri qaytarılmasında davamlı köməyə görə Rusiyaya minnətdarlıq bildirib və ənənəvi olaraq ağlaşma qurub ki, Ermənistan çətin günlər yaşayır, çoxlu həll olunmamış humanitar problemlər var. Vitse-spiker ikitərəfli münasibətlərə toxunaraq qeyd edib ki, Ermənistan və Rusiya arasında ənənəvi, dostluq əlaqələrinin dərin kökləri var. Xüsusilə, iki ölkəni çoxəsrlik dostluq, mədəni-mənəvi əlaqələr, müttəfiqlik və strateji əməkdaşlıq birləşdirir.

...Ruslar ermənilərin “dostluğunu” da, “sədaqətini” də bilir artıq. Buqələmun kimi istənilən vaxt “rəngini”, mövqeyini və sahibini dəyişməyi bacaran ermənilərin yenidən alovlanan “rus sevgisi” isə buna bənzəyir – utanmasan oynamağa nə var ki?