KÖŞƏ

Zahid Rza

Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi niyə olmasın?!

18 dekabr 2021 02:57
1881

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər Azərbaycana möhtəşəm hərbi, siyasi, diplomatik üstünlüklər qazandırdı. Məhz bunun sayəsində Azərbaycan Soçidə olduğu kimi, Brüssel görüşlərində də mühüm qələbə əldə etdi. Prezident İlham Əliyevin dekabrın 14-15-də Belçika Krallığının paytaxtı Brüsseldə Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində keçirdiyi görüşlər, verdiyi bəyanatlar da bunun əyani təsdiqidir. Bu mənada Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin təkbətək görüşləri regional sülhün bərqərar olunması və sülhün dayanıqlılığının artırılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan Prezidentinin həm Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə, həm də NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi məhsuldar görüşlər ölkəmizin milli maraqları baxımından mühüm əhəmiyyətə malikdir.

Brüssel görüşlərində, eləcə də verilən bəyanatlarda infrastrukturun bərpa edilməsinə, nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xüsusi diqqət yetirildi. Bu məsələlərlə bağlı Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində bir neçə dəfə danışıqlar baş tutub. Ölkəmizin başçısının söylədiyi kimi, bu işçi qrupunun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. Belə ki, hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb.

Mərkəzi Asiya, Xəzər regionu, Aralıq dənizi ölkələrinə çıxış istiqaməti olan, geniş sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə sahib olacaq Zəngəzur dəhlizinin açılması 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. İndi Ermənistan bütün lazımi şəraiti təmin etməli və öhdəliklərini yerinə yetirməlidir. Ötən müddətdə Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə edilib. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Təbii ki, bəzi məsələlər kimi, bu, gələcək müzakirələrin mövzusudur. Ancaq Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eyni formada fəaliyyət göstərməlidir. İstər 2020-ci ilin 10 noyabr, istərsə də 2021-ci ilin 11 yanvar və 26 noyabr bəyannamələrində açıq şəkildə bildirilir ki, Azərbaycan Laçın dəhlizi ilə təhlükəsiz keçidi təmin edir. Eləcə də Ermənistan da Azərbaycana Zəngəzur dəhlizi ilə maneəsiz keçidi təmin etməlidir. Hazırda Laçın dəhlizində gömrük məntəqələri yoxdur. Bu hal Zəngəzur dəhlizində də olmalıdır. Əgər Ermənistan Zəngəzur dəhlizi ilə daşımalara nəzarət üçün gömrük məntəqələrinin quraşdırılmasını təkid etsələr, Azərbaycan da Laçın dəhlizində eyni şərtləri tələb edəcək.

Dekabrın 14-də Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransında dövlətimizin başçısı bildirib ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır: “Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxışı və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisini israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Ermənistanın baş naziri Nikol Paşinyan da bu günlərdə hökumətin iclasında bildirib ki, Azərbaycan Prezidenti ilə dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmaların icrası regiondakı siyasi, iqtisadi mühit, eləcə də təhlükəsizlik mühiti dəyişəcək. N.Paşinyan qeyd edib ki, Prezident İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Arazdəyən- Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub: “Mən Azərbaycanla sazişin əhəmiyyətini həddindən artıq böyütmək istəmirəm. Amma digər tərəfdən, onu qiymətləndirməmək də olmaz. Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə həyata keçirəcəyik. Bölgədəki iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək layihədir”.

N.Paşinyan əlavə edib ki, əgər Ermənistanla Türkiyə arasında müəyyən effektiv dialoq qurulsa, kommunikasiyaların açılmasına nail olunsa, həmin dəmir yolu layihəsi daha böyük miqyas ala bilər: “Yəni bizim bəhs etdiyimiz dəmir yolu Yerasxdan (Arazdəyəndən-Z.R) Gümrüyə və oradan Qarsa qədər mövcuddur. Dəmir yolunun tikintisini başlatmaq, layihələndirmə üzrə ilkin işləri yekunlaşdırmaq, tenderlər elan etmək və digər məsələləri yoluna qoymaq lazımdır”.

Ermənistanın baş naziri, həmçinin bildirib ki, yaxın zamanlara Azərbaycanla Ermənistan daha dar çərçivədə məsləhətləşmələr keçirəcək, qrafiki, görüləcək işlərin yol xəritəsini və digər məsələləri müzakirə edəcək. Ermənistanın baş naziri onu da qeyd edib ki, İlham Əliyevlə ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Tərəflər ümumi yanaşma və baxış nöqtələrini formalaşdırmağa, eyni zamanda, fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.

Göründüyü kimi, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsi ilə regionda yeni reallıqlar yaradan Azərbaycan dünya siyasətinin müəyyənləşməsində həlledici rola malik olan qlobal güc mərkəzləri ilə münasibətlərini milli maraq və mənafelərinə uyğun formalaşdırmaqla bölgədə sülhə, təhlükəsizliyə və əməkdaşlığa böyük töhfələr verir. 30 illik işğalçı siyasət yürütdüyünə görə uzun müddət bütün regional layihələrdən kənarda qalan Ermənistan da Azərbaycanın yaratdığı bu imkanlardan istifadə etmək fürsətini əldən qaçırmamalıdır. Əks təqdirdə…